Hamiləlik normal və təbii bir prosesdir. Bəzi hallarda hamilə olmadan
öncə ana namizədinin orqanizmində olan xəstəliklər və ya hamiləlik
dövründə ortaya çıxan problemlər müxtəlif risklərin yaranmasına səbəb
olur.
Belə hamiləliklərə riskli hamiləlik və ya yüksək riskli hamiləlik
deyilir. Riskli və yüksək riskli hamiləliklər bəzi hallarda ananın və ya
ana bətnindəki dölün sağlamlığını, hətta həyatını təhlükəyə ata bilər.
Riskli və yüksək riskli hamiləliklər mütləq riskli hamiləlik üzrə
mütəxəssis (perinatoloq) tərəfindən daha yaxından nəzarət altında
olmalıdır.
Riskli hamiləliyə nəzarət normal hamiləliyə nəzarətdən fərqlənir.
Hamiləlik nə vaxt riskli adlanır? Riskli hamiləliyin səbəbləri nədir?
- Əgər ananın yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa;
- Anada təzyiq, qalxanvari vəzi, şəkər, ürək, qaraciyər, birləşdirici
toxuma xəstəlikləri, damar və digər orqanlarda hamiləlik dövrünə aid
olmayan, hamiləlikdən əvvəl mövcud olan sistem xəstəliklər varsa;
- Ana çox zəif və ya çox kökdürsə;
- Ana və ata arasında qohumluq əlaqəsi varsa;
- Ana hər hansı bir səbəbdən dərman qəbul edirsə (epilepsiya, psixiatrik xəstəliklər və s.);
- Ana siqaret və ya alkoqol qəbul edirsə;
- Ananın anamnezində təkrarlanan düşüklər varsa;
- Qadının əvvəl heç bir sağlamlıq problemi olmadığı halda, hamilə
qaldıqdan sonra tamamilə hamiləliklə əlaqədar ortaya çıxan problemi
varsa;
Hamilə qadınla əlaqəli hamiləlik dövrü problemləri:
- Hamiləlik diabeti (hamiləlik şəkəri, hestasional diabet);
- Hamiləlik zəhərlənməsi (hamiləliklə əlaqədar yaranan yüksək təzyiq, preeklamsiya, eklampsiya, toksemiya);
- Hamiləlik qanaxmaları (vaginal qanaxma);
- Hamiləlikdə uşaqlıq boynu çatışmazlığı (servikal çatışmazlıq);
- Hamiləlikdə dölyanı mayenin vaxtından qabaq axması (prematur zarların yırtılması);
- Hamiləlikdə vaxtından qabaq doğuş təhlükəsi;
Döllə əlaqəli hamiləlik dövrü problemləri:
- Çoxdöllü və əkiz hamiləliklər;
- Döldə inkişaf ləngiməsi;
- Dölyanı mayenin normadan az olması (oliqohidramnion);
- Dölyanı mayenin normadan çox olması (polihidramnion);
- Rh uyğunsuzluq (Rh Alloimmunizasiya);
- Döldə inkişaf qüsurları (döl anomaliyaları);
Riskli hamiləliyə nəzarət nə üçün vacibdir?
Bir çox qadının hamiləlik dövrünü hər hansı bir problem olmadan
keçirməsinə baxmayaraq, hamiləlik dövründə nə vaxt problemlə qarşılaşa
biləcəyini təxmin etmək mümkün deyil. Hətta normal görünən bir hamiləlik
dövründə belə, sonradan ciddi problemlərin ortaya çıxa bilmə ehtimalı
olduğundan bütün hamiləliklərin mama-ginekoloqun nəzarəti altında olması
böyük əhəmiyyət daşıyır. Bu vəziyyətə bir neçə nümunə göstərmək lazım gələrsə:
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 24-cü həftəsində hamiləlik şəkəri
(hestasional diabet) ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 28 ilə 30-cu həftəsindən etibarən
hamiləlik zəhərlənməsi ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 28 ilə 30-cu həftəsi arasında körpənin
inkişafı ilə bağlı problemlər (körpədə inkişaf geriliyi) ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 11 və 14-cü həftəsi arasında ultrasəs
müayinəsində körpənin ənsə qalınlığının artdığı aşkarlanır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 11 və 14-cü həftəsi arasında edilən
ikili testin nəticəsi yüksək çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın
hamilə qalır. Hamiləlik dövrünün 16 və 20-ci həftəsi arasında aparılan
ultrasəs müayinəsində körpədə bir problem (körpənin ürək və böyük
damarlarında problemlər, daun sindromu olma ehtimalını düşündürən -
sümüklərin qısa olması, bağırsaq exogenliyinin artması, ənsə
qalınlığının artması kimi simptomlar və s.) müəyyən edilir.
Yuxarıdakı nümunələrdə olduğu kimi, problemsiz keçən bir hamiləlik
dövründə hamiləliyə nəzarət əsnasında döl, ana və ya hamiləlikdən
qaynaqlanan bir problem aşkar olunduğu zaman hamiləliyə nəzarət edən
həkim perinatoloqla konsultasiya etməlidir.
Bəzi hamiləlilər isə başlanğıcdan etibarən müxtəlif risklər
daşıyır və bu risklər ananın və dölün sağlamlığına mənfi təsir göstərir.
Bunlara bir neçə nümunə göstərmək lazım gələrsə:
- Şəkərli diabet xəstəliyi olan bir qadın hamilə qalır.
- Təzyiq xəstəliyi olan bir qadın hamilə qalır.
- Qalxanvari vəzi xəstəliyi olan bir qadın hamilə qalır.
- Daha əvvəlki hamiləlikləri təkrarlanan düşüklərlə nəticələnmiş bir qadın hamilə qalır.
Hamiləlik dövrünün əvvəlindən riskli hamiləlik qrupuna daxil olan
qadınlarda hamiləlik dövrü risklərinin əvvəlcədən müəyyən edilib,
müxtəlif tədbirlərlə xoşa gəlməz halların minimuma endirilməsi çox
vacibdir. Bu, ancaq hamiləlik dövrü boyunca perinatoloqlar tərəfindən
lazım olan tezlikdə müayinə (riskli hamiləliyə nəzarət) və təfsilatlı
yoxlamaların aparılması ilə mümkün ola bilər.
Riskli hamiləliyə nəzarət necə aparılmalıdır?
Ananın hamiləlikdən əvvəl mövcud olan bəzi xəstəlikləri hamiləlik
prosesinə və dölə ciddi şəkildə təsir göstərə bildiyi kimi, hamiləlik də
ananın mövcud xəstəliyinin gedişatına və müalicəsinə təsir göstərir.
Qadın hamiləliyi planladığı zaman, yəni hamilə qalmazdan əvvəl ümumi
sağlamlıq problemlərinin olması və dərəcəsi barədə müvafiq sahə həkimi
tərəfindən (daxili xəstəliklər, kardiologiya, nefrologiya və s.) mütləq
konsultasiya olunmalıdır.
Ana namizədinin daha əvvəlki
hamiləliklərinin təkrarlanan düşüklərlə nəticələnməsi səbəbinin məlum
olub və ya olmasından asılı olmayaraq mövcud hamiləliyi də riskli
hamiləliklər kateqoriyasına daxil edir. Əvvəlki düşüklərin həftəsi, necə
olduğu kimi təfsilatlar və qan analizlərinin köməyi ilə mövcud
hamiləliyə nəzarət edilir. Çox erkən düşüklərdə xromosom anomaliyaları,
hamiləliyin 3-6-cı ayı arasındakı düşüklərdə uşaqlıq boynu
çatışmazlığı, hamiləliyin daha irəliləyən aylarında doğuşdan əvvəl
körpə ölümü hallarında isə ananın və ya körpənin xəstəlikləri
araşdırılır.
Şişlərin profilaktikası üçün hamiləlikdən əvvəl və ya
başlanğıcında döşdə kütlə olub-olmadığı,yaxın vaxtlarda bir PAP-smear
(uşaqlıq boynundan götürülən sıyrıntı) edilib-edilmədiyi soruşulmalıdır.
Günümüzdə
dölün inkişaf anomaliyalarına və dölün xəstəliklərinə doğuşdan əvvəl
diaqnoz qoyulması aktuallaşmışdır. Bunun nəticəsi olaraq da artıq ana
bətnindəki körpənin müalicəsi əhəmiyyət kəsb edir.
Riskli hamiləliyə kim nəzarət edir?
Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyildir.
Bu müxtəlif sahələrdən olan həkimlərin ümumi bilik və təcrübələri ilə
həyata keçirilən bir nəzarət formasıdır. Qrupda ginekoloq başda olmaq
üzrə kardioloq, terapevt, həkim-endokrinoloq, diyetoloq, fizioterapevt
və oftalmoloq da olur.
Hamilə qalmazdan əvvəl xəstəliyi olan qadınlar ana ola bilərlərmi?
Qadının hamilə qalmazdan əvvəl mövcud olan yüksək təzyiq, diabet,
qalxanvari vəzi, ürək, böyrək, qaraciyər xəstəlikləri hamiləlik dövrü
boyunca ağırlaşmaya meyllilik göstərir. Qadın hamiləliyi planladığı
zaman,yəni hamilə qalmazdan əvvəl ümumi sağlamlıq problemlərinin
mövcudluğu və ya dərəcəsi barədə müvafiq sahə həkimi tərəfindən (daxili
xəstəliklər, kardiologiya, nefrologiya və s.) konsultasiya olunmalıdır.
Sözsüz ki, bu ümumi sağlamlıq problemləri olan bir qadının ana ola
bilməyəcəyi demək deyildir. Lakin, hamiləlik dövrünü həm ananın, həm də
körpənin sağlam və problemsiz şəkildə keçirə bilməsi üçün hamiləliyə
nəzarət, bu sahədə ixtisaslaşmış həkimlər tərəfindən edilməlidir.
Hamiləlikdən əvvəl bu xəstəliklərdən hər hansı biri olan hər bir qadın
hamilə qalmazdan əvvəl mütləq mütəxəssisə müraciət etməlidir.
Turab Canbaxışov, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri
Lent.az
Salam doktor pemfikus xəstəsi hamilə qala bilərmi və uşağa da keçərmi xəstəlik
Salam hekim ag ciyer xetesi olan adam hamile qala bilermi ve ne qeder risqli ola biler ?
Salam diabet xəstəsi olan ana hamiləliyin neçənci həftəsində qeyseriyyə üsulu ilə əməliyyat olunmalıdır?
Men 6heftelik hamileyem.4heftesinde bilmisem ki hamileyem.o vaxta kimi qrandaksin ve simulator icmisem .men indi hamileliyi pozmaliyam yoxsa saxlamag olar?4heftesunde hamile oldugumu bildim ve dermanlari saxladim.mene meslehet verin
Skalyozu olan biri hamile qala biler? Skalyoz hamilelik dovrunde arta biler?
Hekim salam usağlığ burusunda eroziya var hamile olmağ olur eroziya varsa 2 ildir aile qormuşam
Salam doktor bursilyoz xəstəsi hamilə qala bilərmi və bunun dölə nə kimi təsiri ola bilər.
Hörmetli doktor,bes 3 defe hamile olub ve her defe de eyni sebebden uşaqların telef olmağının sebebi ne ola biler?3 uşaq üçü de 6 ayında yaranan ödem neticesinde ana betninde telef olur.Sizin yaninizda da olmuşam.Dölyani mayeden de analiz etmisiniz cavab yaxşi çixdiği halda eyni problemi yaşadim.Bu haqda ne deye bilersiniz?