Ukrayna 2022-ci ildə Buçada törədilmiş cinayətlərdə iştirakda şübhəli bilinən rus komandirinə rəsmi şəkildə ittiham elan edib.
Bakupost.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə “Global Rights Compliance” təşkilatının bəyanatına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Ukrayna prokurorlarının “Buça işi” üzrə ilk dəfə sıravi hərbçilərə deyil, məhz komandirə ilk ittihamıdır.
Söhbət Balaşixa sakini, 28 yaşlı komandir Yuri Vladimiroviç Kimdən gedir. Məlumata görə, Buçada törədilən 17 qətl və dörd “işgəncə” epizodunda Kimin iştirakı ilə bağlı şübhələr var.
Şahid ifadələrində bildirilir ki, Kim Ukrayna ordusuna yardım etdiklərinə görə şübhəli bilinən şəxsləri tutmaq və öldürmək barədə əmr verib.
Həmçinin iddia olunur ki, Yuri Kim cinayətlərin izlərini gizlətmək üçün bəzi meyitlərin yandırılması barədə göstəriş verib.
“Agentstvo” adlı nəşr xatırladır ki, Kimin adı Buça hadisələri ilə əlaqədar ilk dəfə 2024-cü ildə hallanıb. O zaman yerli sakin Slidstvo.info saytına bildirib ki, əvvəllər Donbasda xidmət edən oğlu Vladimirin axtarışı ilə bağlı beş rus hərbçisi, o cümlədən Kim onun evinə basqın edib.
Hərbçilər onun xidmətə qayıtdığını sübut edən məlumatlar axtarıblar və onun telefonunda rus mövqelərinin görüntülərini tapıblar. Vladimir həmin fotoları Ukrayna tərəfinə göndərirmiş.
Bundan sonra Vladimir Rusiya hərbçilərinin ələ keçirdiyi evlərdən birinə aparılıb. Sonra ana oğlunun başından güllələnərək öldürüldüyünü öyrənib.
“Agentstvo” nəşri sızdırılmış məlumatlara istinadən yazır ki, Kim 2018–2021-ci illərdə Rızan Ali Hava-Dessant Komandanlığı Məktəbindən maaş alıb.
Nəşrin məlumatına görə, Buça hadisələrindən sonra – 2023-cü ildə – rus hərbçi “BMW X3” avtomobili üçün sığorta rəsmiləşdirməsi aparıb. Belə avtomobillərin qiyməti 2,3 milyon rubladan başlayır. Onun bu avtomobili necə əldə etməsi isə açıqlanmır.