Azərbaycanda çayxanada Ukrayna-Rusiya müharibəsi ilə bağlı aparılan müzakirə qanla bitib.
"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, hadisə Yardımlıda qeydə alınıb.
Belə ki, çayxana sahibi, 1979-cu il təvəllüdlü İmanzadə İlqar Ataş oğlu bu mübahisə sonunda müştərini bıçaqlayıb.
Məlum olub ki, üç nəfər müştəri qismində çayxanaya gəlib və Ukrayna-Rusiya müharibəsi danışaraq öz aralarında mübahisə ediblər. 10 il Ukraynada yaşadığını bildirən İlqar İmanzadə, iki ölkə arasında gedən döyüşün onlara aidiyyətinin olmadığını, müştərilərə çayxanada siyasət və müharibədən danışmağa ehtiyac olmadığını deyib.
Bu zaman sonradan zərərçəkmiş şəxs olan müştəri ona cavab qaytarıb, İlqar isə stəkanları masadan yığaraq onlara çay verməyəcəyini bildirib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb və İlqar limon doğradığı bıçaqla müştərilərdən birinə - Kərim Hüseynzadəyə üç bıçaq zərbəsi vurub.
Hadisədən sonra tərəflər arasında barışıq olub, zərərçəkmişin müalicə xərcləri qarşılanıb. Buna görə də bıçaqlanan müştəri çayxana sahibindən şikayətçi olmayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxə hökm oxunub. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən İ.İmanzadə 6 il azadlıqdan məhrum edilsə də, onun cəzası 4 il təyin olunmaqla şərti hesab olunub.