Ru
17:48 / 13 Aprel 2026

Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək?

Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək?
Eye

Azərbaycanda Çin avtomobillərinin qiymətində 2025-ci ilin sonu ilə müqayisədə 1000-2000 manat civarında ucuzlaşma müşahidə olunur.

Hazırda "Changan" və "Geely" kimi markalar, xüsusilə də geniş təchizatlı krossoverlər 1000-2000 manatlıq endirimlə daha cəlbedici qiymətə təklif edilir.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Bazkupost.az-a bildirib ki, Çin maşınlarının ucuzlaşması həmin nəqliyyat vasitələrinə marağın azalmasından qaynaqlanır:

“Keçən ilin sonlarına doğru güzəştlərin ləğvi məsələsi gündəmə gəlməmişdən satışla məşğul olanlar ölkəyə yetərincə çox avtomobil gətiriblər. Onlar da güzəştlərdən faydalanmaq üçün bunu müxtəlif fərdi şəxslərin adlarına rəsmiləşdirirdilər. İndi isə həmin avtomobillər satılmayaraq yığılıb qalıb. Nəticədə satış qiymətləri aşağı salındı ki, rəqabətə davam gətirə bilsinlər”.

Ekspert deyir ki, sözügedən tendensiya bazarın mövcud konyunkturasına uyğunlaşma prosesidir:

“Fərdi avtomobil satışı ilə məşğul olan şəxslər lazımi qədər vəsaiti investorlardan alır. Həmin investorlar isə 2025-ci il ərzində qoyduqları vəsait müqabilində 10-15 günə avtomobilin satılması ilə müəyyən qazanc götürürdülər. Amma sonrakı dövrlərdə ölkəyə daha çox avtomobilin gəlməsilə həmin investorlar qoyduqları pulu bir neçə ay ərzində çıxara bilmədiklərindən satışla məşğul olanlardan prosesin sürətləndirilməsini tələb etmək məcburiyyətində qaldılar. Ona görə də hamı avtomobilləri mənfəət əldə etmədən dəyər-dəyməzinə satmağa başladı”.

Həmsöhbətimizin sözlərinə görə, iyun-iyul ayına qədər bu tip Çin avtomobillərinin satışı başa çatarsa, ondan sonrakı dönəmdə bazarda yeni, normal qiymətlər formalaşacaq və stabilləşmə baş verəcək:

“Amma hazırkı dönəmdə yaranmış durum həm rəsmi diler bazarına, həm də fərdi satışla məşğul olanlara ziyandır. Bu da istər-istəməz bazardakı dinamikanı aşağı salır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar