Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nofəl Cəbrayılovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakupost.az Pravda.Az-a istinadla xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 1 200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttiham aktına görə, hadisə 14 may 2025-ci il tarixdə, saat 13:15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən dönərxananın qarşısında qeydə alınıb.
Belə ki, Nofəl Cəbrayılov dönərçi işlədiyi sözügedən dönərxanaya gələn müştəri, zərərçəkmiş Səlim Kərimli (adı və soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin sifariş verdiyi dönərin pulunu verməməsi olub.
Sonra Nofəl zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, ona fiziki zor tətbiq edib və yumruqla sol qoltuqaltı nahiyəsindən vuraraq bədən xəsarəti yetirib.
Daha sonra Nofəl Cəbrayılov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.