Ru
12:35 / 17 Oktyabr 2025

Qərbi Kaspi Universitetində jurnalistlər üçün mediatur təşkil olundu

Qərbi Kaspi Universitetində jurnalistlər üçün mediatur təşkil olundu
Eye

Qərbi Kaspi Universitetində jurnalistlər üçün mediatur təşkil olunub.

Bakupost.az xəbər verir ki, tədbirin əsas məqsədi universitetin son illərdə əldə etdiyi nailiyyətləri, həyata keçirilən yenilikləri və təhsil mühitində aparılan inkişaf proseslərini mediaya təqdim etmək olub.

Tədbirdə media nümayəndələri ilə yanaşı, universitetin professor və müəllim heyəti də iştirak edib.

Mediatur zamanı universitetin son illərdə əldə etdiyi uğurlar haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Qərbi Kaspi Universiteti tədris keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və tələbələrin inkişafına yönəlmiş layihələrlə diqqət çəkir.

Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov bildirib ki, universitet 35 ilə yaxındır fəaliyyət göstərir və bu illər ərzində təhsil sistemini dünyanın qabaqcıl təcrübəsinə uyğun şəkildə quraraq peşəkar və rəqabətqabiliyyətli kadrlar hazırlamağı qarşısına məqsəd qoyub: “Əsas hədəf ölkəsini dürüstlük və sağlam düşüncə ilə təmsil edən, cəmiyyətdə hörmət qazanan məzunlar yetişdirməkdir. Biz bu nailiyyətə, demək olar ki, çatmışıq. Təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində nüfuzlu şirkətlərdə aparıcı rəhbər vəzifələrdə bizim tələbələr çalışır. Gələcəkdə də bunun davam edəcəyinə şübhə yoxdur. Biz bunun üçün çalışırıq və əldə etdiyimiz hər bir kiçik nailiyyət bizim üçün böyük uğur deməkdir”.

Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti bu gün 63 ixtisas üzrə 5000-dək tələbəyə əyani və qiyabi təhsil proqramları əsasında tədris imkanı yaradır. Universitetin tərkibində 7 fakültə (məktəb), 18 kafedra və 11 şöbə fəaliyyət göstərir. 275 müəllimin çalışdığı ali məktəbdə 72 nəfər elmlər doktoru və professor, 42 nəfər isə dosentdir.


Universitetin idarəetmə və struktur modeli müasir ali təhsil konsepsiyasına uyğunlaşdırılır. Maddi-texniki baza gücləndirilir, müxtəlif sahələr üzrə laboratoriyalar yaradılır, tədris metodikası beynəlxalq standartlara əsasən yenilənir. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə idman zalı, texnopark və müxtəlif klublar fəaliyyət göstərir. Tədbir iştirakçıları, həmçinin universitetin yeni tədris korpusları, laboratoriyalar və tələbələr üçün yaradılmış müasir şəraitlə yaxından tanış olublar.

Qərbi Kaspi Universiteti beynəlxalq əlaqələrinə də xüsusi önəm verir. “Xaricdə təhsil” layihəsi çərçivəsində tələbələr qısa və uzunmüddətli proqramlarla xaricdə təhsil ala bilirlər.

Bundan əlavə, universitet Böyük Britaniyanın “Coventry University” və “London School of Business and Finance”, İsveçrənin UBIS, Çexiyanın isə NEWTON Universiteti ilə ikili diplom layihələri həyata keçirir. Qərbi Kaspi Universiteti irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələr üçün açıqdır.

Universitet elmi fəaliyyətin və tədqiqat işlərinin inkişafı istiqamətində də son illər bir çox addımlar atıb. Universitetin Elmi Kitabxanası artıq “ProQuest Central” multidissiplinar akademik məlumat bazasına giriş imkanı təqdim edir.

Bu platforma 100-dən artıq elmi sahəni əhatə edir və “Springer”, “Sage”, “Cambridge Press”, “Elsevier”, “Emerald”, “Springer Nature” kimi dünyanın aparıcı nəşriyyatlarının resurslarını bir araya gətirir.
Ətraflı


Tədqiqatçılar üçün daha bir yenilik süni intellekt dəstəkli ProQuest Research Assistant (PRA) alətidir. Bu sistem araşdırma prosesini asanlaşdıraraq mövzu üzrə daha dəqiq axtarış aparmağa, materialları analiz etməyə və elmi işlər üçün ən uyğun mənbələri müəyyənləşdirməyə imkan verir.

Ümumiyyətlə, Qərbi Kaspi Universiteti son illərdə elmi tədqiqat sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Universitetin alim və tədqiqatçıları tərəfindən aparılan elmi işlər dünyanın ən nüfuzlu platformalarından biri olan “Scopus” bazasında indekslənir.

Statistik göstəricilərə əsasən, universitetin elmi nəşrlərinin 22,5 faizi mühəndislik, 12,7 faizi fizika və astronomiya, 10,8 faizi materialşünaslıq, 10,1 faizi isə kənd təsərrüfatı və bioloji elmlər sahələrinə aiddir. Bununla yanaşı, kimya, ekoloji elmlər, kompüter elmləri və enerji üzrə də mühüm nəticələr əldə olunub.

Əgər 2022-ci ildə cəmi 8 elmi məqalə dərc olunmuşdusa, bu rəqəm 2023-cü ildə 72-yə, 2024-cü ildə 1 212-yə, 2025-ci ildə isə artıq 1 713 məqaləyə çatıb. Bu artım universitetin qlobal elmi məkanla əlaqələrinin genişlənməsi, beynəlxalq əməkdaşlıqların güclənməsi və tədqiqat mühitinin stimullaşdırılması ilə bağlıdır.

Universitetin beynəlxalq elmi nüfuzunun artmasının göstəricilərindən biri də xarici alimlərin əməkdaşlıq təşəbbüsləridir. İtaliya, Pakistan və digər Avropa ölkələrindən olan tədqiqatçılar universitetin layihələrinə qoşulur, birgə məqalələr yazır və elmi jurnalların redaksiya heyətlərində iştirak edirlər.

Universitetdə bir sıra ixtisaslaşmış tədqiqat mərkəzləri fəaliyyət göstərir. Bunlara Material Elmləri və Texnologiyaları üzrə Beynəlxalq Tədqiqat Mərkəzi, Həyat Elmləri Resurs Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, Gender Araşdırmaları Mərkəzi, eləcə də Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutu daxildir. Hazırda sonuncu institutun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) ilə birlikdə buzlaqların ərimə və azalma proseslərini araşdırır.


Universitet tələbələrinin müxtəlif beynəlxalq müsabiqə və yarışmalarda qazandığı uğurları da xüsusi vurğulanıb. Tədbirdə həmçinin universitetin xarici ölkələrdə həyata keçirdiyi təhsil mübadiləsi proqramları və tələbələrin beynəlxalq səviyyədə qazandıqları uğurlar barədə də ətraflı məlumat verilib.

Mediaturun sonunda jurnalistlərin sualları cavablandırılıb və universitetin gələcək planları barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi kimi 1991-ci ildə təsis edilən Qərbi Kaspi Universiteti bu gün beynəlxalq təhsil ailəsinin fəal üzvlərindən biridir. Universitet dünyanın aparıcı təşkilat və assosiasiyaları ilə əməkdaşlıq edir, tələbələrinə Avropa və ABŞ universitetlərində təhsil almaq imkanı yaradır.

Qərbi Kaspi Universiteti müasir texnologiyalar və qlobal standartlara əsaslanaraq multikultural dəyərlərə sadiq, liderlik bacarıqlarına malik peşəkar kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar