Ru
23:39 / 17 Fevral 2026

Eldar Əzizovun uzağa püskürən töhməti – Bəs “qulağın dibi”nə nə vaxt çatacaq?

Eldar Əzizovun uzağa püskürən töhməti  – Bəs “qulağın dibi”nə nə vaxt çatacaq?
Eye

Eldar Əzizovun rayon icra başçılarına verdiyi töhmət və xəbərdarlıqlar bu gün bütün medianın manşetinə çıxdı.


Bakupost.az bildirir ki, şəhər rəhbərinin proseslərə nəzarət etməsi, tənqid və tənbeh mexanizmini işə salması prinsip etibarilə müsbət addımdır.


Üstəlik, bundan əvvəl Prezident İlham Əliyevin cəmi 47 gün vəzifədə olmuş icra başçısını işdən çıxarması və ardınca sərt tənqid etməsi, görünür, Eldar müəllimi də hərəkətə gətirib. Buna sevinmək olar: deməli, paytaxtda nəhayət məsuliyyət hissi oyanır.

Amma burada ciddi bir sual yaranır.

Qısa müddətdə ildırım sürəti ilə qanunsuzluqlar edən, rüşvəti az qala onqat artıran həmin 47 günlük icra başçısına görəsən, Eldar müəllim tərəfindən əvvəlcədən hər hansı xəbərdarlıq edilmişdimi?

Eyni sual başqa bir nümunə üçün də keçərlidir. İşdən çıxarılan, bundan sonra qanunsuzluqları ilə bağlı kəskin tənqidlər yayılan Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov barədə hansısa mərhələdə ölçü götürülmüşdümü?

Bu suallardan doğan daha vacib bir sual: Bu proses ucqarlardan yox, qulağın dibindən niyə başlamadı?

Səbail, Nəsimi, Yasamal, Nərimanov, Binəqədi, Xətai rayonlarında illərdir hamının gözü qarşısında baş verənlər sirr deyil: səkilərin zəbt olunması, birinci mərtəbələrin obyektə çevrilməsi, həyətlərin “kommersiya zonası”na transformasiyası, sənədsiz tikililər, “qapı açmalar”…

Və ən əsası, icra hakimiyyəti, şəhərsalma və FHN əməkdaşlarından ibarət, “tikintiyə nəzarət” adı altında formalaşmış mütəşəkkil qrupların yaratdığı qeyri-qanuni mexanizmin şəhər rəhbərliyinə çatmadığını düşünmək sadəlövhlük olar.

Bakı bu gün faktiki olaraq tikinti meydanıdır. Xeyli hissəsi də qaydasız, sənədsiz və “razılaşma yolu ilə”.

Belə olan halda sual açıq qalır: niyə bunlar görünmür? Niyə bu sistem toxunulmaz qalır, cəza isə yalnız bir-iki “uzaq” rayonun payına düşür?

Yaxını görməyib uzağı aydın seçən göz xəstəliyinin adı nə idi – hipermetropiya?

Əgər məqsəd doğrudan da Bakını qaydaya salmaqdırsa, selektiv addımlar yox, sistemli təftiş lazımdır: əvvəl icazə verən zəncir, sonra icra edənlər.

Qısası, cəza başlamışkən, yaxşı olar ki, cəzalanmaq haqqı olanlar növbədə çox gözləməsin…

Azər
Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar