Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalını, ixracını, istehsalını, saxlanılmasını, topdan və pərakəndə satışını, istifadəsini qadağan edən, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tütün və tütün məmulatı haqqında” qanun qüvvəyə mindi.
Bakupost.az xəbər verir ki, elektron siqaret qida, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş, müştük, yaxud digər komponentləri, o cümlədən kartrici, flakonu olan, yaxud olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Azərbaycan Prezidentnin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.
Həkim pulmonoloq Əsəd Beydullayev Bakupost.az -a bildirdib ki, bu qərar sevindirici oldu:
“Mövzu bu gündən, bu andan getmir. Elektron siqaretlərin vurduğu zərəri 15-20 il sonra görəcəkdik. Ümid edirəm ki, bu qadağa gələcəkdə ola biləcək patologiyaların qabağını aldı. Elektron siqaretdən çox danışılır ki, insanlar zərər bilsinlər. Bu siqaretlər tərkibində yandırıcı cihazı olan və kimya maddələrdən ibarət, eyni zamanda içində nikatin olan qurğudur. Əslində, inhalyatr cihazıdır. Dolayısıyla, bir maddəni aerozol dispers hala gətirir və biz də onu qəbul edirik. Bunun da adını qoyuruq, elektron siqaret. Bu çox gözəl qablaşmada qlamur, gözəl görünür və insan elə gəlir ki, həqiqətində bu yaraşıqlı əşya faydalı və zərərsizdir. Çox təəssüf ki, belə deyil. Əvvəlki elektron siqaretlər adi bildiyimiz ənənəvi siqaretlərin analoqu, əvəzedicisi kimi kəşf olunmuşdu. Amma zaman göstərdi ki, bu belə deyil və yetərincə ciddi zərərli tərəfləri var. Birinci növbə içində olan fərqli kimyəvi maddələrdir ki, bunlar xronik xəstəlikləri – xüsusən asma, xronik asma, əgər insan uzun illər siqaret çəkibsə, xroniki obstruktiv ağciyər xəstəliyini (KOAH) kəskinləşdirə bilər.
Və yaxud çəkilən ortamda uşaqlar varsa, onların da səhhətində problem yarada bilər. Bundan əlavə, 2019-cu ildə Amerikada ilk dəfə təyin edilmiş “Evali” adlanan xəstəlik var, hansı ki, sırf elektron siqaretlər səbəbindən meydana gəldiyi təsdiqləndi. Bu xəstəlik əsasən ölümlə nəticələnir. Sadəcə 90 gün elektron siqaret çəkmək bəs eləyir ki, “Evali”yə tutulasan. Və çox təəssüf ki, az tanındığına görə, bəzi həkimlər bunu adi pnevmaniya qəbul edə bilərlər. Bu da xəstəni daha ağırlaşmış hala gətirə bilər. Ona görə bütün bu halların nəzərə alıb elektron siqaretlərin dayandırılması bizim gələcək nəsillərə verəcəyimiz sağlamlıq töhfələrindən biri oldu. Ümid edirəm ki, günün birində bu qadağa ənənəvi siqaretlərə və elektron siqaretlərin qadağan olunmayan digər formalarına aid olacaq. Tanrı insanı yaradarkən onun ağciyərini yalnız təmiz hava üçün nəzərdə tutub. İnsanın ağciyərinə cürbəcür tüstülər, rənglər, ətirlər və qoxular getməməldir. İnsan bədəni üçün bu stress faktorudur və zamanla da sözünü deyir”.
Elektron siqaretin tütün siqaretlərdən fərqini, hansını daha ziyanlı olduğunu açıqlayarkən doktor Əsəd Beydullayev bildirib ki, bunu müqayisə kimi ayırmaq olmaz:
“Fərqi yoxdur sizi bahalı, yoxsa ucuz silahla öldürdülər. Nəticə hər iki halda insanın məhvinə səbəb olur. Hər ikisinin zərəri hardasa bərabərdir. Bəs niyə elektron siqaret daha zərərli hesabı olunur? Çünki qlamur görüntüsü olduğu üçün qadınlar və uşaqlar bunu daha zərərsiz sayır daha rahat istifadə edirlər. Bu ən acınacaqlı vəziyyət yaradır. Bildiyiniz kimi də qadınların və uşaqların orqanizmi kişilərdən daha zərif və zəifdir. Siqaret də onlarda daha ağır fəsadlara səbəb olur. Çünki ənənəvi siqaretlər haqqında az da olsa neqativ fikirlər var. Amma elektron siqaretlərin qablaşması, iyi, qoxusu onlar haqqında xoş bir fikir yaradır. Bu da qorxuludur, çünki zamanla ciddi fəsadlara gətirib çıxaracaq”.
Cavid, BakuPost