Ru
17:33 / 13 Sentyabr 2021

“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük

3132

Şirvani Ədilli


Adına görə ilk baxışdan məhəbbət romanı təəssüratını yaradan bu əsərin mövzusu əslində daha çox vətənpərvərliklə bağlıdır. Əsərdə Birinci Dünya müharibəsi (1914-18) və Azərbaycan Cümhuriyyəti (1918-20) dönəmlərində Azərbaycandakı ictimai-siyasi və mədəni durum və cərəyan edən proseslər tarixi reallıqlara uyğun şəkildə öz əksini tapmışdır.


Əsərin baş qəhrəmanı Əli xandır. O, 1890-cı illərin sonlarında Bakıda varlı bir ailədə doğulub. Bu ailə adlı-sanlı Şirvanşirlər nəslindəndir. Bu nəslin igid döyüşçüləri Nadir şahın Hindistan yürüşündə, Ağa Məhəmməd Şah Qacarın Xorasan, Zənd və Tiflis yürüşlərində iştirak edərək qəhrəmanlıqlar göstəriblər. Hətta Əli xanın ulu babası, Abbas Mirzə Qacarın qoşunları tərkibində Gəncə yaxınlığında ruslara qarşı döyüşdə qəhrəmancasına həlak olub. Əli xanın hazırda Tehranda yaşayan əmisi isə Nəsrəddin şah Qacardan “Əsəd-əs-Səltənə” (“Səltənətin aslanı”) fəxri adını almışdır. Göründüyü kimi əsərdə bir nəsil vasitəsi ilə Azərbaycan-türk dövlətləri olan Avşar və Qacar imperatorluqları və rus əsarətinə düşmüş Quzey Azərbaycan birləşdirilir və Azərbaycan türklərinin böyük dövlətçilik tarixinə malik olduğu nəzərə çatdırılır.

Bakıda rus gimnaziyasında təhsil alan Əli xan yaxınlıqdakı qız gimnaziyasında oxuyan gözəl bir gürcü qızı Nino Kipianiyə aşıq olur. Adlı-sanlı gürcü knyazları nəslindən olan bu qız da onu sevir. Əsərdə fərqli mədəniyyətlərin daşıyıcıları olan bu gənclərin sevgi münasibəti həm də Qərb və Şərq mədəniyyətləri arasında olan ziddiyyətlərin üzə çıxarılması üçün gözəl bir vasitə rolunu oynayır. Belə ki, Əli xanla Nino arasında Qərb-Şərq mədəni ziddiyyətləriylə bağlı tez-tez mübahisələr düşür. Nino gələcək ailə həyatlarının hansı ənənələrə əsaslanacığı haqqında Əli xana tez-tez suallar verir. Əli xan vətəni Azərbaycanı, o cümlədən doğma şəhəri Bakını çox sevir. Müasir rus gimnaziyasında Avropa təhsili alsa da Şərqin türk-müsəlman ənənələrinə də bağlıdır və bu ənənələrin faydalı olduğunu yeri gəldikcə əsaslandırmağa çalışır. Məsələn, o çadranın və örtülü geyimin faydalı tərəflərini Ninoya belə izah edir: "...Çadranın xeyri çoxdur. Çadra qadını günəşdən, tozdan və yad baxışlardan qoruyur. ...Qadın gərək yalnız öz ərinin xoşuna gəlməyə çalışsın, başqasının yox. Açıq sifət, lüt çiyinlər... – bunların hamısı bir şey vəd edir və bu vədi qadın yerinə yetirməlidir. Çünki qadında bu qədəri görən kişi daha çox görmək istəyir. Kişini elə arzulardan “qorumaq” üçün isə çadra mövcuddur”.

Aralarında mübahisələrin düşməsinə baxmayaraq Əli və Ninonun biri-birini sevməsi və Əli xanın müasir düşüncəyə malik olması və mötədil mövqe tutması onlar arasındakı problemləri qismən də olsa həll edir.

Əli xanın ailəsi və yaxınları nə qədər qatı müsəlman ənənələrinə bağlı olsalar da, onun bir xristian qızı ilə evlənməsinə etiraz etmirlər. Ninonun atası da öncə bu izdivaca razı olur. Ninonun anası isə qızının bir müsəlmana ərə getməsi ilə razılaşmır və ərini də bu fikirdən daşındırır. Lakin Əli xanın varlı Qarabağ ermənilərindən olan bir dostu – Naxararyan vasitəçilik edərək Ninonun valideynlərini bu izdivaca razı sala bilir.

Əli xan gimnaziyada oxuduğu illərdən vətəninin rus əsarətində olduğunu bilir, Rus imperiyasının ruslaşdırma siyasəti aparması, digər xalqların ana dillərinə yasaq qoyması, rusların özlərini başqa xalqlardan, xüsusən də Şərq xalqlarından üstün tutması onu narahat edir. O, rus müəllimlərinin Rusiyanı və Avropanı yüksəldib Asiyanı aşağılamasını qəbul etmir və müəllimə əks arqumentlər gətirir. Ruslara qarşı bu münasibət həm də onun aid olduğu Şinvanşirlər nəslinin tarixçəsindən də irəli gəlir. Belə ki, yuxarıda qeyd olunduğu kimi onun ulu babası Qacar qoşunları tərkibində Gəncədə məhz ruslara qarşı döyüşdə qəhrəmancasına şəhid olmuşdu.

Birinci Dünya Müharibəsi başlayanda Əli xan Rusiya tərəfindən müharibəyə getməkdən imtina edir. Çünki bilir ki, vətəninin və xalqının əsas düşməni elə Rusiya dövləti özüdür. Müharibənin gedişində Osmanlı dövləti Rusiyaya əks cəbhədən müharibəyə qoşularaq bütün müsəlmanları cihada çağıranda isə Azərbaycan əhalisi dini məzhəb fərqinə də varmadan hamılıqla Osmanlı dövlətinə dəstək verir və sultanın elan etdiyi cihada qoşulmağa hazır olduğunu göstərir. Bu zaman Əli xanın Rusiya üçün döyüşməkdən imtina etməsinin nə qədər doğru addım olduğu öz dostları və yaxınları yanında təsdiqini tapır.

Əli xanın qatı şiə dindar dostu Seyid Mustafa Azərbaycanın şiə əhalisinin sünni Osmanlı dövlətinə necə dəstək verdiyinə təəccüblənəndə Əli xan ona belə deyir: “Türklər də bizim tayfadandır, biz eyni dildə danışırıq. İkimizin də damarlarında Turan qanı axır. Bəlkə buna görə xəlifənin bayrağı altında ölmək daha asandır...”. Bu sözlərdən sonra Seyid Mustafa soruşur: “Get Altay dağlarına, daha uzaqlara, Sibir hüdudlarına kimi səyahət et – orada kimlər yaşayır? Bizim dilimizdə danışan, qanımızdan olan bizim kimi türklər. Onlar ...bütlərə sitayiş edirlər. ...Əgər günlərin birində oralarda yaşayan yakutlar, yaxud altaylar qüvvələnib bizə qarşı müharibəyə başlasalar onda biz şiələr eyni qandan olduğumuz üçün bu bütpərəstlərin qələbəsinə sevinməliyik?” Əli xan ona sualla da cavab verir: “Bəs nə edək, seyid! ...Türklərə qarşı vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmmədin adı ilə biz çarın xaçını xəlifənin hilalına qarşı müdafiə etməliyik?”

Müharibə cəbhəsinin Qafqaza da yaxınlaşdığı bir vaxtda Əli xanın, öz pullarını götürüb Avropaya qaçmaq istəyən həmin varlı etməni dostu Naxararyan gözlənilmədən Ninonu götürüb qaçır. Naxararyan bir vəhşi müsəlmana ərə getməkdənsə ona ərə getməyinin daha yaxşı olduğuna Ninonu inandırır. Nino öncə etiraz etsə də sonra razılaşaraq müqavimət göstərmir. Lakin hadisədən xəbər tutan Əli xan yolda onlara çatır və Naxararyanı tutub öldürür. Ninonu isə qaytarıb evlərinə göndərir.

Bu hadisədə ermənilərin xain və etibarsız xisləti ifşa olunur. Eyni zamanda burada bəlkə də bir gürcü qızının nə qədər sevsə də öz nişanlısına Azərbaycan qızları qədər sədaqətli olmayacağına işarə edilmişdir.Nino sonra öz səhvini başa düşür və polisin təqibindən Dağıstanda ucqar bir kənddə sığınacaq tapmış Əli xanın yanına gedir. Orada öz səhvini etiraf edir və şəriət qanunları ilə öldürülməyə də hazır olduğunu bildirir. Əli xan isə Ninonu bağışlayır və elə orada da kəbin kəsdirərək onunla evlənir. Bir müddət sonra Rus Çarının devrilməsi və ölkədə anarxiyanın yaranması xəbərini alan Əli xan Nino ilə birgə vətənə qayıdır.

Əsərdə bir neçə dəfə Azərbaycanın vətən və millət qeyrəti çəkən imkanlı şəxslərinin xalqın dar günündə yığışaraq Azərbaycanın taleyini müzakirə etmələri əks olunur. Bu yığıncaqlarda Əli xan və onun atası, Fətəli xan Xoylu, Əli və Mirzə Əsədulla qardaşları, Musa Nağı və b. da iştirak edirlər. Müzakirələrdə əsas təhlükə kimi ruslar göstərilir və onlara qarşı mübarizənin yolları araşdırılır. Nəticədə Bakının müdafiəsi üçün müəyyən qədər pul, silah-sursat və əsgər toplamağa nail olurlar.

Nəhayət Bakıda rus-erməni birləşmələri ilə qanlı döyüşlər başlayır. Əli xan bu döyüşdə pulemyotçu kimi şəxsən iştirak edir. Hətta düşmənlə əlbəyaxa da olur. Lakin Bakını qorumaq mümkün olmur, şəhər talan edilir və kütləvi qırğınlar törədilir. Əli xan özü də yaralanır və ailəsi ilə birlikdə dəniz yolu ilə Tehrana gedir və bir müddət orada əmisinin malikanəsində yaşayır.

Əli xan Tehranda mətbuat vasitəsiylə Quzey Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və Osmanlı ordusunun Gəncəni və Bakını azad etməsini səbirsizliklə gözləyir. Hətta sərhəd bağlı olduğundan Quzeyə gedib döyüşlərdə iştirak edə bilmədiyinə təəssüflənir. Nəhayət Gəncə və sonra Bakı azad olunur. Əli xan dərhal ailəsi ilə birlikdə Bakıya qayıdır.

Azərbaycanda müstəqil milli dövlətin qurulduğu bu dövrdə Əli xan keçirdiyi sevinc və xoşbəxtlik hislərini belə ifadə edir:“İndiyədək adət etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü və mən yeni dövlət gerbini, uniformanı, vəzifə və qanunları birdən sevməyə başladım. Birinci dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir və keçmiş müəllimlərim də mənə ehtiramla salam verirdilər”.

Bu dövrdə Bakı küçələrində Turan mahnısı oxunur, orduda və əhalidə bütün türk xalqlarının birliyi – Turançılıq əhvalı hökm sürür.Əli xan bu hadisələri belə təsvir edir: “...türk zabitləri ...Ənvərdən və damarlarında türk qanı axan bütün insanları birləşdirəcək Turan imperiyasından danışırdılar. Mən onların söhbətlərinə çox böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu mənzərə gözəl və unudulmaz yuxu qədər cazibədar idi. ...Qürur və razılıq hissi bürümüşdü bizi. Biz sünnilərlə şiələr arasında bütün fərqləri unudub paşanın əlini öpməyə və osmanlı xəlifəsi üçün ölməyə hazır idik”. Göründüyü kimi romanda türk xalqlarının birliyi ideyasına xüsusi yer verilir. Bütün Türk xalqlarının məzhəb ayrıseçkiliyini kənara qoyub birləşməsi və düşmənlərə qarşı birgə mübarizə aparması ideyası ən düzgün yol kimi göstərilir.

Əli xan milli hökumətin başçısı Fətəli xan Xoylunun təklifi ilə Xarici İşlər nazirliyində məsul vəzifədə işləməyə başlayır. Hətta xarici qonaqların rəsmi qəbulları da Əli xanın Avropa üslubunda yeni təmir etdirdiyi mənzilində təşkil olunur. Əli xanaParis konsulluğunda işləmək də təklif olunur. O isə doğma vətəninə və Şərq mədəniyyətinə o qədər bağlı olur ki, yad mühitdə yaşaya bilməyəcəyini bildirərək Parisə getməkdən imtina edir

Təəssüf ki, vətənin xoş günləri çox da uzun çəkmir. Dünya müharibəsinin nəticələrinə görə Osmanlı qoşunları Azərbaycanı tərk etməli olduqdan sonra onların yerinə ingilis qoşunları gəlir. Bir müddət sonra ingilis qoşunları da Azərbaycanı tərk edir və yenidən rus təhlükəsi vətənin başının üstünü alır.

Əli xan arvadı və körpə qızı ilə birlikdə Gəncədə olarkən rusların Bakını işğal etdiyi, milli hökumətin süquta uğradıldığı və rus qoşunlarının Gəncəyə yaxınlaşdığı xəbərini alır. Əhali tərəfindən Gəncənin müdafiəsi üçün tədbirlər görülür. Gəncənin müdafiəsində milli orduya şahzadə Mənsur mirzə Qacar rəhbərlik edir. Əli xan arvadı və körpə qızını təhlükəsizlik üçün Tiflisə – Ninonun valideynlərinin yanına göndərir. Özü isə Gəncənin ruslardan müdafiəsində iştirak etmək üçün orada qalır. Bir neçə gün gedən qanlı döyüşlərdən sonra Gəncə də ruslar tərəfindən işğal edilir. Əli xan bu döyüşlərdə qəhrəmancasına həlak olur.

Məhəbbət mövzulu əsərlərdə adətən sevgililər ya qovuşmur, ya əsərin sonunda qovuşur, ya da qovuşub ayrılıb, sonda yenə qovuşurlar. Burada isə artıq əsərin ortalarında sevgililər o qədər də böyük əngəllərlə rastlaşmadan qovuşurlar və əsərin sonunadək birgə yaşayırlar. Bu isə sırf məhəbbət mövzulu əsərlərə xas süjet deyil. Halbuki, əsərin baş qəhrəmanı Əli xanın iki dəfə vətənin rus işğalçılarından müdafiəsində şəxsən döyüşərək iştirak etməsi və sonda həlak olması bu əsərin daha çox vətənpərvərliyi təbliğ edən bir əsər olduğunu deməyə əsas verir.

Romanda Azərbaycanın və qonşu ölkələrin folkloru, o cümlədən adət-ənənələri, və xalq ədəbiyyatı haqqında xeyli məlumat var. Bu baxımdan da əsər çox dəyərlidir. Özü də brada Şərqin türk-müsəlman əhalisinin milli dəyərləri yüksək tutulur, bəzən gerilik kimi qəbul olunan bir çox ənənələrinin faydalı tərəfləri də izah olunur. Ümumiyyətlə, əsərdə Qərbin elmi-texniki cəhətdən Şərqdən daha çox inkişaf etdiyi göstərilsə də, Şərq heç vaxt aşağılanmır. Əksinə, Şərqin bir çox ənənələrdə Qərbdən üstün olduğu vurğulanır. Məsələn, Əli xanın Qacar şahı ilə Avropaya səyahət etmiş əmisi qadın və ailə məsələləri haqqında Avropanı və Şərqi müqayisə edərək bu fikirləri deyir:“...Baxın görün avropalıların nəzərində qadın nə qədər alçaq səviyyədə durur! Kişilər onların lüt bədənini bütün dünyaya göstərirlər, amma onlarla nəzakətli rəftar edə bilmirlər. ...Avropalılar bizə ona görə nifrət edirlər ki, biz dörd arvad saxlaya bilərik, halbuki çox vaxt onlar dörddən çox arvad saxlayırlar...”. Yaxud Şərq mədəniyyətinə bələd olan bir ingilis məmurunun dilindən bu sözlər deyilir: “...Şərq mədəniyyətinin saf qaydalarının itib getməsini, müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz əcdadlarının adətlərinə hörmət etməmələrini görmək insana əzab verir...”

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qurban Səidin (Y.V.Çəmənzəminli) “Əli və Nino” romanı milli dövlətçilik və milli azadlıq mübarizəsi tariximilzin, milli mədəniyyətimizin təbliği baxımından çox böyük dəyərə malikdir. Sevindirici haldır ki, belə bir əsər dünyanın 60-dan çox ölkəsində nəşr olunub, sevilib və şöhrət qazanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər