“Əli və Nino” kitab mağazaları şəbəkəsi Bakı Ekspo Mərkəzində keçirilən XI Beynəlxalq Kitab Sərgisini tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli məlumat verib.
Onun sözlərinə görə, bu addım onlara qarşı hörmətsizlik səbəbindən atılıb:
“Təəssüf ki, “Əli və Nino” sərgini tərk etməyə məcbur oldu. Bizə qarşı edilən bu təhqiri həzm edə bilmədik. Nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət dəyişmir”
Nigar Köçərlinin sözlərinə görə, danışıqlara baxmayaraq, onlara ayrılan yerin artıq başqa təşkilata verildiyi məlum olub:
“Bu il bizə verilən yer sərgi salonunun sonunda olsa da, razılaşdıq və minlərlə kitabı, endirim kampaniyalarını hazırlayaraq sərgiyə qatıldıq. Lakin sonradan həmin yerin başqa təşkilata vəd edildiyi bildirildi.Nazirliyin əməkdaşları əvvəlki razılaşmaları inkar etdilər.Bu zaman "Qanun" və biz qərara aldıq ki, sərgini tərk edək.Çox pis vəziyyətdə idik. Qarşımızda çox çətin dilemma var idi. Biz gediriksə, bəs 20-dən çox müəllifin imza saatı və təqdimatı necə olacaq? Elə yazıçı var ki, ilboyu bu hadisəyə hazırlaşırdı. Hələ çəkilən xərcləri, komandamızın əziyyətini demirəm.
Nəticədə Şahbaz bəylə qərara gəldik - biz qalırıq, imza günləri davam edir, "Əli və Nino" üçün isə koridorda bir neçə masa açdıq və kitabları düzdük. Durum o qədər təhqiredici idi ki, utandığımdan heç banneri da açmadım.
Məyus və aşağılanmış vəziyyətdə ofisə qayıtdıq. Sonra başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, Qanun işinə davam etsin, biz isə ("Əli və Nino") sərgini tərk edək".
Lalə, Bakupost