Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.
Bu barədə
Bakupost.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
"Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.
Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.
Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.
Əlavə olaraq bildiririk ki, əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir.
Etik davranış qaydalarının VI bölməsinə əsasən:
“Həkimlərin tibbi xarakterli çıxışları yalnız elmi-praktik məzmun daşımalı, reklam xarakteri daşımamalıdır. Həkim öz vəzifəsindən hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği üçün istifadə etməməlidir.”
Bu cür çəkilişlər eyni zamanda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinin tələblərinə ziddir və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə uyğun olaraq:
Vəzifəli şəxslər 300–500 manat,
Hüquqi şəxslər isə 1000–2000 manat məbləğində cərimə oluna bilər.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sosial şəbəkələr və media vasitəsilə bu kimi hallar barədə ictimaiyyəti və tibb müəssisələrini daim məlumatlandırır və xəbərdarlıq edir", - məlumatda deyilib.