Azərbaycanda çevriliş cəhdinin qarşısı alınıb. Keçmiş Prezident Aparatının rəhbəri, hələ Heydər Əliyev dövründən nüfuz sahibi olan Ramiz Mehdiyev saxlanılıb. Şayiələr gəzir ki, Mehdiyevin çevriliş planı barədə Əliyevə Düşənbədə məhz Putin məlumat verib.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni politoloq Ara Arayan deyib.
“Qəribədir: Rusiya-Azərbaycan münasibətləri gərgin idi, amma Putin belə bir addım atdı. Eynilə bir vaxtlar ruslar aralarındakı ciddi ziddiyyətlərə baxmayaraq, Ərdoğana da “əl uzatmışdılar”.
Deyirlər, vaxtilə Türkmənbaşı Niyazovu uzaqlaşdırıb Berdiməhəmmədovu hakimiyyətə gətirmək planı ruslara aid idi. Özbəkistanda güclü prezident İslam Kərimov da rusların köməyi ilə uzaqlaşdırıldı, Qazaxıstanda Nazarbayev Tokayevlə əvəz olundu, Qırğızıstanda bir neçə dəfə hakimiyyət dəyişikliyi oldu – yenə Rusiyanın dəstəyi ilə”, - A.Arayan qeyd edib.
O vurğulayıb ki, Kremlin Əliyevlərə sədaqəti isə sarsılmazdır:
“Kreml həmçinin Mərkəzi Asiya diktatorlarına və Belarus Prezidenti Lukaşenkoya xüsusi hörmət göstərir. Ermənistana isə tamamilə başqa, sayğısız və düşməncəsinə bir münasibət var. Ermənistandakı istənilən antihakimiyyət qüvvə təşviq edilir və istifadə olunur. Bu vəziyyət hələ Levon Ter-Petrosyan dövründən bəri dəyişməyib. İstər hakimiyyət, istərsə də müxalifət rusların sadiq əlaltılarıdır. Bəs problem nədədir? Yoxsa biz türkmənlərdən, azərbaycanlılardan, qırğızlardan daha zəif xalqıq?
Ermənistan bəlkə də keçmiş Sovet ölkələri arasında yeganə bankrot ölkədir ki, heç bir dövlət əmlakına sahib deyil. Ölkənin nə yeraltı sərvətlərinin, nə də sənaye sahələrinin sahibi dövlətdir”.