Ru
15:48 / 25 Aprel 2026

Fərhad Xəlilov, lütfən bizi aldatmayın! - VİDEO

Fərhad Xəlilov, lütfən bizi aldatmayın! -  VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 21-ci buraxılışının yazılı variantını təqdim edir.

– Baş nazirin mülklərinin siyahısı...

Həftəmizin ən böyük gündəmlərindən biri Baş nazirin mülklərinin siyahısının, demək olar ki, bütün mətbuat orqanlarında açıqlaması oldu. Yəqin, aidiyyatı qurumlar bu barədə araşdırma aparacaq, ona görə mən bu barədə dəqiq heç nə deyə bilmərəm, ancaq bəzi müşahidələrimi sizinlə bölüşmək istəyirəm. İndiyə qədər çox şəxlərin mülklərinin siyahısı açıqlanıb. Onlar əsasən ya vəzifədən çıxarılan, ya da nisbətən aşağı vəzifə daşıyan adamlar olub. İlk dəfədir bu ranqda bir məmurun hakimiyyətə yaxınlığı bilinən saytlarda mülkləri açıqlanır. Məni burda narahat edən iki nüans var. Birincisi, bizim arxetipdə xalqın geniş mal-mülk qazanan vəzifə sahiblərini bağışlaması, onlara ciddi etiraz etməməsidir. Hətta içimizin dərinliklərində bir balaca həsəd də doğur: kaş biz özümüz də, yaxud övladımız da babat vəziyə gedib çoxlu var-dövlət qazanaydı. İkincisi və daha vacibi, sanki kənardan kimsə bu prosesləri idarə edir və vəzifə sahiblərinə deyir ki, özünü düz apar, yoxsa mülklərinin siyahısını açıqlayacam. Elə bil problem yüksək çinli məmurun ağlagəlməz sərvət qazanması deyil, onun mətbuatda açıqlanmasıdır. Halbuki açıqlandı-açıqlamadı, mətbuatda getdi-getmədi, hər hansı qanun pozuntusu zamanında araşdırılmalı və ölçü götürülməlidir.

Trampın 8 qadını edamdan xilas etməsi...

Donald Trampın açıqlamalarının qeyri-ciddiliyi getdikcə artır. Bəzən elə təəssürat yaranır ki, bu, qəsdən belə edir. Sonra görürsən, yox, avantüra onun təbiətindədir. Yadınızdadırsa bir gecə bir sivilizasiyaya son qoyacağı haqqında kəskin bəyanat vermişdi və həmin axşam İranla atəşkəs elan olundu. Bu 180 dərəcə çevrilmək də deyildi, elə çevrilmə idi ki, ölçü-biçiyə sığmırdı. İndi daha bir absurd iddia ilə çıxış edir. Guya İranda etiraz aksiyalarında həbsə atılan 8 qadını edamdan azad edib. Halbuki İran tərəfi nəinki belə bir razılaşmanın, hətta edam niyyətinin olmadığını bildirir. Yəni, qarşımızda taleyimizi həll edən iki yalan üz-üzədir. Nə o tərəfə, nə bu tərəfə inanmaq olur.

Təbii, bu məsələdə ən ciddi problem İranın qapalı sistem olmasından irəli gəlir. Avtoritar sistemlərdə, diktaturalarda, qapalı cəmiyyətlərdə konspiroloji nəzəriyyələr çox geniş yayılır. Yəni, nə desən, yeri var. Bir cəmiyyət ki mətbuata qapalıdır, beynəlxalq hüquqa qapalıdır, vəytəndaş cəmiyyətinə qapalıdır, ona nə desən yaraşır. Görünür, Tramp da reallıqdan istifadə edərək, Amerikanın xilaskar obrazını yaratmağa çalışır.

– Müəllimə onu güllələyən şagirdi bağışladı...

Viktor Hüqonun “Səfillər” əsərini yəqin oxumusunuz. Əsər necə başlayır: Keşiş Miriel gümüş şamdanları oğurlayan bir katorqalını bağışlayır və bu humnaist addım onu İsa Məsih səviyyəsinə qaldırır. Biz bu gün belə bir obraz yaratsaq, oxucu bizə inanarmı? İnanmaz. Çünki oxucu bu gün bu cür yaxşılıqlara inanmır. Bəlkə, dahi Viktor Hüqo bu günü gördüyü üçün həmin obrazı yaratmışdı.

“İdrak” liseyində güllələnən Şəhla müəllimənin öz şagirdini bağışlaması xəbərini oxuyan kimi məndə xoş duyğular yarandı. Lakin insanların hadisəyə reaksiyasını görəndə xəyal qırıqlığına uğradım, hətta tez qərar verdiyimə görə özümü qınadım. Əsasən münasibət bundan ibarət idi: ya pul veriblər, ya da qorxudaraq susdurublar. Çox axtardım, müəllimənin şagirdini səmimi şəkilkdə bağışladığına, bu humnaist addımın onun içindən gəldiyinə bir nəfər də inanan yox idi. Bu nə vaxtsa indi adını çəkmək istəmədiyim bir millət vəkili haqda yazdığım statusu yadıma saldı. Üzərinə düşən ictimai məsuliyyəti yerinə yetirə bilməyəndə, onu fərdi yaxşılıqlarla kompensasiya etməyə çalışan humanist bir qələm adamıdır. Ancaq sosial şəbəkələrdə ünvanına o qədər tənqid, hətta təhqir yağdırdılar ki, bir gün gördüm insanlara çox qəzəblidir və üstünə qaçanlara kömək etmək istəmir. Mən həmin insanın şəxsində yaxşılıqların yorulduğunu gördüm. İnsanın ətrafı o qədər çirkaba batır ki, yaxşılıqlar yavaş-yavaş yorulur və insan yavaş-yavaş yaxşı əməllərdən aralanır. Nəticədə bu gün klassik mənada anlıadığımız yaxşı insnalara nadir hallarda rast gəlirik. Rast gələndə də çox zaman yorğun görürük. Şəhla müəllimənin öz şagirdini bağışlaması ilə bağlı müzkirədə mən bir daha bu acı reallığın şahidi oldum və içimdən dərin bir təəssüf hissi keçdi.

– Yazar və müğənni paradoksu...

Həbsxanada ağır xəstəlik tapan jurnalist Əvəz Zeynallı müalicəsinə vəsait düzəltmək üçün Elmlər Akademiyasının parkında kitab satışı kampaniyasına başladı. Tədbiri izlədim. Daha çox gələn ictimai aktiv insanlar və jurnalistlər idi. Həmin vaxt tam təadüfən müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın bir videosu qarşıma çıxdı, Rusiyada yaşayan azərbaycanlıların toyuna 6 min manata getdiyindən fəxrlə danışırdı. Əvəz Zeynallı Azərbaycan reallığında nə qədər mümkünsə, o qədər azad jurnalistdir və ömrünün çox hissəsini xalqın dərd və qayğılarının ictiamiləşməsinə sərf edib. Heç kimin çantasını götürməyib, heç kimin təbliği ilə məşğul olmayıb. Bu gün isə həmişə mənafeyini qoruduğu xalqa möhtac qalıb. Həyatı onun əlindədir. Bəs xalq nə edir? Orta səviyyədən də aşağı bir müğənninin saatına 6 min manat xərclədiyi halda, Əvəz müəllimin kimyaterapiyasına nə isə vermək istəmir. Gəlin Azərbaycandakı bu reallığa Tanrının eynəyi ilə baxaq: belə bir qövmə kömək eyməyə dəyərmi? Çəkinmədən deyirəm: qətiyyən!

– Xalq rəssamı Fərhad Xəlilovun müsahibəsi...

Bu həftə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun müsahibəsi yayımlandı və mən bu müsahibəni çox diqqətlə oxudum. Niyə diqqətlə oxudum? Fərhad müəllim nadir insanlardandır ki, 1987-ci ildən eyni vəzifədə işləyir. Özü də yaradıcı bir qurumda. Başqa bir analogiya da var. Yazıçılar Birliyi. Lakin bu illər ərzində Anar müəllim haqda yazılan tənqidləri toplasaq, on cildlik kitab alınar. Fərhad müəllim haqqında isə heç vaxt ciddi bir tənqidi yazı görməmişəm. Təsəvvür edin, otuz doqquz il vəzifədə işləyirsən, bir dəfə də tənqid olunmursan. Bunun üçün ya sözü gedən sənət sahəsi tamamilə ölü vəziyyətə düşməli, ya da Fərhad müəllim ideal bir insan olmaıdır. Şəxsən mən ikinciyə o qədər də inanmıram.

Van Qoq 37 yaşında rəhmətə gedib. Dünyada rəssamlığın istiqamətini dəyişən bir dahi... Fərhad Xəlilovun məmurluq stajı onun ömründən uzundur. Belə bir adam deyir ki, mənim bir dəqiqəm yaradıclıqdan kənarda deyil. İki min beş yüz-üç min üzvü olan sovetdənqalma bir təşkilata qırx ilə yaxın sədrlik elə, həm də yaradıcılıqdan bir dəqiqə də aralanma – bu, necə ola bilir? Belə çıxır ki, bütün günü işdə oturub rəsm çəkir. Anar müəllim bu mənada daha səmimidir. Deyir, mən yardıcılıqla yalnız məzuniyyətə çıxanda məşğul oluram. Fərhad müəllim isə bunun əksini deyir. Eyni zamanda deyir ki, emalatxanam Nardarandadır, iş ofisim Bakıda. Məncə, Fərhad Xəlilovun məmurluğu ilə yaradıcılığı arasındakı məsafə Bakı ilə Nardaran arasından da uzaqdır.

Müsahibədə başqa bir fəlakətli məqam da vardı. Müxbir sual verir ki, bu illər ərzində Rəssamlar İttifaqına başqa bir namizəd olmayıbmı? Deyir, iki-üç il əvvəl keçirilən qurultayda özüm bir gənc namizəd irəli sürmək istədim, lakin gördüm idarə edə bilməyəcək. Bilirisiniz bu nəyə bənzəyir? Stalin ata getsə, Sovet İttifaqı batacaq.

Ümumi söhbətləri də ad almaq, ev almaq, təqaüd almaq və pusluz sərgi keçirməklə bağlıdır. Yəni yalnız maddi məsələlər. Haradasa 40-50-ci illərin söhbətləri... Halbuki dünyada rəssamlıq ədəbiyyatdan da həssas bir sahədir və bir çox yeni cərəyanlar ilk dəfə bu sahədə yaranıb.

Ən faciəvisi mərhum Mircavad Cavadovla bağlı dedikləridir. Deyir, biz sol mövqedə idik; mən idim, Mircavad Cavadov idi... Halbuki Mircavad Cavadov sovet vaxtı çərçivələrə sığmadığı üçün 6 ay həbs olunmuşdu. Heç vaxt konyunkturaya boyun əymirdi. Məmurlaşmış sənəti, yaltaqlanan sənət admlarını qəbul etmirdi. Buna görə həmişə gözdən-könüldən uzaqda, diqqətdən kənarda qalmışdı. Bir məşhur söhbəti var. Çingiz Aytmatov – bilirsiniz, onlar dost olublar – deyir, Mircavad, olmazmı sistemlə dil tapasan, sərgilərini keçirəsən? Mircavad deyir, Çingiz ağa, sizcə bu variant mənim ağlıma gəılməyib? Sadəcə xarakterim yol vermir. “Əsrə bərabər gün”ü yazan və manqurt obrazını yaradan yazıçıya master klass keçir!

İndi də bir çox sənət admları bu yollarla irəli gedirlər, elə bilirlər, xüsusi istedadları var, çox ağıllıdırlar... Siyasi hakimiyyətin qoltuğunda qabağa getmək hamının ağlına gəlir, sadəcə şəxsiyyəti olan sənətkarların xarakteri buna imkan vermir. Və belə bir adam haqda qırx ilə yaxın Rəssamlar İttifaqının sədri işləyən bir adam deyir ki, mən idim Mircavad Cavadov idi...

Bu mənada növbəti fikri təsadüfi deyil. Müxbirin sualına cavab olaraq hazırda əncir ağacları çəkdiyini deyir. Müxbir bir də sualın üstünə qayıdır. Yeri gəlmişəkən, müsahibəni götürən gənc yazıçı Nihad Pirdir və söhbətləri bir az bildiyi üçün yaxşı suallan verir. Deyir, sizcə nə üçün əncir ağacı çəkirsiniz? Fərhad müəllim sadəcə bir səbəb göstərir: Abşeronda əncir ağacları çoxdur. Müxbir isə deyir ki, Abşeronda zeytun da çoxdur... Fərhad müəllimin, türklər demiş, devrələri yanır. Məlum olur ki, doğrudan da yaradıcı ovqatdan çox-çox uzaqdır. Yoxsa heç olmasa qısaca deyərdi ki, əncir ağacının Azərbaycan xalqının düşüncəsində çox mistik yeri var. Onu müqəddəs sayırlar. Kəsmirlər. Üstəlik, Quranda “Əncir” surəsi var. Budda əncir ağacının altında aydınlanıb. Adəmlə Həvva ilk dəfə əncir yarpağına bürünüb. Bu sadəcə eriotik bir ayin deyil, insanın utanmaq hissinin formalaşması ilə bağlı məsələdir.

Fərhad müəllim bu qədər geniş mövzudan bir kəlmə də danışa bilmir. Çünki sovetdən qalan təşkilatda rəssamlıq kimi yeniliyə həssas bir sahəyə qırx il rəhbərlik edən şəxs bir dəqiqə də bu ovqatı yaşaya bilməz. Nəinki hər dəqiqə...

Fərhad müəllim, lütfən, bizi aldatmayın.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar