Xaricdə yaşayan bəzi "söyüş bloggerlərinə" qiyabi məhkəmə cəzası kəsirlər, Azərbaycan hökuməti bu addımla onlara çox böyük yaxşılıq edir, onların Avropada qalıb "fəaliyyət" göstərməsini istəyir - çünki, onlar bu sistem üçün çox vacib funksiya yerinə yetirirlər.
Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib.
O, Avropada miqrasiya qanunlarının sərtləşdiyini bildirib:
"Bloger"lərin bir çoxu nə dil bilir, nə o cəmiyyətə inteqrasiya olunub, heç düz-əməlli sənədləri də yoxdur. Yəni, hökumət doğrudan da onların Azərbaycana gətirilməsində maraqlı olsaydı, hüquqi yollar tapardı, amma sərf etmir, onlar Avropada qalmalı, müxalifətçiliyi gözdən salmağa davam etməli, Bakıdan, bəzi məmurlardan gələn sifariş və vəsaitlə "kompromatlar" yaymalıdırlar. İndi onlara qarşı artıq qiyabi həbs qərarları varsa, heç bir Avropa dövləti onları Azərbaycana verməz, nə də sənədlərinin səhv olduğuna, inteqrasiya olmadıqlarına görə deportasiya etməz - bunu, bəyəm bizim hökumət bilmirmi? Bilirlər, məhz ona görə də belə qərarlar alıb, onların Avropada qalmasına çalışırlar.
Hökumətə yaxın siyasətçi (elə deyək) canlı yayımların birində yaxşı söz demişdi: "Xaricdə dövlət əleyhinə plakat yapışdıranların "kley" pulu Bakıdan gedir".
Asena,
BakuPost