Yaponiyanın Science şirkəti qeyri-adi yeni məhsulun - "İnsan gələcəyinin paltaryuyan maşını" kimi tərcümə olunan Mirai Ningen Sentakuki kapsulunun kommersiya istehsalına başladığını elan edib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hazırlanması altı il çəkən cihazın qiyməti təxminən 60 milyon yen və ya 385.000 dollar olacaq. Yalnız əlli ədədin istehsalı planlaşdırılır.
Təfərrüatlar
İnsanı "yumaq" ideyası yeni deyil. 1970-ci ildə Sanyo şirkəti Osaka Expo sərgisində ultrasəs təmizləyicisini təqdim edib və bu, o dövrdə böyük sensasiyaya səbəb olub. Həmin prototip hələ də Osakadakı Panasonic muzeyində retrofuturizm abidəsi kimi qorunur. Müasir versiya xeyli daha mürəkkəbdir və yarım əsr əvvəl ağlasığmaz olan texnologiyalardan istifadə edir.
Yeni kapsulun əsasını mikroköpük sistemi təşkil edir. Çılpaq gözlə görünməyən bu kiçik qabarcıqlar dərinin məsamələrinə dərin nüfuz edərək effektiv təmizləmə təmin edir. Tərtibatçıların sözlərinə görə, mikroköpüklər mənfi yüklüdür və müsbət yüklü çirk hissəciklərini cəlb edir, sonra isə çirklərlə birlikdə suyun səthinə yavaş-yavaş qalxır.
Amma məsələ bununla bitmir.
Kapsul istifadəçinin biometrik məlumatlarını - ürək döyüntüsü, stress səviyyəsi və digər göstəriciləri - onun kürəyindən oxuyan sensorla təchiz olunub. Bu məlumatlara əsasən sistem yuma prosesini real vaxt rejimində tənzimləyir: su axınının gücünü tənzimləyir, daxili divarlara sakitləşdirici görüntülər çəkir və istifadəçinin əhval-ruhiyyəsinə uyğun musiqi seçir.
Maşının istifadəsi asandır: hündürlüyü 2,6 metr, uzunluğu 2,5 metr və eni bir metr olan kapsula daxil olun, uzanan oturacağa oturun, qapağı bağlayın və proses başlayır. On beş dəqiqədən sonra tamamilə təmiz və quru çıxacaqsınız, çünki maşın həm də qurutma cihazı kimi fəaliyyət göstərir. Yaradıcılar bunu sadəcə yuma deyil, əsl evdə spa təcrübəsi kimi təsəvvür edirlər.
Science şirkətinin əvvəlcə kapsulaları geniş ictimaiyyətə satmaq planı olmayıb. Lakin, builki Osaka-Kansai Expo sərgisindən sonra, cihazı sınaqdan keçirmək üçün 40.000-dən çox ziyarətçinin müraciət etdiyi tədbirdən sonra şirkət planlarını dəyişdirib. Kommersiyalaşdırmaya həmçinin öz müəssisəsi üçün model almaq istəyən amerikalı kurort sahibinin müraciəti səbəb olub.
Bu günə qədər Osakada adı açıqlanmayan otellərdən biri qonaqları üçün kapsul sifariş edib. Başqa bir cihaz isə məişət texnikası şəbəkəsi Yamada Denki tərəfindən alınıb. Şirkət müştəriləri cəlb etmək üçün kapsulu Tokionun İkebukuro rayonundakı LABI1 LIFE SELECT flaqman mağazasına quraşdırmağı planlaşdırır.
"Science"nin sözçüsü Saçiko Maekura şirkətin prezidentinin on yaşlı bir oğlan uşağı ikən gördüyü 1970-ci il prototipindən ilhamlandığını izah edib.
"Bu maşının cəlbediciliyinin bir hissəsi onun nadir olmasıdır, ona görə də biz cəmi əlli ədəd istehsal etməyi planlaşdırırıq", - o vurğulayıb.
Şirkət qeyd edir ki, layihənin məqsədi sadəcə bədəni təmizləmək deyil, həm də mənəvi bərpa üçün bir məkan yaratmaqdır. Bu cihazla Science yalnız fiziki təmizliyə deyil, həm də zehni sağlamlığa qayğı göstərən bir cəmiyyət qurmağı hədəfləyir.
Kapsulun şəxsi istifadə üçün satılması planlaşdırılmır - qiyməti və konsepsiyası otellər, spa mərkəzləri və pərakəndə satış məkanları üçün nəzərdə tutulub. Bununla belə, maraqlanan hər kəs dekabrın 25-dən etibarən Tokiodakı Yamada Denki mağazasında futuristik "insan paltaryuyan maşını" ilə tanış ola biləcək. Şirkət sınaq sessiyalarının təfərrüatlarını daha sonra açıqlayacağına söz verir.
Bu texnologiyanın populyarlıq qazanıb-qazanmayacağı bəlli deyil, lakin Yapon tərtibatçıları əmindirlər: gələcək texnologiya və istirahətin əl-ələ verdiyi sağlamlığa hərtərəfli yanaşmadır.