Böyük Britaniyada yetkinlik yaşına çatmamış məhkumlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində işçilər getdikcə daha çox zorakı hücumlarla üzləşirlər.
Bakupost.az "Daily Mail"ə istinadən xəbər verir ki, son altı ay ərzində Feltham həbsxanasında çalışan bir nəzarətçi iki dəfə zorakılığa məruz qalıb.
İlk insident zamanı terrorçuluqda ittiham olunan 18 yaşlı Natan Rut ona bıçaqla hücum edərək qulağını kəsib. Beş ay sonra isə başqa bir yeniyetmə həmin nəzarətçiyə hücum edərək onu huşunu itirənə qədər çayniklə döyüb.
Həmin məhbus əvvəllər də başqa bir zabitə hücum edərək onu yerə yıxıb və döyüb. Zərərçəkən beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həbsxana rəsmilərinin sözlərinə görə, bu cür hadisələr artıq nadir hal deyil.
Ədliyyə Nazirliyi nəzarətçilərə özünümüdafiə məqsədilə bibər qazından istifadə etməyə icazə verib. Lakin bütün müəssisələr bu vasitələrlə təmin olunmayıb. İşçilər hökumətin səssizliyindən narazı olduqlarını bildirir və xəbərdarlıq edirlər ki, əgər vəziyyət dəyişməzsə, ölüm halları qaçılmaz ola bilər.
“Bizə deyirlər ki, Ədliyyə Nazirliyi hücumlarla ciddi şəkildə məşğuldur, amma bu, sadəcə sözlərdən ibarətdir. Əgər heç nə dəyişməzsə, kimsə öləcək”, – deyə həbsxana əməkdaşları bildirirlər.
Lalə,
BakuPost