Ru
23:00 / 22 Sentyabr 2025

Hiyləgər Çindən ikili OYUN: Rusiya-Ukrayna münaqişəsində hansı gedişi gedir?

Hiyləgər Çindən ikili OYUN: Rusiya-Ukrayna münaqişəsində hansı gedişi gedir?
Eye

Çin siyasəti sonsuz hiyləgərlik yoludur. Çin siyasətinin ən mükəmməl təsviri olan bu ifadə eramızdan öncə VI əsrdə yaşamış və “Müharibə sənəti” əsərinin müəllifi olan Sun Tzuya aid edilir. Əslində bu fikir Çin dövlət ağlının məhsuludur. Çinlilər üçün başlıca prinsip olan bu siyasətin ən bariz nümunəsi Çinin Rusiya–Ukrayna müharibəsində tutduğu mövqedir.

Bakupost.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

O vurğulayıb ki, Rusiyaya dəstək verərək hələlik onun məğlubiyyətinin qarşısını alan Çin Ukraynanın da məğlub olmasında maraqlı deyil:

"Bunu rəsmən bəyan etməsələr də, statistik məlumatlar bu fikri təsdiq edir. Son illər Çin Ukraynanın ən böyük ticarət tərəfdaşına çevrilib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 17,3 faiz artıb. Statistik məlumatlara görə, 2024-cü ildə Çinin Ukraynaya ixracı 33,1 faiz artaraq 3,7 milyard dollar təşkil edib. Ukraynanın Çinə ixracı 6,4 faiz artaraq 4,29 milyard dollara çatıb. Bu ilin ilk üç ayı ərzində Ukraynanın Çindən idxalı 3,9 milyard dollar təşkil edib. Polşa 1,9 milyard dollarlıq idxalla ikinci, Almaniya isə 1,5 milyard dollarlıq idxalla üçüncü yerdədir.

Çin Ukraynadan kənd təsərrüfatı məhsulları alır və Ukraynaya dron hissələri satır. Ən əsası odur ki, Çin Ukraynaya döyüş pilotsuz uçan aparatlarının istehsalı üçün hissələr və birləşmələri getdikcə daha çox ixrac edir. Çin demək olar ki, qlobal inhisarçı olduğu üçün Ukraynanın bu hissələri və birləşmələri başqa ölkədən almaq imkanı çox məhduddur. Əlbəttə, Ukrayna bu malları başqa ölkədən də ala bilər. Amma bu zaman daha aşağı keyfiyyətli mallar üçün daha çox pul ödəməli olacaq. Hesablamalara görə, 2025-ci ilin birinci rübündə Ukraynanın Çindən döyüş dronlarının hissələrinin idxalı 1 milyard dolları ötüb.

Qeyd edək ki, 2024-cü ildə və 2025-ci ilin yanvar–mart aylarında Rusiyanın itkilərinin ən azı 75 faizi Ukraynanın FPV dronlarının qurbanıdır. Bu yüz minlərlə ölü və şikəst edilmiş yaralı deməkdir. Həmin müddət ərzində Ukraynanın uzaqmənzilli dronları Rusiya ərazisində yüzlərlə mühüm hədəfə sarsıdıcı zərbə vurub.
“Ukrayna üçün dron koalisiyası”na daxil olan ölkələrin hər birinin Çindən dron hissələrinin idxalatında da mühüm artış var. Bu hissələrdən yığılan dronlar koalisiyaya daxil olan ölkələr tərəfindən Ukraynaya göndərilir. Qeyd edək ki, Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi “dron koalisiyası”na Ukrayna, Almaniya, Danimarka, Litva, Hollandiya, İsveç, Estoniya, Avstraliya, İtaliya, Kanada, Polşa, Fransa, Çexiya, Türkiyə, Yeni Zelandiya, Norveç, Lüksemburq və Belçika daxildir. Böyük Britaniya, Almaniya, Latviya, Litva, Kanada, Hollandiya və Fransa Ukraynaya pilotsuz uçuş aparatlarının təminatında ən fəal tədarükçülərdir. Məsələn, 2024-cü ildə Latviya Ukraynaya müxtəlif gücə malik 5000 döyüş dronu verib. Rusiya mediası və Z blogerlər Çinin Ukraynaya dron hissələri ixracından hiddətlə bəhs edir, rusiyalı diplomatlar Çinlə həmkarları ilə bu mövzuda danışıqlar aparmağa cəhd etsələr də, vəziyyət dəyişmir".

Politoloq onu da diqqətə çatdırıb ki, Çin Avropa İttifaqı və Ukraynanın iştirakı olmadan sülh danışıqlarının əleyhinə olduğunu da dəfələrlə bəyan edib:

"Bütün bunlar sonsuz hiyləgərlikdən ibarət olan Çin siyasətinin hədəfinin nədən ibarət olduğunu təsəvvür etməyə imkan verməlidir. Müharibə uzandıqca Rusiyanın Çindən asılılığı artır. Eyni zamanda müharibə uzandıqca Rusiya zəifləyir və Çinin “səssiz ilhaq” siyasətinə müqavimət qabiliyyətini itirir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar