"Hizbullah" qruplaşması İsrail ordusunun mövqelərinə qarşı əməliyyatları dayandırmır.
Bakupost.Az xəbər verir ki, bu barədə xəbəri "Əl-Cəzirə" telekanalı yayımlayıb.
Məlumata əsasən, təşkilatın silahlıları İsrailin şimal hissəsindəki Kiryat Şmona qəsəbəsi ətrafında cəmlənən hərbçilərinə PUA və raketlərdən istifadə edərək hücum ediblər.
Qeyd olunur ki, İsrail silahlı qüvvələrinin "Yaara" kazarması da raket zərbələrinin hədəfi olub.
Ötən gün isə CNN kanalı ABŞ, İsrail və Livan rəsmilərinin birbaşa formatda sülh danışıqlarına hazırlıq gördüyünü bildirib.
Kanalın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, müzakirələrə Birləşmiş Ştatların Livandakı səfiri Mişel İsa, İsrail və Livanın ABŞ-dakı səfirləri - Yeçiel Leyter ilə Nada Moavad qatılacaqlar.
CNN vurğulayıb ki, görüşlərin ilkin mərhələsi Livan və İsrail arasında birbaşa təmasların şərtlərinin müəyyənləşdirilməsinə həsr ediləcək. Ancaq Livan tərəfinin öncədən atəşkəs irəli sürməsi əsas maneəyə çevrilə bilər. Çünki İsrail Livanda fəaliyyət göstərən "Hizbullah" qruplaşmasının obyektlərini vurmağa davam etməkdə qərarlıdır.