Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik barədə qanun layihəsində əksini tapan məqamlardan biri də icra məmurlarının hüquqlarının genişləndirilməsi məsələsidir.
Qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.
Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.
Hüquqşünas
Əkrəm Həsənov Bakupost.az-a bildirib ki, atılan bu addım belə problemi köklü şəkildə həll etməyəcək:
“Bu fonda belə icra məmurlarının səlahiyyətlərinin kəskin şəkildə genişlənəcəyini düşünmək olmaz. Prinsipcə icra məmuru borclunun istənilən əmlakını axtarıb taparaq, ona tutmanı yönəltməlidir”.
Ekspertin sözlərinə görə, təklif edilən dəyişiklikdə sadəcə müəyyən müasirləşmə tədbirlərindən söhbət gedir:
“Elektron pul təşkilatları da siyahıya əlavə edilib. Başqa hər hansı bir yenilik yoxdur”.
Hüquqşünas deyir ki, Azərbaycanda icra məmurları ilə bağlı əsas problem ölkəmizdə müflisləşmə qanunvericiliyinin işləməməsilə bağlıdır:
“Şəxs müflis olsa da, onun barəsində icra prosesi aparılır. Bu qanun işləsəydi, icra məmurları boş-boş işlərlə məşğul olmaq əvəzinə real olaraq kimin əmlakı varsa, onu axtarardı”.
Rüfət Sultan, BakuPost