İran ABŞ-la İslamabadda keçirilən danışıqlarda uranın zənginləşdirilməsini 5 ilədək dayandırmağı təklif edib.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran oxşar təklifi fevral ayında Cenevrədə keçirilən danışıqlarda da səsləndirib. Həmin görüşlərdən sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyata başlamaq qərarı verib.
Məlumata əsasən, ABŞ Pakistan paytaxtındakı görüş zamanı İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
Qəzet hesab edir ki, nüvə proqramının dayandırılması müddəti ilə bağlı müzakirələrin aparılması tərəflərin razılığa gəlmək şansının olduğunu göstərir.
Ağ Ev nümayəndələri yeni danışıqlar raundunun keçirilməsinin müzakirə olunduğunu, lakin bununla bağlı hələ konkret razılaşmanın əldə olunmadığını bildiriblər.
Daha əvvəl Axios portalı da Tehranın danışıqlarda uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını nəzərdə tutan təşəbbüslə çıxış etdiyini yazmışdı.
Qeyd edək ki, aprelin 11-də İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens başçılıq edib.
Sonradan hər iki tərəf uzunmüddətli nizamlanma ilə bağlı bir sıra ziddiyyətlər səbəbindən razılığa gələ bilmədiklərini açıqlayıb.
Beləliklə, Tehranla Vaşinqton arasında dialoqun perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır.