İrandan Türkiyəyə daha bir ballistik raket atılıb.
Bakupost.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İran ərazisindən buraxılan və Türkiyə hava məkanına daxil olan raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Nazirliyin açıqlamasına görə, raketin bəzi qalıqları Qaziantep vilayətində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Nazirliyin bəyanatında Türkiyənin yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verdiyi qeyd olunub. Bununla yanaşı, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhlükəyə qarşı qəti və dərhal tədbirlərin görüləcəyi vurğulanıb.
Nazirlik həmçinin bu istiqamətdə Türkiyənin xəbərdarlıqlarına əməl olunmasının bütün tərəflərin maraqlarına uyğun olduğunu bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran hadisə ilə bağlı açıqlamasında bildirib ki, İrandan buraxıldığı müəyyən edilən ballistik raket Qaziantep şəhərinin Şahinbəy rayonu üzərində NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək məhv edilib.