İranda daxili vəziyyət getdikcə daha gərgin xarakter alır. Cəmiyyətin geniş təbəqələri arasında müharibə qorxusu və dərin psixoloji gərginlik hökm sürür. Xüsusilə gənc nəsil arasında yaxın zamanda silahlı qarşıdurmanın qaçılmaz olduğu fikri geniş yayılıb.
Bakupost.az xəbər verir ki, İran daxilində formalaşan ictimai rəyə görə, son illər ölkəni idarə edən sistemin əsas məsuliyyəti Ali lider Əli Xameneyi və onun dayağı sayılan SEPAH üzərində cəmlənir. İqtisadiyyatın uzunmüddətli böhranı, ardıcıl “şok terapiyaları”, milli valyutanın dəyərdən düşməsi və sosial rifahın kəskin azalması artıq sadə vətəndaşların gündəlik həyatını iflic edib.
Rəsmi statistikaya əsasən, minimum əməkhaqqı bir vaxtlar 300 dollar səviyyəsində olduğu halda, hazırda təxminən 116 dollara düşüb. Ərzaq qiymətlərinin sürətlə artması nəticəsində əhali üçün yumurta və toyuq əti kimi qidalar belə əlçatmaz hala gəlib. Qırmızı ət isə artıq uzun müddətdir ki, əksər ailələrin süfrəsindən çıxıb.
İran iqtisadiyyatı faktiki olaraq dayanma mərhələsinə daxil olub. Daxili tələbat kəskin azalıb, kiçik və orta bizneslər kütləvi şəkildə müflis olur, internet üzərindən fəaliyyət göstərən şirkətlər demək olar ki, tamamilə sıradan çıxıb. Cəmiyyətin gündəlik müzakirələri artıq istehsal və istehlak deyil, yalnız dollar və qızılın qiyməti üzərində cəmlənir. Bir çox insan gündəlik qazancını real ehtiyaclara deyil, inflyasiyadan qorunmaq üçün qızıla yatırmağa çalışır.
Bu proseslər əsnasında dövlət idarəçiliyində parçalanma açıq şəkildə hiss olunur. Hökumət strukturları ilə SEPAH arasında ziddiyyətlər dərinləşir, iqtisadiyyat isə korrupsiya və dollarlaşma səbəbindən iflic vəziyyətə düşüb. İranda formalaşmış oliqarx təbəqəsinin məqsədli şəkildə sosial narazılıq yaratdığı, iqtisadi böhranı dərinləşdirərək ölkəni idarəolunmaz vəziyyətə sürüklədiyi barədə fikirlər güclənir.
Xüsusilə son aylarda idxal üçün istifadə olunan rəsmi dollar məzənnəsinin 66 tümən səviyyəsindən 136-ya qaldırılması cəmi bir ay ərzində faktiki olaraq 100 faizlik yeni inflyasiya dalğası yaradıb. Bunun müqabilində əhaliyə verilən kompensasiya isə adambaşına cəmi 7 dollar təşkil edib.
İranda etiraz aksiyalarından sonra vəziyyət daha da mürəkkəbləşib. Vaxtilə hakimiyyətin sosial dayağı sayılan islahatçı düşərgənin bir çox lideri həbs olunub. Onların etirazlar zamanı Xameneinin səlahiyyətlərindən imtina etməsini tələb edən müraciətlərdə iştirak etdiyi iddia olunur.
Cəmiyyətin əhəmiyyətli hissəsi hesab edir ki, SEPAH və Xamenei ölkəni bu böhrandan çıxarmaq əvəzinə, məsuliyyəti xarici sanksiyaların üzərinə ataraq daxili oliqarxiya ilə real mübarizədən yayınır. Nəticədə əsas günahkarlar toxunulmaz qalır, sosial gərginlik isə artır.
Bu şəraitdə ABŞ müdaxiləsini dəstəkləyənlərin sayı da artıb. Bu, hələlik çoxluq təşkil etməsə də, xüsusilə gənc nəsil arasında əvvəlki illərlə müqayisədə daha geniş yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda rejimin qısa müddətdə on minlərlə insanın ölümünə səbəb olduğu kimi iddialar geniş yayılır.
Etirazların xarici kəşfiyyat strukturları tərəfindən manipulyasiya edildiyi ilə bağlı fikirlər olsa da, cəmiyyətin böyük hissəsi artıq bu detallara əhəmiyyət vermir. Əsas tələb hansı formada olmasından asılı olmayaraq dəyişiklikdir.
İranda yaranmış vəziyyətin kökündə oliqarx təbəqəsi, sistemdaxili korrupsiya, eləcə də Xamenei və SEPAH-ın iqtisadi və sosial məsuliyyəti üzərindən atmaq cəhdləri dayanır. Mövcud idarəetmə modeli ölkəni dərin iqtisadi və psixoloji böhrana sürükləyib və bu böhranın yaxın perspektivdə aradan qalxacağına dair cəmiyyətdə ciddi ümid görünmür.
Cavid, BakuPost