“Hədislərdə “əl-hərbu xudatun”, yəni “müharibə hiylədir” deyilir. Amma aldadılan düşmən olmalıdır, öz xalqın yox. İranda isə hazırda bunun əksi baş verir”.
Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.
O bildirib ki, hazırda baş verənlər 60 il öncəki hadisələri xatırladır:
“Təxminən 1967-ci ildə Misirin etdikləri təkrarlanır. Altıgünlük müharibə zamanı misirlilər, eləcə də digər ərəblər radiodan eşitdikləri xəbərlərin təsiri altında İsrailin artıq təslim olmaq ərəfəsində olduğunu düşünürdülər. Hətta deyilənə görə, İsrail ordusu ərəb koalisiyasına daxil olan 3 ölkənin torpaqlarını ələ keçirəndə orada yaşayanlar düşmənin tanklarını özlərininki bilib gül-çiçəklə qarşılamağa da çıxırlarmış”.
Deputat xatırladıb ki, o zaman bu savaşın uduzan tərəf üçün iki sarsıdıcı nəticəsi var idi:
“Onlardan biri torpaq itkisi idi. Əgər savaş öncəsi İsrailin ərazisi 20 000 km² idisə, bir həftə sonra onun nəzarətində təxminən 70 000 km² torpaq var idi. Təqribən 15 il sonra həmin torpaqlardan bir hissəsi, yəni Sinay yarımadası qaytarılsa da, bu savaş nəticəsində Osmanlının dağılması ərəfəsində Böyük Britaniyanın təsiri altında formalaşan panərəbizm ideologiyası tam gedər-gəlməzə göndərildi. Düzdür, öz məqsədinə çatdıqdan sonra Böyük Britaniya Fransa ilə birgə Yaxın Şərqdə yeni xəritələr çəkmiş, həmin ideologiyanın başında duran Haşimilər sülaləsinin lideri Hüseyn ibn Əliyə verilən vahid ərəb dövləti yaradılması vədini yerinə yetirməmişdi. Amma ötən əsrin ortalarında ərəb dövlətləri arasında şəriksiz liderlik mövqeyinə yüksələn Misir yenidən bu ideologiyanı dirçəldə bilmişdi və hətta Suriya ilə birgə 1958-ci ildə ömrü üç il çəkən Birləşmiş Ərəb Respublikası da yaratmışdı. Altıgünlük müharibədən sonra ortaya çıxan geosiyasi reallıq isə göstərdi ki, ərəb həmrəyliyi elə ancaq çökməsində böyük rol oynadıqları Osmanlının tərkibində mümkün imiş.
İndi İran da bənzər bir reallıqla üz-üzədir”.
Sahib Alıyev fikirlərini bu şəkildə konkretləşdirib:
“Yəni bu ölkə ən azından Hörmüz boğazı ətrafında 1971-ci ildə ələ keçirdiyi üç adanı itirsə, mən buna təəccüblənməyəcəyəm. Vilayəti-fəqih doktrinası və ideologiyasının panərəbizm sayaq tarixə gömülməsi isə fikrimcə, tam qaçılmazdır”.