Ru
15:18 / 12 Avqust 2026

İranın ağır şərtləri: Yeni müharibə uzaqda deyil

İranın ağır şərtləri: Yeni müharibə uzaqda deyil
Eye

Bir neçə gün əvvəl müharibədə dəyən ziyana görə, kompensasiya tələb edən İran hakimiyyəti indi də vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması üçün şərtlərini təqdim edib. Bu şərtlərə Livan və Qəzza zolağında müharibələrin dayandırılması, eləcə də İranın dondurulmuş aktivlərinin azad edilməsi daxildir.

Bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsün Rezai bəyan edib.

"ABŞ davranışını dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq. ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini qaytarmalı və ümumilikdə regionda, o cümlədən Livan və Qəzzada müharibəyə son qoyulmalıdır. Həmçinin vasitəçilər vasitəsilə çatdırılan digər şərtlər də qəbul edilməlidir", - deyə o qeyd edib.

Görəsən, ABŞ-nin bu şərtlərə münasibəti necə olacaq?

Siyasi şərhçi Taleh Əliyev Bakupost.az-a bildirib ki, İran tərəfi yaxşı bilir ki, ABŞ istədiyi məqsədə nail olmayana qədər, aralıqlı atəşkəs təklifləri, mərhələli formada İranın prinsipial hesab etdiyi mövqelərdən bir-bir çəkilməsinin sonunda belə, Vaşinton bu istiqamətdə öz siyasətini dəyişməyəcək:

“Bunun fərqinə varan Tehran da, “ən yaxşı müdafiə hücumdur” taktikası ilə hərəkət edərək, ABŞ-nin ilk baxışda, sadə, kompromis yöndə görünən təklifləri fonunda, belə daha radikal, daha barışmaz təkliflərlə, özlərinin qalib olması adı ilə həm daxili auditoriyaya işləyir, həm də Livan və Qəzzanın adını hallandırmaqla proksi qüvvələrə də sona qədər “arxanızda olacağıq” mesajını verir. Bu fonda, Tehran ABŞ-də Trampa və müharibəyə qarşı olan qüvvələrin ona qarşı daha kəskin etirazlara qaldıracağına da ümid edir”.

Müsahibimiz deyir ki, tərəflər aktiv müharibə mərhələsindən daha çox diplomatik hücum və hərbi-psixoloji hücum elementlərilə müşayiət olunan qarşılıqlı təhdid dililə danışmağa üstünlük verirlər.

Onun fikrincə, İranın bu yeni tələbləri ABŞ tərəfindən qəbul olunmayacaq:

“Bir məsələni qəti əminliklə demək olar ki, müharibənin qanlı-qadalı, odlu mərhələsinə yenidən keçid qaçılmazdır və bu çox da uzaqda deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar