Ru
20:25 / 11 Noyabr 2025

İsraildə edam cəzası qayıdır – 71 ildən sonra

İsraildə edam cəzası qayıdır – 71 ildən sonra
Eye

İsrail parlamenti (Knesset) terrorçuluq ittihamı ilə mühakimə olunan şəxslərə edam cəzası verilməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda təsdiqləyib. Sərt sağçı deputatların təqdim etdiyi sənəd həm dini dairələrin, həm də müxalifətin ciddi etirazına səbəb olub.

Bakupost.az İsrail mediasına istinadən xəbər verir ki, 39 lehinə, 16 əleyhinə səslə qəbul edilən layihə Knessetdə müvafiq komitəyə qaytarılacaq. “Yəhudi Gücü” partiyasının deputatı Limor Son Har-Melex tərəfindən təqdim edilən qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməsi tələb olunur.

Eyni partiyadan olan və hazırda milli təhlükəsizlik naziri vəzifəsini daşıyan İtamar Ben-Qvir, sənədin “ədalət və çəkindiricilik” yaradacağını bildirib.

Səsvermə öncəsi “Degel HaThora” partiyasının rəhbəri, din xadimi Dov Lando deputatlarına layihənin əleyhinə səs verməyi tapşırıb. O, təşəbbüsü “cəmiyyəti təhrik etməyə yönəlmiş təxribat” adlandırıb.

Demokrat deputat Gilad Kariv isə bildirib ki, belə bir qanun mədəni dövlət anlayışı ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, yəhudi dini hüququna əsasən, ölüm hökmü sadə səs çoxluğu ilə deyil, yekdilliklə qəbul edilməlidir.

Layihəyə görə, İsrail məhkəmələri milli motivlə törədilmiş qətllərdə təqsirli bilinən şəxslər barəsində edam hökmü çıxarmalı olacaq. İordan çayının Qərb sahilində fəaliyyət göstərən İsrail hərbi məhkəmələrində isə bundan sonra hakimlər qərarı yekdilliklə deyil, çoxluqla qəbul edə biləcəklər.

İsrail adi cinayətlərdə və sülh dövrdə edam cəzasını 1954-cü ildə ləğv edib, lakin müharibə şəraitində və yəhudi xalqına qarşı yönəlmiş cinayətlərdə bu cəza hələ də hüquqi baxımdan mümkündür.

Ölkə tarixində indiyədək yalnız bir nəfər – 1962-ci ildə Holokostun memarlarından biri olan Adolf Eyxman edam olunub. O, “yəhudi xalqına qarşı cinayətlər” ittihamı ilə asılmışdı. Bu, İsrail dövlətinin tarixi boyunca həyata keçirilmiş ilk və yeganə edam olaraq qalır.

Cavid, BakuPost.az
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar