Ru
14:29 / 18 May 2020

"KARANTİN REJİMİ QAYDALARI" - Belə demək və yazmaq olmaz

7436

XEYBƏR GÖYYALLI


Ölkə mediasında yol verilən dil qüsurları barədə Azərbaycan dilinin dil normalarına istinad edərək vaxtaşırı fikir və mülahizələrimi bildirirəm. İndi də əlimdə bir xeyli fakt vardır. Bu gün dil normalarının pozulmasına çap mediasını üstələmiş internet resurslarında daha çox rast gəlinir. Bu barədə növbəti məqalələrimdə geniş söhbət açacağam. İndi isə hər gün televiziya kanallarından eşitdiyimiz , çap və internet mediasında rast gəldiyimiz bir dil qüsuru barədə danışmaq istərdim. Gündəm mövzusu ilə bağlı olduğundan bu dil qüsurunu digər dil faktlardan ayırmağı vacib bildim. Karonavirus və pandemiya mövzusu təkcə ölkəmizin yox, dünya mediasının gündəmini zəbt edib. Artıq insanların alt şüuruna belə daxil olmuş karonavirus mövzusunu hər kəs diqqətdə saxladığından onunla bağlı bütün informasiyaları oxumağa və dinləməyə məcburdur. Əlbəttə, birbaşa ölkəmizlə bağlı verilən karonavirusla əlaqədar informasiyaları daha həssaslıqla izləyirik. Bildiyimiz kimi, ölkəmizdə karonavirusla bağlı karantin rejimi tətbiq olunub. Karantin rejimi tətbiq olunandan hər gün eynilə kobud bir dil xətası təkrarlanır. Hər gün televiziya kanallarından “karantin rejimi qaydaları” ifadəsi səslənir, internet və çap mediası da eynilə bu səhvi təkrarlayır. Çox təəssüflər olsun ki, bu dil xətasına bir əsrlik tarixi və peşəkar redaktə institutu olan informasiya agentliyinin materiallarında da rast gəlinir. Karantin rejimi ifadəsindən sonra qayda (ları) sözünün işlədilməsi doğru deyildir. Məlumat üçün bildiririk ki, karantin və rejim sözləri fransız dilinə məxsusdur. Karantin sözünün leksik mənası lüğətlərdə belə izah edilir: yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını almaq üçün xəstələrin və onlarla təmasda olan şəxslərin müvəqqəti təcrid olunması.

Reyim sözü isə müəyyən edilmiş qaydalar mənasını ifadə edir. Belə olduğu halda, karantin rejimi ifadəsindən sonra qaydalar sözünün işlədilməsi kobud təkrardan başqa bir şey deyildir.

Təkrarın biliyin ( məlumatın) mənimsənilməsində, bacarıq və vərdişlərin qazanılmasında müstəsna rolu danılmazdır. Ancaq hər hansı bir yanlış hərəkət və ya səhv məlumat təkrarlandıqda ənənəviləşir, yaddaşda özünə yer edir.Bu səhv mediada təkrarlandıqda isə daha inandırıcı görünür, oxucu və dinləyicidə onun səhv olduğuna heç bir şübhə yaranmır. Kütləvi informasiya vasitələrində təkrarlanan səhv doğru,düzgün kimi qəbul olunduğundan oxucu və dinləyicinin göz və qulaq yaddaşında özünə birdəfəlik yer alıb oturuşur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər