Ru
12:53 / 27 Mart 2026

Kilsədə xanım rəhbər - İlahiyyatçıdan diqqət çəkən açıqlama

Kilsədə xanım rəhbər - İlahiyyatçıdan diqqət çəkən açıqlama
Eye

Dini düşüncə tarixində mühüm bir hadisə baş verib. Bakupost.az xəbər verir ki, Sara Mallalli Kanterberi arxiyepiskopu təyin olunaraq Anqlikan kilsəsinin tarixində bu posta yüksələn ilk qadın olub.

Bu təyinat dini iyerarxiyada qadınların rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə də sual aktuallaşıb: İslam dünyasında da belə bir dəyişiklik mümkündürmü?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, İslamın əsas mənbəyi olan Quranda qadınların dini iyerarxiyada yüksək mövqe tutmasına qadağa yoxdur:

“Qadın şeyxülislam da ola bilər. Biz niyə qadına bu cür yanaşmırıq? Bizi ailədə tərbiyələndirən, övladlarımızı istiqamətləndirən əsasən qadın deyilmi?”

Onun sözlərinə görə, Quranda qadın liderlik nümunəsi də mövcuddur. Belə ki, “Nəml” surəsində Səba kraliçası Bəlkis müdrik, uzaqgörən və dövlət idarəçiliyində bacarıqlı hökmdar kimi təqdim olunur. O, qarşıdurmadan qaçaraq diplomatik yol seçir və sonda haqqı qəbul edən bir lider obrazı ilə göstərilir.

İlahiyyatçı hesab edir ki, bu qissə qadının yalnız ailədə deyil, həm də ictimai və dövlət idarəçiliyində yüksək qabiliyyətə malik ola biləcəyini göstərir.

Elşad Miri əlavə edib ki, qadınların İslam dünyasında dini iyerarxiyada yüksək vəzifələr tutmamasının səbəbi dini mətnlər deyil, sonradan formalaşmış yanaşmalardır:

“Patriarxal düşüncəni dinə calaq vurub, özlərindən dini ehkamlar çıxarıblar və Quranı ikinci plana atıblar. Qadınların məscidə girməsinə məhdudiyyətlər qoyulması, onların dini fəaliyyətlərinin məhdudlaşdırılması da bu yanaşmanın nəticəsidir.”

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar