Ru
12:01 / 17 Mart 2026

Körfəz ölkələri qərarsızdır: İran qorxusu, ABŞ təzyiqi

Körfəz ölkələri qərarsızdır: İran qorxusu, ABŞ təzyiqi
Eye

Yaranmış vəziyyətdə Fars körfəzinin ərəb ölkələri də müharibəyə münasibətdə hansısa qərara gəlmək məcburiyyətində qalacaqlar.

Bunu Bakupost.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-ın Körfəz ölkələrinin də İrana qarşı müharibəyə qoşulması üçün göstərdiyi təzyiqləri şərh edərkən deyib.

Ekspert bildirib ki, İranın Körfəz ölkələrinə endirdiyi zərbələr təkcə ABŞ-ın həmin ölkələrdə yerləşən hərbi bazalarını hədəf almır. Onun sözlərinə görə, hücumlar eyni zamanda bu ölkələrin iqtisadi infrastrukturuna da yönəlir:

“İran mütəmadi olaraq Fars körfəzi ölkələrinə zərbələr endirir. Bu zərbələr təkcə ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına tuşlanmayıb. Müharibə ilə əlaqəsi olmayan neft və qaz obyektləri, turizm mərkəzləri də hədəfə alınır. İran Prezidenti Məsud Pezeşkian bu zərbələrin dayandırılacağını vəd etsə də, həmin vəd yerinə yetirilmir. Çünki Pezeşkianın belə bir səlahiyyəti yoxdur. İranda hakimiyyət SEPAH generallarının əlindədir”.

Politoloq qeyd edib ki, hazırda Körfəz ölkələri müharibəyə qoşulub-qoşulmamaq məsələsində tərəddüd içindədirlər:

“Bütün bunlar, əlbəttə, Körfəz ölkələrində ciddi narahatlıq və narazılıq doğurur. Buna baxmayaraq, onlar hələlik İrana cavab zərbələri endirmirlər. Düzdür, ABŞ Körfəz ölkələrinin də İrana qarşı ittifaqa qoşulması üçün müəyyən təzyiqlər göstərir. Amma ərəb ölkələri hələlik risk etmir. Çünki onların da müharibəyə qoşulması İranın ərəb ölkələrinə zərbələrini daha da intensivləşdirə bilər. Digər tərəfdən, bu halda Körfəz ölkələri İsraillə eyni cərgədə görünmüş olacaqlar. Amma sonda, müəyyən müddətdən sonra, onlar bu məsələ ilə bağlı hansısa qərar verməyə məcbur qalacaqlar”.

Qeyd edək ki, Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ Körfəz ölkələrinə İrana qarşı müharibəyə qoşulmaları üçün təzyiq göstərir.

Məlumata əsasən, əvvəllər müharibənin əleyhinə olan Fars körfəzinin ərəb ölkələri indi əksinə, ABŞ-ı daha sərt addımlar atmağa və İranın bölgədə siyasəti diktə etməsinə imkan verməməyə çağırır. Bu barədə Reuters-ə Körfəz ölkələrindəki üç hökumət mənbəsi məlumat verib.

Rüfət Sultan, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar