Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.
Bakupost.az Oxu.az-a istiandla xəbər verir ki, yaranan vəziyyət Kür qırağı ərazilərdə yaşayan əhalinin narahatlığına səbəb olub.
Əsas müzakirə mövzusu Kürdə suyun səviyyəsinin artması prosesinin nə qədər davam edəcəyi və Kürün daşıb ətraf kəndləri basma ehtimalı nə qədər olması ətrafındadır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, mövcud vəziyyət tam nəzarət altındadır və hazırda hər hansı subasma riski müşahidə edilmir.
"Kür çayının axını tənzimlənir və hazırda hər hansı subasma riski müşahidə edilmir. Qeyd edək ki, bir neçə gün öncə xidmət tərəfindən Kür çayının mənsəb hissəsində su sərfinin saniyədə 300 kubmetrdən 600 kubmetrədək artırılması barədə ictimaiyyətə məlumat verilmişdi. Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi ADSEA və onun tabeliyində olan təşkilatlar tərəfindən mütəmadi nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd olunub.
Kürdə suyun səviyyəsinin artması prosesinin nə qədər davam edəcəyi məsələsinə gəlincə isə qurumdan bildirilib ki, su buraxılışı anbara daxil olanın miqdarına və su anbarının həcminə uyğun şəkildə tənzimlənir.
"Hazırda yağıntılı hava şəraiti, eləcə də Kür çayının yuxarı axın zonalarında qar örtüyünün əriməsi ilə əlaqədar olaraq bu prosesin may ayının sonları, iyunun əvvəllərinə qədər davam edəcəyi gözlənilir. Məlumat üçün bildiririk ki, son illərdə yağıntıların az olması səbəbindən Kür çayında su səviyyəsinin aşağı düşməsi və Mingəçevir su anbarında kifayət qədər su ehtiyatının toplanmaması nəticəsində çayda azsulu vəziyyət müşahidə edilirdi.
Hazırda isə çayın əvvəlki iqlim dəyişikliklərindən öncəki vəziyyətinə qayıtması bəzi hallarda ictimaiyyətdə narahatlıq yarada bilər, lakin bu, təbii və nəzarət olunan prosesdir. Sosial mediada qeyd olunan ərazi Təzəkənd istiqamətində yerləşən Tuqay meşələri zonasıdır. Həmin ərazidə inşa edilmiş bəndlərin hündürlüyü 4-5 metr təşkil edir. Mövcud vəziyyətdə çay suyunun bənd səviyyəsinə çatmasına baxmayaraq, onu aşması və Kür çayı boyunca yerləşən yaşayış məntəqələrinin, əkin sahələrinin su altında qalması riski mövcud deyil. Bəndlərin texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır, gündəlik monitorinqlər aparılır və aidiyyəti qurumlara operativ məlumatlar təqdim olunur. Nəticə etibarilə, hazırkı vəziyyətlə bağlı əhali arasında hər hansı narahatlıq üçün əsas yoxdur. Eyni zamanda bildiririk ki, baş verə biləcək fövqəladə hallar barədə müvafiq qurumlara əvvəlcədən rəsmi məlumat veriləcək, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq", - deyə açıqlamada vurğulanıb.