Dünyanın ən iri və tanınmış “fast-food” şəbəkələrindən biri Azərbaycana gəlir. Qlobal sendviç brendlərindən “McDonald’s” və KFC nəhənglərdən sonra “Subway” də Azərbaycan qida bazarına daxil olur.
Bakupost.az xəbər verir ki, şirkət Avropa, Yaxın Şərq və Afrika regionunda genişlənmə strategiyası çərçivəsində Azərbaycanda fəaliyyətə başlamaq barədə qərar verib. “Subway” bu məqsədlə yerli biznes operatoru “N Sky Build” ilə master-françayzinq sazişi imzalayıb. Razılaşmaya əsasən, “N Sky Build” brendin ölkə üzrə inkişafı və idarə olunması üçün eksklüziv hüquqlar əldə edib.
“Subway”in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Treysi Gehlan bildirib ki, Azərbaycan şirkət üçün cəlbedici və perspektivli bazardır. Onun sözlərinə görə, ölkədə sürətli qida seqmentinin inkişafı və beynəlxalq brendlərə marağın artması “Subway”in “McDonald’s” və KFC kimi uğurlu nümunələrin ardınca bazara daxil olmasını şərtləndirən əsas amillərdəndir.
“N Sky Build” şirkətinin rəhbərliyi isə bu tərəfdaşlığı beynəlxalq səviyyəli brendin ölkəyə gətirilməsi baxımından mühüm addım kimi qiymətləndirir. Bildirilir ki, “Subway” Azərbaycanda ən son restoran konsepsiyası ilə fəaliyyət göstərəcək, eyni zamanda rəqəmsal sifariş və müştəri təcrübəsinə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, “Subway” dünyada minlərlə restoranı olan və uzun illərdir “McDonald’s” və KFC ilə eyni qlobal “fast-food” liqasında yer alan aparıcı şəbəkələrdən biridir. Brendin Azərbaycana gəlişi ölkənin sürətli qida bazarında rəqabəti daha da gücləndirəcək.
Cavid, BakuPost