Ru
15:38 / 07 Avqust 2021

Məhv olan populyasiya, genefond, çirklənən ekosfer...

11519

Bu gün bütün dünyada ətraf mühitə ziyan vurulur, ekologiya pozulur, populyasiyalar, genefondlar məhv olur. Həm hava, həm su, həm də torpaq kimi faktorlara antropogen təsirlər iqlim dəyişikliyinə gətirib çıxarıb. Bir qisim alim bu dəyişikliyin qlobal buzlaşmaya, bir qisim isə qlobal istiləşməyə səbəb olacağı ilə bağlı həyəcan təbili çalır. İnqradientlərlə çirklənib Yer kürəsi, artıq öz-özünü tənzimləyə bilmir. Antropogen təsirlər proqres edir, ekologiya isə tənəzzülə uğrayır. Antropogen təsirlərin artması insan artımı ilə birbaşa əlaqəlidir.


Akademik Qərib Məmmədovun yazdığına görə, hazırda əhalinin yüksək artım tempi Afrika və Mərkəzi Amerikada ildə 3% -ə yaxın, Cənubi Amerikada 2,2%, Asiyada 1,8% təşkil edir. Əhalinin artımı digər mühüm proses olan urbanizasiya – əhalinin şəhərlərdə cəmləşməsi və meqapolislərə səbəb olur. Urbanizasiya cəmiyyətin inkişafının bütün sahələrində mütərəqqi rol oynayır. Bu prosesdə əhalinin artımı üçün müsbət şərait yaranır. Kənd yerlərində yaranan əhali artımı işçi qüvvəsi kimi şəhərlərdə cəmləşir, müxtəlif peşələrə yiyələnərək daha məhsuldar əməklə məşğul olurlar. Ona görə belə ölkələrdə əhalinin ümumi artımı əsasən şəhər əhalisinin hesabına gedir. Belə ölkələrdə urbanizasiya demoqrafik proseslərin tənzimləyicisi rolunu oynayır.

Meqalopolislər nəticəsində dəyişən landşaft...

Şəhər ərazilərinin, xüsusən meqalopolislərin antropogen dəyişmə dərəcəsi olduqca yüksəkdir. Şəhərin təbii landşaftları çox primitivdir. Bbura parklar, xiyabanlar, bəzən süni salınan meşəliklər, dəniz və çay sahilləri daxildir. Sadə və davamsız ekosistemlərdə faunadan yalnız ayrı-ayrı quş və heyvan növləri qalır, insan fəaliyyəti tullantılarından parazitlik edən heyvanlara (siçovul), quşlara (qarğalar) və həşaratlara daha çox rast gəlinir. Böyük şəhərlərdə havanın sənaye müəssisələri və nəqliyyat vasitələri və s. ilə çirklənməsi böyük ekoloji problemlər yaradır.




İçməli su problemi, gələcəyin bədbin göstəriciləri...

Hazırda 220 milyon şəhər əhalisi yararlı içməli su mənbəyindən məhrumdur. Şəhərlərdə yaşayan 420 milyondan artıq adamın hətta sadə tualeti belə yoxdur. Şəhər zibilinin 30-66%-i yığılmır. Zibillər, xüsusən ən kasıb əhali yaşayan zonalarda (məhəllələrdə) toplanıb qalır. Belə zonalarda şəhər əhalisinin böyük hissəsi yaşayır, onları yalnız şərti olaraq şəhərli saymaq olar.

İnkişaf etmiş ölkələrdə şəhərlərin mühüm ekoloji problemləri bu və ya digər dərəcədə həll olunub. Məsələn, bir çox şəhərlərdə son onilliklərdə havanın və suyun keyfiyyəti yaxşılaşıb. Tokioda 1960-cı illərdə küçə hərəkətini nizamlayan polis işçiləri oksigen maskalarından istifadə ediblər. İndi isə havanın vəziyyəti xeyli yaxşılaşıb. Şəhər sistemləri xeyli su kütləsini, ərzağı və yanacağı istifadə edərkən, onları dəyişdirərək tullantılara çevirir. Bu zaman inkişaf etmiş ölkələrin şəhərləri həyattəminedən sistemlərin xidmətindən olduqca yüksək dərəcədə istifadə etməsi ilə fərqlənir. Nyu-Yorkun orta statistik sakini Bombeyin sakininə nisbətən üç dəfə çox su qəbul edir və səkkiz dəfə artıq zibil “istehsal”edir. Hətta, bir şəhərin müxtəlif rayonları daxilində əhalinin yaşayış səviyyəsindən asılı olaraq şəhərlərin həyattəminedici sistemlərindən istifadə xidmətinin səviyyəsi də müxtəlif olur.

Torpaq və meşə deqredasiyası

İnkişaf etmiş ölkələrin ekoloji vəziyyətinin bir qədər yaxşılaşması onların sakinləri üçün əlverişlidir. Bununla belə, bu şəhərlər kontinent və ya bütün dünya səviyyəsində ekosferin vəziyyətinə əlverişsiz təsir göstərir. İnkişaf etmiş ölkələrin bir nəfərinə düşən təbii resursların istifadəsi və parnik qazlarının emissiyası inkişaf etməkdə olan ölkələrin kasıb şəhərləri üçün olan göstəricini xeyli ötüb keçir. Son nəticədə isə inkişaf etmiş ölkələrin sakinləri qlobal ekoloji problemlərin güclənməsinə nəzərə çarpan təsir göstərir.

Şəhərlərin ekoloji problemləri ətraf ərazilərin antropogen transformasiyasına da çox təsir edir. Bunun şəraiti və səbəbləri müxtəlif ola bilər. Məsələn, Afrikanın ayrı-ayrı ölkələrinin əhalisinin 90%-i hələ də yeməyi odunla hazırlayır, ona görə də iri şəhərlərin 50-80 km radiusunda yararlı meşə sərvətləri deqradasiyaya uğrayıb. Odun çatışmazlığına görə çox kasıb ailələr gündə yalnız bir dəfə isti yemək hazırlaya bilir. Sənaye müəssisələrinin və ya energetikanın fəaliyyəti nəticəsində havanın yüksək dərəcədə çirkləndiyi zonalarda şəhərlər ətrafında on kilometrlərlə məsafədə, eləcə də hakim küləklər istiqaməti boyu bitki örtüyü transformasiyaya uğrayıb və ya tamamilə məhv edilib.



Azərbaycanda çirklənən ekologiya...

Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır.

Tədqiqatlar göstərir ki, şəhər və şəhərtipli yaşayış məntəqələrinin 80%-i bilavasitə sənayenin və nəqliyyatın inkişafı ilə bağlıdır. Nəqliyyat infrastrukturunun ətraf mühitə müsbət təsiri yüksəktexnologiyalı və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin inkişafı yolu ilə ekoloji şəraitin yaxşılaşdırılmasından, qida infrastrukturunun ətraf mühitə müsbət təsiri təbii qidalardan istifadə üçün (kimyəvi maddələrdən olduqca az) imkanların yaradılmasından, yerləşdirmə infrastrukturunun ətraf mühitə müsbət təsiri isə yaxın təbii obyektlərin mühafizəsindən ibarətdir. Nəqliyyat infrastrukturunun ətraf mühitə mənfi təsiri hərəkətin artımı ilə əlavə səs-küy və hava çirklənmələrinin yaranmasından, qida infrastrukturunun ətraf mühitə mənfi təsiri qida məhsullarına tələbatın artması ilə kənd təsərrüfatının yüklənməsindən, yerləşdirmə infrastrukturunun ətraf mühitə mənfi təsiri isə ehtiyatların intensiv istifadəsi, suyun çirklənməsi və tullantıların çoxalmasından ibarətdir. Bütün nəqliyyat vasitələri bu və ya digər səviyyədə atmosferi qazlardan ibarət olan kimyəvi birləşmələrlə çirkləndirir. Avtomobil nəqliyyatı vasitələri ilə havanın çirkləndirilməsi yanacağın yanması nəticəsində baş verir. Tullantıların kimyəvi tərkibi yanacağın növü və keyfiyyətindən, istehsal texnologiyasından, mühərrikdə yanma üsulu və onun texniki vəziyyətindən asılıdır.

Ekoloq Rövşən Abbasov Bakupost.az -a danışarkən bildirib ki, ölkədə ən önəmli məsələ suyun çirklənməsinin qarşısını almaqdır:

”Suyun bölüşdürülməsi, paylanması, satılması və s. əlaqədar olaraq çox ciddi addımlar atılmalıdır. Suyun azalmasının birinci səbəbi iqlim dəyişməsi, ikinci səbəbi isə əhalinin, kənd təsərrüfatı sahələrinin sürətlə artmasıdır. İnteqrasiyalı su idarəolunması modelinə keçilməlidir. İnteqrasiyalı su idarəolunmasında bütün istifadəçilərin mənafeələri nəzərə alınır. Bütün su istifadəçiləri, kiçik fermerlər xüsusilə qorunurlar. Çünki çox imkanları olmur və quraqlıq olduğu zaman onlar daha çox təsirə məruz qalırlar. Məsələn, bir fermerin 2, başqa birinin isə 200 hektar yeri var. Quraqlıq olduğu zaman 2 hektar yeri olan fermer tamamilə müflis olur. 200 hektar yeri olan fermerin isə 100 hektarda olan məhsulu batsa da, yerdə qalan 100 hektarının hesabına yaşayır. Ona görə də, zəif fermerlər anlayışını daxil etmək lazımdır və mütləq əlavə tədbirlər görülməlidir ki, onlar quraqlıqdan qorunsunlar”.

Ekoloq Telman Zeynalov hesab edir ki, ekoloji problemlər lokal yox, qlobal xarakter daşıyır:

“Ətraf mühit hər gün milyon kütlə həcmində çirkləndirilir. Həm maye, həm qaz, həm bərk cisimlər ətraf mühitə atılır. Təkrar istehsal olunmalıdır ki, təbiətə atılan yad cisimlərin həcmi azalsın. Zibillərdən azad olmaq, çirkab suları təmizləmək, tullantıları idarə etmək lazımdır. Dövlət sərəncam versin, kim istehsal edirsə, onlar da öz mallarını yığışdıraraq, zəhmət çəkib yenidən emal etsinlər. Həm onlar üçün yeni iş yerləri açılar, həm də şəhərlərimiz tər-təmiz olar. Kənd yerlərində tullantıları çürütməklə onu qaza, işığa çevirə bilərlər. Əgər bu templə ətraf mühitə müdaxilə olacaqsa onun qarşısını sonradan almaq mümkün olmayacaq”.

Ətraf mühit insanın inkişafı üçün zəruri olan məhsul və xidmətləri təmin edir. Bununla belə, insan fəaliyyətinin çox hissəsi təbiət sistemini dağıtmaq, zədələmək və ya yenidən qurmağa istiqamətlənib. İnsanın rifahı və həyat keyfiyyəti onun bu gün və gələcəkdə əldə edə biləcəyi ərzaq, su, enerji və bioloji ehtiyatların kəmiyyətindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər bugünkü nəsil daha çox məhsul və xidmətlər istehsal etmək imkanına malik olmaq istəyirsə, buna gələcək nəslin təmiz hava ilə nəfəs almaq və təmiz su içmək seçimini məhdudlaşdırmaq yolu ilə nail olmamalıdır.

Ölkəmizin ekoloji siyasətini özündə əks etdirən bir sıra sənədlər var. 2010-cu ilədək bu yöndə fəaliyyəti istiqamətləndirən əsas proqram sənədi hesab edilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” Dövlət və milli proqramlardan konkretliyi ilə fərqlənir. Ekologiya vəTəbii Sərvətlər Nazirliyi bu proqrama əsasən, təhlükəli tullantıların idarə olunması, məişət tullantıları üçün poliqonun tikintisi, Xəzərə axıdılan tullantıların qarşısının alınması, Heydər Əliyev adına Hava Limanının ətrafında ekologiyanın bərpası, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlərdə iştirak edir. Hazırda Bakı Buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay sular altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənən ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir. Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər görülüb.


Həmçinin, Xəzər dənizinə axıdılan axıntılar da modul tipli sutəmizləyici qurğularla təmizlənir və dənizə axıdılır. İndiyədək 4070 kub metr çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 ədəd modul tipli təmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb. Bu sistemin fəaliyyəti Abşeronun şimal sahilinin 61 kilometrlik sahəsinin təmiz qalmasına şərait yaradır. Abşeron yarımadasının sahilboyu zolağında hazırda şimal istiqamətində - Novxanı-Sumqayıt sahilboyu ərazilərdə mövcud axarların üzərində modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 7 stansiya qurulması işləri yekunlaşmaq üzrədir.

Ruzbeh Məmməd
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər