Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı ilkin layihə hazırlanır.
Bakupost.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.
"Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev bir neçə ay əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır.
"Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu, əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək", - deyə açıqlamada bildirilir.