
Fərhad Kərimli, rəqəmsal marketinq və media strategiyası üzrə
mütəxəssis
Aprelin 14-də Türkiyənin Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb. Bundan əlavə, Zonquldağda məktəbə hücumla bağlı təhdid yayan lisey şagirdi saxlanılıb.
Türkiyədə baş verən bu hadisələr fonunda Azərbaycanda 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verən hadisəni xatırlayırıq. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliminə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Fevralda ölkəmizdə, son günlərdə isə Türkiyədə baş vermiş bu hadisələr cəmiyyət üçün ciddi şok effekti yaratdı. Bir şagirdin silahdan istifadə edərək digər şagirdlərə hücumu təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir və eyni zamanda bu cür davranışların hansı mühitdə formalaşdığı sualını ortaya çıxardı. Hadisə geniş müzakirələrə səbəb oldu və xüsusilə sosial medianın mümkün təsiri diqqət mərkəzinə düşdü.
İlk baxışda bu tip hadisələr fərdi aqressiya, psixoloji problemlər və ya sosial təcrid kimi səbəblərlə izah olunur. Lakin müasir rəqəmsal mühitdə bu yanaşma artıq kifayət etmir. Çünki bu gün fərdlər yalnız real dünyada deyil, paralel olaraq alqoritmlərlə idarə olunan rəqəmsal ekosistemdə formalaşır.
Rəqəmsal davranışları və media təsirini sistemli şəkildə analiz etdikdə görürük ki, sosial media bu tip ekstremal aktların səbəbi deyil, lakin onların formalaşma, sürətlənmə və təqdim olunma formasında kritik rol oynayan bir mühitdir.
Son illərdə baş vermiş hadisələr göstərir ki, zorakılıq artıq təkcə “baş verən hadisə” deyil, eyni zamanda “istehsal olunan kontent”ə çevrilib.
Məsələn, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç şəhərində cümə namazı vaxtı məscidlərdə həyata keçirilən və 51 nəfərin ölümü, 89 nəfərin yaralanması ilə nəticələnən silahlı terror hücumu zamanı, hücum edən şəxs aktı yalnız törətməklə kifayətlənmədi – onu canlı yayımladı, vizual dili və narrativi öncədən planladı. Bu, təsadüfi davranış deyil, rəqəmsal platformaların məntiqinə uyğunlaşdırılmış kommunikasiya modelidir.
Oxşar pattern 14 may 2022-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketlərin birində müşahidə olundu. Burada hücum edən şəxs əvvəlcədən onlayn platformalarda radikallaşmış, müəyyən ideoloji kontentlə qidalanmış və hücumu eyni formatda təqdim etməyə çalışmışdı. Bu isə göstərir ki, sosial media yalnız məlumat ötürən kanal deyil, davranış modellərinin öyrənildiyi və təkrarlandığı mühitdir.
Daha erkən nümunə – 20 aprel 1999-cu ildə ABŞ-ın Kolorado ştatının Kolumbin şəhərindəki Kolumbin liseyində baş verən atışmada və bombalama cəhdində on ikinci sinif şagirdləri Erik Harris və Dilan Klebold 13 şagirdi və bir müəllimi qətlə yetirdilər. Qaçmağa çalışarkən 20 nəfər yaralandı. Hücum Harris və Kleboldun intihar edərək ölməsi ilə başa çatdı. Bu hadisə sosial medianın bu qədər güclü olmadığı dövrdə baş versə də, sonrakı illərdə sosial platformalar vasitəsilə müəyyən qruplar üçün “referans hadisə”yə çevrildi. Bu isə çox vacib bir məqamı ortaya qoyur: rəqəmsal mühit yalnız yeni davranış yaratmır, köhnə hadisələri də davamlı şəkildə “yenidən istehsal edərək” onların təsir müddətini uzadır.
Bu nöqtədə artıq məsələ təkcə kontentin mövcudluğu deyil, onun necə paylanmasıdır. Alqoritmik sistemlər istifadəçinin platformada qalma müddətini artırmaq üçün emosional yüklü kontenti prioritetləşdirir.
Araşdırmalar göstərir ki, qorxu, qəzəb və şok effekti yaradan məzmunlar digər kontentlərlə müqayisədə daha yüksək engagement (bəyənmə, paylaşım, izlənmə) yaradır. Bu isə platformaların biznes modeli ilə etik məsuliyyəti arasında ciddi bir ziddiyyət yaradır: diqqət iqtisadiyyatı ilə ictimai təhlükəsizlik hər zaman üst-üstə düşmür.
Buradan bir neçə fundamental dilemma ortaya çıxır.
– Birincisi, məlumatlandırma və yayılma dilemmasıdır. Media bu hadisələri işıqlandırmalıdır – bu, ictimaiyyətin məlumat alma haqqıdır. Lakin hadisənin detallı vizuallaşdırılması, hücum edən şəxsin kimliyinin və motivlərinin mərkəzə çəkilməsi bəzən istəmədən “copycat effect” (təqlid effekti) riskini artırır. Akademik araşdırmalar göstərir ki, yüksək mediatik rezonans doğuran zorakılıq hadisələrindən sonra qısa müddət ərzində oxşar hadisələrin baş vermə ehtimalı artır.
– İkincisi, azadlıq və nəzarət dilemmasıdır. Sosial media platformaları ifadə azadlığını qorumağa çalışır, lakin eyni zamanda zərərli kontentin yayılmasının qarşısını almaq məsuliyyəti daşıyır. Həddindən artıq moderasiya senzura kimi qəbul oluna bilər, zəif moderasiya isə radikallaşma və zorakılıq riskini artırır. Xüsusilə yeniyetmələr bu balanssızlığın ən həssas auditoriyasıdır.
– Üçüncüsü, görünürlük və məsuliyyət dilemmasıdır. Rəqəmsal mühitdə “görünmək” sosial dəyərə çevrilib. Bəzi fərdlər üçün ekstremal davranışlar belə diqqət qazanmaq və “mesaj vermək” vasitəsinə çevrilə bilər. Bu, artıq psixoloji motivasiyanın rəqəmsal mühitlə necə transformasiya olunduğunu göstərir.
Bütün bunların fonunda sosial medianın rolunu düzgün çərçivələndirmək vacibdir: bu platformalar səbəb deyil, lakin risk faktorlarını gücləndirən, davranışları modelləşdirən və bəzi hallarda onları sürətləndirən ekosistemin ayrılmaz hissəsidir.
Məsələyə həll yönümlü yanaşdıqda isə sistemli addımlar tələb olunur:
Platformalar üçün: Alqoritmik şəffaflığın artırılması, zorakılıq və radikal kontentin yayılmasını məhdudlaşdıran daha proaktiv sistemlər, xüsusilə yeniyetmələr üçün qoruyucu mexanizmlərin gücləndirilməsi.
Media üçün: Etik reportinq standartlarının tətbiqi – hadisənin dramatizasiyasından qaçmaq, hücum edən şəxsi mərkəzə qoymamaq, vizual və dil seçimində məsuliyyətli olmaq.
Valideynlər və təhsil sistemi üçün: Rəqəmsal savadlılıq artıq əlavə bacarıq deyil, zəruri kompetensiyadır. Gənclərin istehlak etdiyi kontentin tənqidi analizini öyrətmək vacibdir.
Psixoloji və sosial institutlar üçün: Erkən mərhələdə riskli davranışların identifikasiyası və müdaxilə mexanizmlərinin gücləndirilməsi.
Nəticə etibarilə, bu cür hadisələrə yalnız “kim günahkardır?” sualı ilə yanaşmaq bizi irəli aparmır. Daha doğru sual budur: “Bu davranış hansı mühitdə formalaşdı və biz o mühiti necə dəyişə bilərik?”
Əgər bu sualı sistemli şəkildə cavablandıra bilməsək, hər yeni hadisədən sonra eyni müzakirələri aparacaq, amma real dəyişiklik yaratmayacağıq.