Mərakeşin Fəs şəhərində gecə saatlarında iki dördmərtəbəli yaşayış binası bir anda çöküb. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, hadisə nəticəsində azı 19 nəfər həlak olub, 16-dan çox sakin yaralanıb. Yaralılar universitet xəstəxanasına yerləşdirilib.
Bakupost.az xəbər verir ki, hadisə şəhərin Əl-Məsira məhəlləsində qeydə alınıb. Uçan binalarda ümumilikdə səkkiz ailə yaşayırdı. Axtarış-xilasetmə işləri davam edir, dağıntılar altında qalanların olması istisna edilmir.
İlkin məlumatlar göstərir ki, binalar uzun müddətdir qəzalı vəziyyətdə olub və sakinlər divarların çatladığını dəfələrlə bildirsə də, ciddi təmir aparılmayıb. Mərakeş mediası bu faciəni ölkədə köhnə yaşayış fondunun təhlükəli vəziyyətinin növbəti sübutu kimi qiymətləndirir.
Bu, Fəs şəhərində son bir il ərzində baş verən ikinci ağır bina çökməsidir. Hadisənin səbəbi araşdırılır.



Cavid, BakuPost