Ru
16:51 / 10 Fevral 2026

Məşhur naşir depressiyaya düşdü – “Psixoloqdan terapiya alıram”

Məşhur naşir depressiyaya düşdü – “Psixoloqdan terapiya alıram”
Eye

“Sağlamlığım hələ də bərpa olmayıb. Ağrılarım var, bəzən 15 dəqiqə gəzmək belə məni çox incidir. Psixoloji olaraq da toparlana bilmirəm.

Həmişə pozitiv enerji ötürməyə çalışmışam. İndi isə şən və gümrah görünməyə çalışıram, daxilən isə çökmüş durumdayam”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli deyib.

Onun sözlərinə görə, 20 il ərzində qurduğu şirkət, iş məsuliyyəti, komandası və oxucu qarşısında mənəvi-emosional öhdəlikləri səbəbindən motivasiya verən pozitiv videolar paylaşır, işlə bağlı qruplarda səsi həmişəki kimi gümrahdır, iclaslarda isə aktiv görünməyə çalışır. Lakin yaşadığı travmalardan qurtulmaq qəti asan deyil:

“Əməliyyatxanada ağrı içində kömək istəmək, uzun müddət köməksiz və tək qalmaq məndə ciddi psixoloji sarsıntı yaradıb.

Anlaya bilmirəm mən niyə belə asanlıqla sındım? Azərbaycanda 20 il sahibkarlıqla məşğul olmaq, rüşvət ödəmədən sabit bir şirkət qurmaq, cəmiyyət üçün mənalı və vacib işlərlə məşğul olmaq bilirsiniz nə dərəcədə güc və iradə tələb edir? Dəfələrlə ədalətsizlik ilə mübarizə aparmışam, həmişə qorxularıma qalıb gəlmişəm. “İndi sən niyə belə vəziyyətdəsən, Nigar?” özümə dayanmadan sual verirəm.

Baxmayaraq ki, psixoloqdan terapiya alıram, antidepressant qəbul edirəm, hələ də beynimdən fəryad etdiyim həmin anları silə bilmirəm. Üstəlik, bu 3 həftəyə 6 kq çəki də itirmişəm. Heç bilməzdim ki, həmişə arzuladığım çəkidə olmaq xoşbəxtlik əvəzinə belə bədbəxtlik gətirərmiş.

Bütün bunları etiraf etmək mənim üçün olduqca çətindir.

Nə yaxşı ki, yanımda olan sevdiyim həyat yoldaşım, ailə üzvlərim, rəfiqələrim, sevgi ilə gördüyüm işim var. Nə yaxşı ki, sizdən saysız-hesabsız dəstək messajları alıram, kitab mağazalarımda, küçələrdə tanımadığım insanlar gəlib məni qucaqlayır..

Bunlar böyük dəstəkdir, amma sağaltmır. Hər gün daha da dərin bataqlığa batıram.... Xırda şeylərlə özümü sağaltmağa çalışıram – kitablar, kino. Qızım da yanıma gəlib, ona doymadan baxıb, onunla söhbət etmək. Üstəlik, prinsipiallığım və iradə gücüm dağılmayıb – mübarizəmə sona qədər davam edəcəyəm və bu hiss mənə qismən rahatlıq gətirir ədalətsizliyə qarşı susmayacağam.

İçimdə, lap dərində bir hiss var – “ən qaranlıq gecədən sonra sübh gəlir”. Mən belə bir zülmətdəyəm, amma bilirəm ki işıq gələcək”.

Xatırladaq ki, bir müddət əvvəl Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini bildirmiş və bununla bağlı sosial media hesabında geniş açıqlama yaymışdı.

Yasəmən

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar