Amerikada yaşayan yapon əsilli məşhur aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib. Məlumata görə, aktyor 4 dekabr 2025-ci ildə Kaliforniyanın Santa-Barbara şəhərində insult keçirməsi nəticəsində dünyasını dəyişib.
Taqava kino karyerasına 1980-ci illərin sonunda başlayıb və qısa müddətdə Hollivudun tanınan simalarından birinə çevrilib. O, Bernardo Bertoluççinin “The Last Emperor” filminə çəkildikdən sonra beynəlxalq kino aləmində özünə yer qazanmışdı. Lakin aktyoru dünya miqyasında məşhurlaşdıran əsasən “Mortal Kombat” franşizasında canlandırdığı Şanq Tsunq və Ceyms Bondun “Öldürmək üçün icazə” (“Licence to Kill”) filmində Kvanq rolları olub. O, həmçinin “Pearl Harbor”, “Meymunlar planeti” (“Planet of the Apes”), “Qeyşanın xatirələri” (“Memoirs of a Geisha”) və “Uca qəsrdəki adam” (“The Man in the High Castle”) kimi nüfuzlu filmlərdə də rol almışdı. Karyerası boyunca 150-dən çox film və serialda çəkilən aktyor öz unikal xarizması və güclü ekran performansı ilə seçilirdi.
Tokioda anadan olan Taqava uşaqlıq illərindən ABŞ-da yaşayıb. Atası amerikalı hərbçi, anası isə yapon aktrisa olub. Müxtəlif mədəniyyətlərin kəsişdiyi bir mühitdə böyüməsi onun ekranda canlandırdığı rollara da təsir etmiş. Aktyor çox zaman güclü, prinsipial və mürəkkəb xarakterləri ustalıqla canlandırmışdı.
Onun vəfatı ilə bağlı xəbər kino ictimaiyyətində və sosial mediada geniş rezonans doğurub. Dünyanın müxtəlif ölkələrindən pərəstişkarlar aktyorun kino irsini yüksək qiymətləndirərək onun yadda qalan rollarını paylaşır və hörmət dolu mesajlarla anırlar. Keri-Hiroyuki Taqava həm Asiya əsilli aktyorların Hollivuda yol açmasında, həm də müxtəlif janrlarda formalaşan xarakter rollarının inkişafında mühüm iz buraxmış sənətkar kimi xatırlanır.
Cavid, BakuPost