“ABŞ-İran müharibəsinin qalibi yoxdur. Hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb”.
Bakupost.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, atəşkəsdən sonra Tehranın öz daxili problemlərini həll etməsi müşkül görünür:
“Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə və ballistik raket istehsalını bərpa edərsə, deməli İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq. Ancaq orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə 90 milyonliq əhalinin təminatlarını ödəməlidir”.
Politoloq həmçinin vurğulayıb ki, hazırki şəraitdə müharibənin tam bitdiyini söyləmək çətindir:
“Əgər müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdisə və dükan sahibləri etiraza qalxmışdılarsa, müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib. İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Çünki, Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək. Həqiqətən müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qala, tərəflər atəşkəsə riayət etsinlər”.