Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:45 / 08 Oktyabr 2024

Nazir elm düşərgəsini ifşa etdi - Yüksək postdan deyilən acı reallıq

10257













Zahid Nurəliyev
Jurnalist



Elm və Təhsil naziri Emin Əmrullayevin tənqidçiləri çoxdur. Deputat, təhsil eksperti, jurnalistlərdən tutmuş valideynlərədək. Əlbəttə, onların haqlı olduğu məqamlar az deyil. Elə gözləntiləri də. Hətta çoxları Misir Mərdanovun 15 ildə edə bilmədiklərini Emin Əmrullayevin 1 ildə etməsini gözləyirlər. Nazirin isə sehirli çubuğu təəssüf ki, yoxdur. O səbəbdən təhsildə müsbət dəyişikliklər olsa da, köhnə problemlər də qalır.

Amma misalı Emin Əmrullayevdən uzaq, "yüz dəfə imam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağlamaq lazımdır". Axı, nazir demir ki, təhsilimiz gül-çiçək açıb, bağ belə, bostan elə. Əksinə, deyir ki, məktəbdə, bağçada hələ də gül-çiçək, hədiyyə, "şirinlik" problemi var. Yəni, "çp"ləri açıb ortaya qoyur.

Yadınıza gəlirsə, təzə təyin olunduğu vaxtlarda "bayram pulu"ndan danışmışdı. Demişdi ki, "Valideynlərin verdiyi ödənişlər könüllü olmalıdır”. Nazirin bu sözlərindən sonra ara qarışmadımı? Hay-küy saldılar ki, bəs, qoymayın, Əmrullayev rüşvəti leqallaşdırır. Əslində isə bu, problemin etirafı idi. Mesaj isə "ağını çıxaran" direktorlara yönəlmişdi ki, özünüzü yığışdırın.

Yaxud ali məktəblərdə səmərəsiz, hətta lazımsız tədris məsələsini götürək. Nazir deyir ki, "Universitetlərdə o qədər fənn var ki, onlar keçirilməməlidir". Doğrudan da Bakı, Sumqayıt uşaqları niyə 4-5 ilini itirib aqrar ixtisaslarda oxumalıdır? Bakıda pambıq tarlası, Sumqayıtda tütün plantasiyası salacağıq? Yaxud balaca bir ölkədə hər il yüzlərlə politoloq, kitabxanaçı, tərcüməçi, muzey, arxiv işçisi və s. yetişdirməyin nə mənası var? Sabah onlar harda iş tapacaq? Aldıqları diplom adi kağız parçasına çevrilməyəcəkmi?
Bu mövzuları müzakirə eləməkdənsə gözləyirik, Emin Əmrullayev nəsə deyəcək, biz də onun hansısa sözünün ucundan tutub naziri tənqid edəcəyik. Məsələn, elə onun "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür" sözlərinə qulp qoyduğumuz kimi... Bu, lap "mən deyirəm, damdan dama, sən deyirsən, çarığımı yama" misalına döndü. Söhbət ifadəli və ya sürətli oxuma ilə oxuduğunu anlamaq bacarığının fərqindən gedirdi. Amma içi deputatlar qarışıq bir çoxları bu söhbəti haralara aparıb çıxarmadılar? Guya nazir 4 milyon insana "tupoy" deyib, xalqı təhqir edib. Elə bununla da aydın oldu ki, doğrudan da çoxları oxuduğu və ya eşitdiyini ya anlamır, ya da səhv anlayır.

Bizdə deyəsən, heç "alim olmaq asandır, insan olmaq çətin" sözünü də düzgün anlamırlar. Çoxları bunu sözün birbaşa mənasında başa düşür. Bəlkə heç onları qınamaq da doğru deyil. Çünki Azərbacyanda alim olmaq həqiqətən də çox asandır. Elə ona görə də göyə daş atırsan gedib "alim"ə dəyir. Alim olmaq asan olmasaydı, ölkədə bu qədər elmlər namizədi, elmlər doktoru olardımı?

Diqqət edin, 2023-cü ildə Azərbaycanda 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Onların 5-i riyaziyyat, 5-i fizika,7-si texnika elmləri, 7-si iqtisad elmləri, 9-u tarix üzrə, 11-i tibb elmləri, 32-si filologiya elmləri və başqa sahələr üzrə verilib.

Hələ dəqiq fənləri qoyaq kənara, filologiyamızda hansı yeni üfüqlər açılıb ki, 1 ildə 32 nəfər elmlər doktoru olub? Axı, biz neçə ildir baş sındırırıq, Azərbaycan dilində "şpilka"nın qarşılığını tapa bilmirik. Bəs, bu elmlər doktorları hansı tədqiqatları ilə bu adı qazanırlar? Niyə bu tədqiqatların nəticələrinə açıq mənbələrdə rast gəlmirik?

Başqa bir fakta diqqət edək. 2024-cü ilin I yarısında 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilib. Onlardan 184 nəfəri fəlsəfə doktoru, 38 nəfəri elmlər doktorudur.

Bu günlərdə açıqlanan məlumata görə isə, Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb. Bunlardan 1343 nəfəri elmlər doktoru, 5706 nəfəri isə fəlsəfə doktorudur.

Aşağı-yuxarı ildə Azərbaycanda ən azı 50-90 nəfərə elmlər doktoru adı verilir. Amma niyə Azərbaycanda elm qatar kimi sürünür? Niyə nə vaxtsa Elmlər Akademiyası həqiqətən savadlı, elmli adamların çalışdığı məkan, elmi tədqiaqtlar aparan ali qurumla - AMEA ilə assosiasiya olunurdu, indisə daha çox metro stansiyasi ilə?

Əgər doğrudan da Azərbaycanda minlərlə adam alimliyi öz zəhməti, alın təri, araşdırma və kəşfləri ilə qazanıbsa, onda niyə elmimiz dünya elmindən bu qədər geri qalır? Niyə Nobel mükafatı alan demirəm, bu mükafata namizədliyi irəli sürülən bir fizik və ya kimyaçımız yoxdur? Hansı azərbacyanlı alimin yazdıqları ABŞ və ya Avropa ölkələrində tədris olunur?

Bu baxımdan nazir Emin Əmrullayevin "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir" fikirlərində də haqlı deyilmi?

Görün, vəziyyət nə qədər acınacaqlı, AMEA necə bərbad gündədirsə, artıq Elm və Təhsil naziri də bunu etiraf edir. Nazirin bu sözləri Azərbacyanda alim adının pulla alınıb-satıldığının rəsmi etirafıdır...

Amma etiraf azdır. Alim adının yalnız layiqli insanlara verilməsi üçün real addımlar atılmalıdır. O zaman təhsil sahəsində çox "pazl"lar yerinə oturacaq. İnanın ki, alim adının hər cür yaramaza verilməsi dayandırılsa, orta məktəblərdə də "fond pulu", müəllimlərin "bayram pulu" yığması "ənənəsi" aradan qalxacaq...



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar