İsraildə Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası Baş nazir Benyamin Netanyahunu seçkilərin nəticələrinə olan etimadı sarsıtmağa cəhd göstərməkdə ittiham edib.
"Bakupost" TodayPress TV-yə istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bəyanat Netanyahu və onun “Likud” partiyasının digər nümayəndələrinin müxaliflərin heç bir sübut təqdim etmədən “seçkiləri oğurlamağa” çalışdıqlarına dair açıqlamalarından sonra səsləndirilib.
“Netanyahu təşviş içindədir, hekayələr uydurmağa başlayıb və seçkilərin ondan oğurlandığını iddia edir. Bu, təsadüfi deyil. O, artıq səsvermənin nəticələrinə etiraz etmək üçün zəmin hazırlayır”, – deyə “Yaşar” partiyasının bəyanatında bildirilib.
İttihamlara Netanyahunun siyasi rəqiblərinin seçkiləri “oğurlamağa” çalışdıqlarına dair açıqlamaları səbəb olub. Daha əvvəl Baş nazir ərəb seçicilərin fəal şəkildə səfərbər olunması barədə xəbərdarlıq edib və RAAM partiyasının nümayəndələrini səsvermənin nəticələrinə təsir göstərməyə cəhd etməkdə ittiham edib.
“Yaşar” partiyası tərəfdarlarını “Likud” üzərində inamlı qələbə qazanmağa çağırıb. Partiya hesab edir ki, bu, Netanyahunun seçkilərin nəticələrinə etiraz etmək üçün əsasının olmamasını təmin edəcək.
“Bugünkü üstünlük o qədər böyük olmalıdır ki, onu təhrif etmək mümkün olmasın”, – deyə partiyadan bildirilib.