Ru
17:35 / 30 Noyabr 2020

Qarabağdakı qızıl yataqlarının aqibəti necə olacaq? ŞƏRH

Qarabağdakı qızıl yataqlarının aqibəti necə olacaq?  ŞƏRH
Eye


Ermənistanın Baş naziri Nikol Paşinyanın Söyüdlü (ermənilər “Zod” adlandırır-red.) qızıl yatağı barədə çıxışı ölkəmizdə birmənalı qarşılanmadı. Həmin ərazidə iqtisadi üstünlüyün hansı ölkədə - Azərbaycanda, yoxsa Ermənistanda olacağı hər kəsi düşündürdü.

Bununla yanaşı, “27 ildir qanunsuz olaraq Kəlbəcərdə qızıl çıxarmaqla məşğul olanları nə gözləyir” sualı da aktualdır.


Mövzu ilə bağlı “BakuPost”a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirdi ki, Kəlbəcər rayonunda Ermənistanla sərhəddə yerləşən Söyüdlü yatağı Qafqazın ən yaxşı yataqlarındandır:


“Orada təxminən 112-115 ton qızıl var. Təxmini rəqəmlərə görə, 1 ton filizdən 7,3 qram təmiz qızıl əldə etmək mümkündür. Həm də burada qızıl çox asanlıqla əldə olunur. Sovet dönəmində Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədlərinin delimitasiyası vaxtı Söyüdlü yatağının 74%-i Azərbaycan tərəfinə, yəni Kəlbəcərə düşüb, qalanı isə Ermənistana qalıb. Elə o vaxtlar da məlumat vardı ki, burda yüksək tərkibdə qızıl var. Qeyd edim ki, Söyüdlü yatağının yaxşı hissəsi elə Azərbaycan tərəfindədir, zəif, qızıl az olan hissəsi isə Ermənistana düşür. Bu baxımdan iqtisadi üstünlük də Azərbaycanda olacaq”.

Millət vəkil qeyd etdi ki, 27 il ərzində erməni vandalları və biznesmenləri çox intensiv formada bizim yatağımızı istismar edib:

“Bunun sayəsində mümkün qədər çox qızıl çıxarıblar. Onlar bilirdilər ki, gec-tez Kəlbəcər Azərbaycana qayıdacaq. Buna görə də həmin yataqda 2 məqsədlə hərəkət edirdilər. Birincisi, maksimum qızıl çıxarmaq, ikincisi isə Azərbaycana düşən hissəyə daha artıq ziyan vurmaq. Yəni, işğaldan azad olunandan sonra o yataqdan Azərbaycana heç nə çatmasın. Dağlıq Qarabağ Ermənistanın işğalı altında olanda hiyləgərlik, riyakarlıq, varvarlıq və faşist hərəkətləri ilə yüzlərlə yerlərdə buna oxşar addımlar atıblar. Ermənistanın belə addımları, münasibəti istər ekoloji, istərsə də iqtisadi cəhətdən ifşa olunmalıdır. Tərtər rayonu ərazisində də “Qızılbulaq” adlı qızıl mədənlərimiz var. Söyüdlü, Veynəli və Qızılbulaq Azərbaycanın qızıl yataqlarıdır. Biz dünya mütəxəssislərini də artıq o yerlərə dəvət etmişik, onlarla görüşlər keçirilir, müzakirələr aparılır. Onlar həmin ərazilərə baxış keçirdikdən sonra Azərbaycan qızıl yataqlarını istismar edəcək. Cənab Prezidentin tapşırığı əsasında artıq xüsusi komissiya da yaradılıb. Yaradılan komissiyanın əsas işlərindən biri də orada monitorinqlərin aparılması və vəziyyətin qiymətləndirilməsidir. Bunun əsasında xüsusi məlumat hazırlanacaq”.


“Bizdə olan məlumatlara görə, etnik erməni Vartan Sirmakes uzun müddətdir ki, orada qızıl yataqlarından istifadə edib”, - deyən R.Quliyev əlavə etdi ki, Sirmakes qızılı saat istehsalı ilə məşğul olan dünya şöhrətli “Franck Muller” şirkətinə satıb:

“Bu məsələni də qaldırıb, bütün dünyanı məlumatlandırmaq lazımdır. Çünki şirkət oğurluq yolla istismar olunmuş qızıldan istifadə edib. Bu məsələ şirkətin imicini kifayət qədər aşağı sala bilər. Buna uyğun bir nümunə göstərim. Özbəkistandan pambıq alıb istifadə edən pambıq şirkətləri uşaq istismarı ilə məşğul idi. Bu aşkarlananda isə həmin şirkətlər, eyni zamanda o pambıqdan geyim istehsal edənlər kifayət qədər ciddi problemlərlə üzləşmişdilər. Çünki belə bir şey dünyaca məşhur şirkətlər üçün çox böyük problemdir. Biz də “Franck Muller” üçün bu problemi yaratmalıyıq ki, digərlərinə dərs olsun. Ona görə də bu məlumatı yaymaq lazımdır. Bunun əvəzində “Franck Muller” Azərbaycana təzminat ödəməlidir, bu, bizim haqlı tələbimizdir. İstifadə olunan qızılın həcmi hesablanacaq və bundan sonra həmin şirkətin Azərbaycan tərəfinə vurduğu ziyan ödəniləcək. Çünki bütün beynəlxalq qanunları pozaraq o yataqlardan çıxan oğurluq qızıldan istifadə edən şirkət başa düşməlidir ki, bu hadisə hesab-kitabsız qalmayacaq”.

Qeyd edək ki, N.Paşinyan Söyüdlü qızıl yatağının yarısının Azərbaycan, yarısının isə Ermənistan ərazisinə düşdüyünü bildirib:


“Üçtərəfli razılaşmaya görə, Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı ilə həyata keçirilir”.

Ləman Hüseynzadə

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar