Ramazan bayramı yaxınlaşdıqca sosial şəbəkələrdə və ictimai müzakirələrdə bir sual daha tez-tez səslənməyə başlayır. Bayram günlərində sosial həssas təbəqəyə dövlət tərəfindən əlavə dəstək göstərilə bilərmi?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, belə yardımın ayrılması həm siyasi, həm də iqtisadi baxımdan mümkündür.
“Bir sıra ölkələrdə, xüsusilə Türkiyədə Ramazan və Qurban bayramları ərəfəsində sosial təminatı aşağı olan vətəndaşlara müxtəlif formatlarda dəstək göstərilməsi artıq ənənə halını alıb. Türkiyədə bələdiyyələr və dövlət qurumları tərəfindən birdəfəlik yardımlar verilir. Bu yardımlar həm pul, həm də ərzaq formasında ola bilir və dövlət ənənəsi kimi davam etdirilir”.
Partiya sədri qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dini bayramların sosial dəstək mexanizmləri baxımından yetərincə qiymətləndirilmədiyini düşünür:
“Hazırda belə bir yardımın ediləcəyini gözləmirik. Hətta təntənəli qeyd olunan Novruz bayramı zamanı da əhaliyə bu tip sosial yardımlar təqdim edilmir. Dövlət hər fürsəti vətəndaşına dəstək üçün dəyərləndirməlidir. Ramazan ayı da belə məqamlardan biridir. İstək olsa, bunun yolları və variantları var”.
Beləliklə, ekspertin fikrincə, Ramazan bayramı münasibətilə birdəfəlik sosial yardımın ayrılması mümkündür, lakin bunun reallaşması daha çox siyasi qərardan asılıdır.