Tarixçi professor Cəmil Həsənli 2020-ci ildə mətbuata verdiyi açıqlamada Ramiz Mehdiyev haqqında belə deyir: “Vaxtı ilə Əbdürrəhman Vəzirov respublika rəhbəri təyin edildikdən sonra 1988-ci ildə Ramiz Mehdiyevin məsələsini plenuma qoyub, onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə bu gün Siyavuş Novruzovun onun haqqında dediklərini Ramiz Mehdiyev də sözbəsöz Heydər Əliyev haqqında deyib.
Ramiz Mehdiyev deyib ki, onu komsomol işinə Həsən Həsənov, partiya işinə isə Teymur Süleymanoviç (Əliyev) irəli çəkib. Əksinə, Heydər Əliyevlə uzun müddət münasibətləri soyuq olub və Əliyev hətta onun karyera yüksəlişinə də mane olub. O, əlavə edirdi ki, biz yalnız Vəzirovun gəlişindən sonra anladıq ki, əsl partiya işi, partiya demokratiyası nə deməkdir. O, bütün vasitələrlə çalışırdı ki, Mərkəzi Komitənin (MK) katibi vəzifəsindən uzaqlaşdırılsa da, MK üzvü olaraq qalsın. Necə ki, Prezidentin İcra Aparatının rəhbəri vəzifəsindən getsə də, Təhlükəsizlik Şurasının üzvü olaraq qalır. Plenumda Heydər Əliyevin əleyhinə danışması da bununla bağlı idi. Lakin indikindən fərqli olaraq, 1988-ci ildə onu həm MK katibi vəzifəsindən, həm də üzvlüyündən azad etdilər...”
Bakupost.az xəbər verir ki. bu məlumatı mühacir jurnalist Elbəyi Həsənli bölüşüb.
“YAP-ın qurucularından biri, sabiq deputat Maksim Musayev də 2020-ci ildə Ramiz Mehdiyev haqqında maraqlı fikirlər səsləndirib: "O zaman Vəzirov məni də kabinetinə çağırıb belə yazılar yazmağa məcbur etmək istəyirdi. Lakin qəti şəkildə imtina edəndə, o vaxt məşhur rəhbər işçilərdən olan İsa Məmmədovla yanaşı, Ramiz Mehdiyevin də Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu. Vəzirov dedi ki, sən nə “partizanlıq” edirsən, görürsən bunlar necə yazır, sən niyə yazmırsan?
Eyni zamanda, 1987-ci ildə Heydər Əliyev partiyanın Siyasi Bürosundan çıxarılandan sonra keçirilmiş plenumda Ramiz Mehdiyevin onun əleyhinə çıxışı da çoxlarının yadındadır. Lazım olsa, onu arxivdən çıxarmaq da olar..." - o qeyd edib.
Zaur, Bakupost