Ramiz Mehdiyevin möhtəşəm yazısına - Sözardı

  • 30 Avq 2020 17:05
  • 9743 Baxış
Ramiz Mehdiyevin möhtəşəm yazısına -  Sözardı


Akademik Ramiz Mehdiyev məlum qalmaqal ətrafında baş verən proseslər fonunda üçüncü məqalə ilə çıxış edib: amma bu dəfə məsələyə tamamilə fərqli istiqamətdən yanaşıb.

Əlbəttə, bu cür mövqe üçün müstəqil Azərbaycanın ən yüksək vəzifələrindən birində 25 ildən çox çalışandan sonra daha 10 ay AMEA prezidenti postunda “gözləmək” lazım deyildi. Və ümumiyyətlə, nəvəsinə keçirdiyi toy meydanoxuması ilə ciddi hədəfə çevrilməsəydi, bu cür problemləri qaldırıb-qaldırmayacağı da mübahisəlidir və təəssüf ki, ötəngünkü məqaləsində əsas məqsədin özünə yönələn aqressiyanı neytrallaşdırmaq və fərqli istiqamətə diqqət çəkmək olduğu açıq-aşkardır. Amma bütün hallarda qaldırdığı problemlər doğrudan da çox aktualdır və mütləq müzakirə tələb edir.

Bir-bir, ardıcıl olaraq akademikin toxunduğu məqamları astar üzünə çevirməyə çalışaq.

Erməni hibrid savaşı

Akademik Şuşanın guya qədim erməni şəhəri olması haqda Fransanın “Liberasyon” qəzetində 26 avqust 2020-ci il tarixdə yayımlanan məqaləyə, rusiyalı kosmonavt İqor Vaqnerin Xankəndinin kosmosdan çəkilən fotolarını “qədim erməni məskəni” kimi yaymasına, Rusiya Təhsil Nazirliyinin 9-cu siniflər üçün dərc etdiyi “Rusiya tarixi” dərsliyində Türkmənçay müqaviləsi ilə Rusiyanın nəzarətinə keçən bölgələrimizin “Şərqi Ermənistan” olaraq qələmə verilməsinə diqqət çəkir və bunu erməni təbliğatının əldə etdiyi son nəticələr adlandırır.

Olduqca ciddi məsələdir və akademik bunu Livan ermənilərinin Qarabağa köçürülməsi istiqamətində hazırda göstərdiyi çabalar fonunda təsadüfü saymır; Şuşanın “paytaxta” çevrilməsi yönündə işlərə toxunur və qeyd edir ki, “Dağlıq Qarabağın mərkəzinin Şuşaya köçürülməsi bu ilin mayında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın bu qədim Azərbaycan şəhərində təxribat məqsədilə təşkil edilən hərbi paraddakı iştirakı kimi milli qürurumuzu alçaltmağa hesablanıb”.

Vacib qeyd:

Əvvəla, Şuşada bu ilin may ayında baş tutan paradfason 2018 və 2019-cu illərdə Xankəndidə baş tutan eyniməzmunlu mərasimlərdən heç bir halı ilə “daha üstün” deyildi: 2019-cu ildə Xankəndidə təşkil edilən mərasim daha “təntənəli” idi və Paşinyan Şuşada “qələbə” mərasimində Çimənkənd yallısı oynayanda və “Qarabağ Ermənistandır, nöqtə” deyəndə Ramiz Mehdiyevin buna qarşı böyük kampaniya-təbliğat aparması imkanları həddən artıq böyük idi.

İkincisi, “niyə o vaxt bunu etmədiniz” ittihamından uzaq qaçmalıyıq və ümumiyyətlə, bu problemlərin qaldırılması daxili ittihamlar üzərində qurulmamalıdır, ümumi milli hədəflərə köklənməliyik. R.Mehdiyev daxili auditoriyaya ünvanlanan bu ittihamlarını indinin özündə də ölkə xaricində kampaniyaya çevirə və bu mövzuda lokomativ ola bilər(di) – bunu ondan həm siyasi karyerası, həm yaşı, həm də hazırkı vəzifəsi tələb edir.

AMEA prezidenti – olduqca yüksək vəzifədir; bura Ramiz Mehdiyevin Rusiya ilə arzuladığımızdan da “isti” olan münasibətlərini əlavə etsək, bu etirazlarını Rusiya nəşrlərinə, dərsliklərinə məsul şəxslərə, hətta rus kosmonavtın rəhbərinə-yiyəsinə bildirmək və bu təbliğatın qarşısına sinəsini vermək imkanları həddən artıq böyükdür. Niyə etmir?

“Rusiya tarixi” dərsliyinə ən mükəmməl cavabı Tarix İnstitutu və Rusiya EA ilə çox əla münasibətlərə malik olan AMEA verə bilər, daha doğrusu, verməlidir. Bütün arxivlər, akademik yanaşmalar, faktlar sizin rəhbərlik etdiyiniz qurumlardadır, ömrünü bu sahəyə həsr edən böyük mütəxəssislər ordusu orda cəmlənib. Nəyi və kimdən gözləyirsiniz ki? Yoxsa AMEA prezidenti vəzifəsinin imkanlarını qiymətləndirə bilmirsiniz?

Ziyalı fəaliyyəti qeyri-məqbuldur?

“Ziyalılarımızın təbliğat məsələsindəki rolundan söz düşmüşkən təəssüflə deməliyəm ki, onların aktivliyi arzuolunan səviyyədə deyil. Məgər onlar öz əlaqələrindən və nüfuzlarından istifadə edərək, vaxtaşırı dünya dövlətlərinin liderlərinə, beynəlxalq təşkilatların rəhbərlərinə, nüfuzlu elm və sənət adamlarına müraciət edərək, Qarabağ məsələsinin beynəlxalq aləmdə daim diqqət mərkəzində qalmasına nail ola bilməzlər? Məgər erməni təcavüzünün doğurduğu nəticələri davamlı olaraq dünya mətbuatının gündəminə çıxarmaq bu qədər çətindir? Axı elm, sənət və mədəniyyət bunun üçün ən əlverişli platformalardır”.

Ramiz Mehdiyevin sözügedən məqaləsindən sitatdır – tam bir abzası olduğu kimi təkrar etməkdən ayrı əlacım yoxdur. Çünki bu sual və ritorika birbaşa cənab akademikin özünə aiddir: əlaqə - sizdə, nüfuz da maşallah, kifayət qədər, bəs, “vaxtaşırı dünya dövlətlərinin liderlərinə” AMEA prezidenti kimi müraciət etməyinizə nə mane olur və akademiklərin, professorların bu istiqamətdə fəaliyyətini genişləndirməsi üçün 25 il kuratorluq, 10 aydır birbaşa rəhbərlik etdiyiniz AMEA niyə addım atmır?

Eyni suallar Türkmənçay müqaviləsi ilə bağlı akademikin qaldırdığı problemə də aiddir. “Rusiya tarixi”ndən tutmuş Türkmənçay müqaviləsindəki “Şərqi Ermənistan” “bəndi”nə qədər məsələləri araşdırası və Rusiya alimlərinə, səlahiyyətlilərinə cavab verəsi bir qurum varsa, o da AMEA-dır. Tarix İnstitutunun rəhbəri, akademik Yaqub Mahmudov böyük ziyalılarımızdan biri, yaxşı alim, milli şəxsdir və bu institutda da əsasən parlaq alimlərimiz cəmləşib. Sizə kim və nə mane olur o alimlərlə birgə bu işləri müzakirə etmək üçün? Məgər 9-cu sinif “Rusiya tarixi” bu gün yazılıb, nəşr edilib, məktəblərə paylanılıb? Bu problem meydana çıxan kimi niyə AMEA, sizin təşkilatçılığınızla, reaksiya vermirdi?

Akademikdən daha bir sitat:

“Əgər maraq üçün dünyanın aparıcı universitetlərində, elmi araşdırma mərkəzlərində Azərbaycana və Ermənistana dair, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqındakı elmi qaynaqlara nəzər salsaq, bizim bu işdə nə qədər gecikdiyimizi aydın şəkildə görmək olar. Sual edirəm, erməni mövqeyindən qələmə alınmış subyektiv mənbələr əsasında problemi öyrənən əcnəbilərin rəyi kimin lehinə olacaq - bizim, ya ermənilərin?”

Ritorik sualın cavabı aydındır: amma bəs buna kim cavabdehdir, hörmətli akademik?

“Şəxsən mənə Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı ortaya qoyulmuş hər hansı əsaslı, düşünülmüş, sağlam təfəkkür və strateji baxış ehtiva edən heç bir elmi tədqiqat işi məlum deyil”.

Ciddi ittihamdır: niyə 25 il müddətinə alimlərimizə, elmi mərkəzlərimizə bu istiqamətdə tövsiyələrinizi verib, mükəmməl elmi tədqiqat işlərinin yazılmasına nail olmamısınız?..

Elmi araşdırma və baxışlarımızın yanlışlığı

Akademik bildirir ki, ermənilərin Gülüstan və Türkmənçay müqavilələri ilə bu ərazilərə kütləvi köçündən çox-çox öncə də Azərbaycan ərazisində erməni icması olub. Dolayısı ilə siyasi ideoloji-təbliğatımızda ermənilərin Azərbaycana gəlişini “150 illik abidə” üzərində qurmağımıza qarşı çıxıb.

Xatırlayıram, Şah İsmayıl Xətai haqda çox anormal bir polemika başlamışdı və Azərbaycan tarixinin bu misilsiz səhifəsinə həddən artıq, yumşaq desək, yanlış baxış ortaya qoyulur və təbliğ edilirdi. Həmin ərəfədə bir az gecikmə ilə Ramiz Mehdiyevin Şah İsmayıl şəxsiyyəti və Səfəvilər dövləti ilə bağlı mükəmməl bir araşdırması ortaya çıxdı – o məqalə hər bir hərfi, nöqtə-vergülünə qədər, çox doğru strateji-elmi əsaslar üzərində qurulmuşdu, dövlətçilik və milli ruhda yazılmışdı və sidq-ürəklə dəstəklədiyim o məqalə böyük bir yanlışın qarşısını birdəfəlik aldı.

Cənab akademik, ermənilərin Türkmənçay müqaviləsindən əvvəl də burada yaşamaları barədə dedikləriniz və “Qriqorian kilsəsinin mərkəzi Qaraqoyunlu hökmdarının razılığı ilə 1441-ci ildə İrəvan yaxınlığındakı Eçmiədzinə köçürülmüş və həmin vaxtdan etibarən Azərbaycan ərazisində yerləşmişdir” fikrinizlə tamamilə şərikəm. Amma “illərlə davam edən yanlışı” Şah İsmayılla bağlı xatırlatdığım araşdırma misalı bir məqalə-istiqamətlə niyə aradan qaldırmadınız ki? Və yaxud indi bu istiqamətdə niyə addımlar atılmamalıdır?

Bu məqamda xüsusi olaraq bir məsələni vurğulamalıyam: tarixi-elmi araşdırma ayrıdır, tarixi faktdan siyasi xadimlərin istifadəsi tamamilə ayrı. Siz bu iradı Prezident İlham Əliyevin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı qoyduqları və sonradan tarixi silmək üçün dağıtdıqları abidəni gündəmə gətirməsi və beynəlxalq aləmə elan etməsi fonunda nə üçün qabartmalısınız ki?

Tarixi faktlardan siyasi təbliğat vasitəsi kimi istifadə etmək siyasi xadimlərin əsas silahıdır və İrəvana iddia etdiyi kimi, o məşhur abidəni gündəmə gətirməklə də Prezident möhtəşəm bir kampaniya aparır. Elmi yanaşma isə tamamilə ayrı məsələdir, sizin dediyiniz istiqamətdə mütləq tədqiqat aparılmalı və fəxr etdiyimiz bütün tariximiz olduğu kimi ortaya qoyulmalı, Qaraqoyunluların bir ovuc erməni keşişə kilsə tikməsi qədər tolerantlığı göstərilməlidir. Ancaq bu məsələ məhz indiki məqamda bu cür ictimai şəkildə ortaya qoyula və 1979-cu il məşhur abidəsindən – tarixi və əlahəzrət faktdan siyasi istifadə imkanlarının qarşısına belə “elmi dəlillərlə” çıxmaq ciddi yanlışdır.

Siz bunu çox gözəl bilirsiniz, cənab akademik!

Alban abidələrinə qeyri-adekvat münasibət

Ramiz Mehdiyev problemləri qaldırmadan həllinin mümkün olmadığı barədə tam doğru bir münasibət də sərgiləyir (mediaya münasibətinə mütləq aşağıda toxunacağıq), ancaq təəssüf ki, tənqidləri Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyindən o tərəfə keçmir.

Hörmətli akademik, Mədəniyyət Nazirliyində Alban abidələrinə rüsvayçı münasibət, XİN-də xarici siyasətimizin uğursuz aparılması sizin PA rəhbəri olduğunuz dönəmdə baş verib. Etiraf edin ki, Mədəniyyət Nazirliyində, XİN-də və ümumiyyətlə, icra hakimiyyətlərindəki təmizləmə prosesləri də sizin PA-dan uzaqlaşmanızla başlayıb.

Mədəniyyət Nazirlyində abidələrimizə qeyri-adekvat münasibəti hətta AMEA prezidenti olaraq gündəmə gətirə və Alban abidələri ilə bağlı qəti mövqeyinizi proseslər başlamamışdan yox, hətta Mədəniyyət Nazirliyində DTX əməliyyatından sonra da ortaya qoya bilərdiniz. Etmədiniz! Halbuki bu abidələrlə bağlı birbaşa məsuliyyət həm də AMEA-nındır – bununla məşğul olan institutlarımız, alimlərimiz var. Məgər, bu problemi bilmirdinizmi?

Digər nazirlik və ya qurumlarımızda çatışmazlıqlar nədir və siz bunun aradan qaldırılması üçün nə edə bilərsiniz?

Mediamızın əxlaq və peşəkarlıq problemi

Yalnız media sizin üzərinizə gələndən və nəvənizə etdiyiniz toyla bağlı məsələni ictimailəşdirəndən sonra xatırladınız ki, mediamızda “əqidə, mənəviyyat, intellekt və əxlaq” dəyişməlidir.

Özünüzü də sığortalamısınız bu cümlənizdən qabaq və yazmısınız: “Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır”.

Mən artıq bu qədər böyük ittihama və mediaya qarşı olduqca aşağılayıcı münasibətə mütləq adekvat reaksiya verməliyəm:

Əziz və hörmətli Ramiz müəllim, Azərbaycan mediasının hazırkı durumuna görə birbaşa siz məsuliyyət daşıyırsınız – intellektlərin, milli düşüncə sahiblərinin, yalaq və yaltaq olmayanların, bu vətəni canı-qanıyla, təpədən dırnağa sevənlərin mediadan uzaqlaşdırılması, əvəzində intellekti, peşəkarlığı, əqidəsi olmayan, yalnız böyük miqyasda reketliklə məşğul olanların mediada mövqe tutmasında sizin birbaşa və müstəsna xidmətləriniz var. Mediada az-çox nə qədər peşəkar qalıbsa, onlar yalnız vətən sevgilərinə görə min bir əziyyətə dözərək mövcudluqlarını qoruyublar - sizin onların başına hansı bəlalar gətirdiyinizi isə bir ömür yazıb qurtara bilmərəm.

Digər zəruri çıxarışı edirəm sizin yazınızdan: “Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik?”

Tam məsuliyyətimlə bəyan edirəm, cənab akademik: Azərbaycan mediası auditoriyasını hər ay yox, hər gün də yox, hər saat genişləndirir, müxtəlif platformalarda mövqelərini anbaan gücləndirir. Azərbaycanın ciddi mediasına inam son illər inanılmaz şəkildə artıb; bunu sizə heç bir aqressiyasız, tam səmimi olaraq deyirəm və necə istəsəniz, hansı məqamda arzulasınız, bütün statistik göstəricilərlə sübut edə bilərəm.

Siz heç vaxt vətənini sevən, ləyaqətli, intellektual, özünüz demişkən, mənəviyyatlı və əqidəli jurnalistlərin və media qurumlarının arxasında durmamısınız: Heç vaxt! Sizin media haqda təsəvvürləriniz hər zaman yanlış olub və hazırda da yanlışdır.

Mənəviyyat və əxlaq dəyişmir, cənab akademik, bu keyfiyyət insanda doğulandan, media qurumunda isə yaranan gündən ya olur, ya da olmur. Siz “mənəviyyatsız doğulan” media qurumlarını bu vaxta qədər görməmisinizsə və onların “çiçəklənməsinə” “öz yetirmənizlə birgə” dəstək verdiyinizdən hələ də peşman deyilsinizsə, buna ancaq təəssüf edə bilərəm.

Siz hələ də “qəzet”, “jurnal” ifadələrindən əl çəkməmisiniz və medianın hazırkı inkişaf istiqamətindən tamamilə xəbərsizsiniz. Buna yaşınızın imkan vermədiyini çox gözəl anlayır və qəbul edirəm. Ancaq ittihamı səsləndirməzdən əvvəl mütləq araşdırma aparmağınız da vacibdir – siz axı akademiksiniz, ağsaqqallığa iddialısınız.

Son əvəzi

Heç vaxt qeyri-səmimi olmamışam – bütün karyeram boyu. Cənab akademik, siz buna çətin inanarsınız, ancaq dostlarım, yaxın ətrafın çox gözəl bilir: siz hətta məni məhv etmək istəyəndə belə (11 aylıq o prosesi xatılamaq belə istəmirəm, yalnız onu deyirəm: Siz çox gözəl bilirsiniz mənim haqda çıxardığınız həbs qərarınıza kim mane oldu – detallar lazım deyil) sizə qarşı heç bir aqressiyam olmayıb. Sizi bir dövlət adamı kimi qəbul etmişəm və düşünmüşəm ki, yanlış informasiyalardan yanlış qərar çıxarmısınız – halbuki hər şeyi dəqiqliklə öyrənmək üçün böyük resurslarınız vardı.

İndi də sizə heç bir qərəzim yoxdur – istərsəniz inanın, istərsəniz yox. Tam əksinədir, xüsusilə Şah İsmayılla bağlı məqalənizdən sonra.

Ancaq məni düşündürən fərqli məsələdir: Siz bu dövlətin yüzlərlə məmurunun arzuladığı, bəlkə də yuxusunda belə görmədiyi hörmət-izzətlə PA rəhbəri vəzifəsindən azad edildiniz və pensiyaya da göndərilmədiniz, bu ölkənin ən mötəbər elm ocağına rəhbər gətirildiniz.

Siz heç bir vəzifə daşımadığınız halda Təhlükəsizlik Şurasına öz adı ilə daxil edilən yeganə şəxssiniz – halbuki orda təmsilçilik vəzifəyə görədir.

Bu ölkənin ən yüksək titullarını daşıyırsınız, medallarınızı və təltiflərinizi yəqin ki, bir TIR zorla aparar. Sizin ağsaqqal olmağınıza nə mane olur?

Sizin məhz ağsaqqal statusu ilə TŞ-yə daxil edilməyinizin məsuliyyətini doğrudanmı bilmirsiniz?

AMEA rəhbəri olaraq hər gün 8 əmr, 9 fərman, 10 sərəncam imzalamaqdansa, niyə elmi müzakirələrlə bu son məqalənizdə hallandırdığınız problemlərin həlli istiqamətində addım atmırsınız? İndi aşağıladığınız mediaya nə zaman ağsaqqal tövsiyələrinizi etmisiniz?

Siz məqalənin sonunda qərəzli olmadığınızı xüsusi xatırladırsınız. Mən sidq-ürəklə sizin səmimiyyətinizə inanmaq istəyirəm.

Səmimiyyət, cənab akademik, səmimiyyət! Siz bu qədər böyük və ardarda məqalələrinizdə bu sözdən, səhv etmirəmsə, bir dəfə də istifadə etməmisiniz. Halbuki bu, cəmiyyətimizə çox lazımdır, vacibdir - hər şey səmimiyyətdən başlayır.

Nəvənizin toyuna görə niyə səmimi şəkildə cəmiyyətdən üzr istəmədiniz? Sizə bunca dəyər verən dövlətdən səhvə görə üzr istəmək bu qədərmi çətindir?

Niyə bu məqalələri və problemləri “nəvə toyu”ndan sonra qələmə alırsınız?

Hanı bu məqalələrdə səmimi etiraflarınız, yanlışlarınızı göstərməyiniz?! Əksinə, siz yazdıqlarınızın sizə qarşı çevriləcəyini bilərək, dərhal elə həmin məqalədəcə alibi axtarır, özünüzü sığortalamaq istəyirsiniz.

Ən əsası isə sizin kimi peşəkar siyasətçi bilməmiş deyil ki, yazdığınız ritorika “tənqidi media”nın və müxalifətin işidir. Media və müxalifətin işi əsasən həll yolunu göstərmək deyil, ittihamdır, suçlamadır, problemi göstərib, kənarda qalmaqdır.

Siz niyə bu ritorika ilə ittihamlar yağdırırsınız? Axı, bu ittihamlarınızın bir çoxu hətta PA rəhbəri vəzifəsində olduğunuz dövrə deyil, hazırkı fəaliyyətinizə aiddir! Nədir bu müxalif ritorikası?

Əxlaq, mənəviyyat, intellektdən qabaq səmimiyyət başlamalıdır, yanlışlarımızın etirafı olmalıdır.

Siz özünüzü indi hansı statusda görürsünüz, bilmirəm, ancaq dövlətin sizə verdiyi status və məsuliyyəti daşımağınız vacibdir.

Bunu etməyəcəyiniz halda heç kəsdən inciməyin...

Anar Niftəliyev



X