Ramiz Rövşən mənim tələbəlik illərindən üzü bəri neçə illik dostum, əqidə və mübarizə yoldaşımdır.
Ramizi oxuduğum ilk şeirinin bir misrasından sevmişdim. “Azərbaycan gəncləri” qəzetində rəhmətlik Qasım Qasımzadənin xeyir-duasıyla çap olunmuş şeirlərində o bir misra cazibə nöqtəsinə dönmüşdü, məni Ramizə bağlamışdı, elə bilirəm sonrakı uzun sirdaşlıq yollarınız da o bir misradan keçib gəlib.
“Dağlar uca boydur, qurban boyuna”.
Dağlardan yenicə qopub gəlmiş, duyğularının əsiri olan mənim kimi bir adama bir başqasının da dağların adam kimi uca boylu olduğunu görməsi və bəlkə də dədələrimizin çox-çox qədimlərə bağlı olan dağlara qurban vermək ənənəsini bilmədən özünü dağlara qurban deməsi – aradakı mənəvi birliyi görmək üçün yetərliydi.
Ramiz uca boylu dağlar və o dağlar haqqındakı ucaboylu misraları kimi tələbələr arasında aydın seçilirdi. Gur saçlarını tez-tez sığallayıb alnına, gözünün üstünə yaydığı ilk vaxtlar mənə özündən razılıq kimi görünmüşdü, amma sonra gördüm ki, saçlarıyla gözünü örtə-örtə gözünü dünyadan yığışdırır, içinə, öz dünyasına yönəldir. Çünki dünyada nə varsa, hamısının şəkli, sualı və cavabı insanın öz içindədir.
Bəlkə elə buna görə Bakıda yaşasa və “şəhər uşağı” olsa da, bizim hamımızdan daha artıq tərki-dünyaydı, Əmircandakı evinə-ocağına qapanıb qalmağı bacarırdı, dünyanı gəzmək həvəslisi deyildi, dünyasını özüylə gəzdirirdi.
Ramiz Rövşən yaradıcılığının, sözünün dəyərini bilsə də, son dərəcə təvazökar, özünü gözə soxmayan, söhbət dalınca qaçmayan, ötəri meyllərdən, ötəri həvəslərdən uzaq, mehriban, ancaq prinsiplərindən heç vaxt dönməyən, sözün əsl mənasında nadir və gözəl bir insandır.
Ramiz Rövşən şeiri XX yüzil ədəbiyyatımızın bu gün artıq qapanmış kitabının parlaq fəsillərindən biridir. Onun sözü böyük ilhamdan, böyük istedaddan və böyük ağrıdan doğulan sözdür, buna görə də böyük sözdür...
Yüz yol ah çək, dərd azalmaz,
Bir dərd yüz ahdan böyükdü.
Bir gecənin qaranlığı,
Yüz-yüz çıraqdan böyükdü.
Min illərdi ölə-ölə,
Ölüm nədi bilə-bilə.
Doğulursa insan hələ,
İnsan allahdan böyükdü.
Bu misralar Ramiz Rövşənin sözə münasibətini göstərmək baxımından xarakterik nümunədi. Ramiz yaşadığımız dövrün bütün ədəbi dəblərindən, axtarış və eksperimentlərindən keçib bir həqiqəti dərk edib: sözü çeşidli boyalarla böyütmək olmaz, sözü böyütmək üçün onun əslinə, mahiyyətinə, sehrli sadəliyinə enmək, onu canlandırmaq lazımdı. Cansız söz nə qədər böyük görünsə də, poeziya deyil, poeziya diri, canlı, sehrli sözlərin, nəfəs alan, yaşayan sözlərin sənətidir. Bu baxımdan Ramiz Rövşən sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan şairdir. O, həyatın, ölümün mahiyyətini araşdıran, kiçik həcmli nəğmələrində də insan ruhunun, sevgi və gözəlliyin fəlsəfəsini açan, bütün bunları poetik bir dəqiqliklə klassik bir söz nizamıyla ifadə edən şairdir...
Hara çıxır bu nərdivan,
Bəlkə yerdən göyə çıxır.
Kimi mahnı deyə-deyə,
Kimi söyə-söyə çıxır...
Çıxır qocası, cavanı,
Bir deyən yoxdur: “Dayan!”
Son ucu bu nərdivanın
Yenə o dünyaya çıxır...
Ramiz Rövşənin bütün nəğmələrində həyatın bu cür poetik dərki və ifadəsi var. Buna görə də onun yaradıcılığı bu gün türkdilli poeziyanın ön cərgələrində yer alır. Ramiz deyir:
Mən öləndə ağlamağa,
Bütün dostlar sağ ola kaş!
Son dərəcə doğma, insani duyğudur... Ancaq getdikcə bir həqiqət də görürük. Şairin əsl dostları onun yazdıqlarıdır. Bizdən sonra bizə ağlayan da, ölümsüz saxlayan da yazılarımız olacaq...
Sabir Rüstəmxanlı