Ru
14:08 / 15 Dekabr 2025

Ruhumuzun qanadlandığı gün - 15 dekabr

Ruhumuzun qanadlandığı gün - 15 dekabr
Eye

15 dekabr 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim yazılı abidələrindən biri olan Orxon Yazılarının əlifbasını deşifrə etməsi haqqında uğurunu elan etdi. Bu tarixə qədər isə bu kitabələr haqqında 1889-cu ildə rus tədqiqatçısı Nikolay Mixayloviç Yadrintsev də Monqolustanın Orxon vadisində aşkar edilmiş daş yazılar haqqında bilgiləri toplamışdı.

Lakin 15 dekabrın seçilməsi xüsusilə əhəmiyyətlidir. Bu tarix türk dili ailəsinin dərin köklü tarixini və ortaq mədəni irsini nümayiş etdirən bir dönüş nöqtəsi oldu. Bu səbəbdən də bir ay əvvəl bu gün UNESCO tərəfindən "Dünya Türk Dili Ailəsi Günü" kimi elan edildi.
Monqolustan çöllərində Tanrının qoruyub saxladığı daş yaddaşımız ilk dəfə dünyaya danimarkalı alim tərəfindən bəyan edildi. Tanrı o sirrləri, o isbatları istəyəndə hər cür tufandan, borandan, seldən qoruyur. Sərt kontinental hava iqliminə malik olan bu sirli çöllər, Orxon vadisinin Koşo Çaydam Oymağı və Ögi gölünün cənubunda, Selenqa çayının yaxınlığındakı Orxon yazıları, İltəriş Xaqan, Bilgə Xaqan, Kul Təkin və Tonyukük kitabələri daş səbri ilə min illər boyu dayanıb, tarixixmizi bizə tanıtmaq məqamını gözlədilər.

Buna qədər də qədim tarixi mənbələrdə bu daş kitabələrin olması haqqında məlumatlar var idi. XIII yüzildə yaşayan moğol tarixçisi Ələddin Ata Məlik Cüveyni “Tarixi Cihan guşa” adlı əsərində bu daş kitabələrdən söz açır. Çin qaynaqları da bu kitabələrin Orxon vadisində olduğu haqqında bilgiləri bu günə qədər qoruyub saxlayır. Yalnız 1721-ci ildə taxta çıxaraq Rusiya İmperiyasını elan edən Rus Çarı I Pyotr türk torpaqlarına daha tez sahib olsun deyə, Sibirin bitki örtüyünü öyrənmək üçün Sibir və Monqolustana ekspedisiya göndərir. Ekspedisiyanın rəhbəri Daniel Qottlieb Messerşmidt, Rusiyada cəza çəkən isveçli hərbçi Con Von Starhlenberg ilə birlikdə Yenisey kitabələrindən birini görürülər. Bu xəbəri I Pyotra çatdırırlar. Bir il sonra, 1722-ci ildə cəza müddəti bitən hərbçi Con Von Starhlenberg vətəninə dönür. Və cəza çəkdiyi illər haqında xatirələrini yazır. Orxon kitabələri haqqında da bu kitabda qeydlərini edir. Beləcə 1730-cu ildə Stokholmda həmin kitab elm aləminin diqqətini çəkir. Ruhumuzu özündə daşıyan, gücümüzün, ədalətimizin şahidi olan o daş kitabələr haqqında xəbərlər beləcə kitabxanalarda, arxivlərdə gizlin qaldı. Nə çinlilərin kitabxanalarından xəbərimiz oldu, nə də danimarkalı alimlərin yazdıqlarından.
Çar Rusiyası və Sovet Rusiyası isə türklüyümüz haqqında informasiyaları elə daş kimi səssiz və gizlin saxladı.

4 noyabr 2025-ci il Səmərqənd şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasında YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə “15 dekabr - Dünya Türk Dili Ailəsi Günü” elan edildi.

Bu xəbər ruhumuzu qanadlandırıb Orxon vadisinə uçurdu, desəm, səhv etmərəm. Orxon vadisinin cazibəsini orada olanlar, o daş kitabələrə barmaqlarını toxundurmaq üçün gedənlər bilir. Bu xoşbəxtlik mənə 2016-cı ilin avqust ayında nəsib oldu. Həmin dövrdə Beynəlxaql Türk Akademiyasının prezidenti vəzifəsini daşıyan , hazırda isə Qazaxıstan Palamentinin senatoru olan akademik Darxan Kıdırəlinin dəvəti ilə mən də Monqolustan ekspedisiyasına qoşuldum. Dünyanın bir neçə ölkəsindən gəlmiş tanınmış türkoloqlar, dilçilərlə birlikdə 7 gün Orxon vadisində, Monqolustan çöllərində gəzib, Ötükəndə həmin cazibənin sehrinə daldıq. İltəriş Xaqandan, Bilgə Xaqandan, Kul Təkin və Tonyukükdən qalan daş kitabələri gördük, qucaqladıq, sözü yazılan o sətrə toxunduq.

Tonyukuk kitabəsi 716-cı ildə, Kül Təkin kitabəsi 732-ci ildə və Bilgə Xağan kitabəsi 735-ci ildə ucaldılıb. Kitabələrin yanındakı ayaq üstə duran daşlar deyil, həm də yüzlərlə heykəl, balbal (daş fiqurlar), şəhər xarabalıqları, daş yollar, su kanalları, qoç və tısbağa heykəlləri və qurbangah daşlarını öz gözlərimizlə gördük.
Bu ekspedisiyadan qayıtdıqdan sonra “Ötükən və Kur Şad” adlı dastan yazdım. O müqəddəs yerlər, Göy Türk xaqanlığını quran böyük babalarımızın, əcdadlarımızın ruhu dolaşan məkanlarda o qədər saflaşdıq, durulaşdıq ki, bu ekspedisiya üzvlərinin hər biri üçün ən böyük , ülvi və müqəddəs ziyarət oldu.

Dünyanın çox ölkələrində gəzib, tarixi memarlıq abidələrini görmüşəm. Ancaq könlümə Ötükən qədər yaxın heç biri olmadı. Bu günə qədər də məndən soruşanda ki, ən gözəl səyahət marşrutun hara olub? Cavab verirəm ki, Monqolustandakı Şviit Ulan iqamətgahı və Orxon vadisindəki Koşo Çaydam oymağı, Ötükən çölləri. Ruhuma heç bir tikili abidəsi olmayan Oxhon vadisi, Selenqa çayı, Ötükən çölləri qədər doğma olan heç bir yer ola bilməz.

O gündən bu günə kimi, hər zaman başımda bir fikir dolaşır: görəsən, Azərbaycanda Orxon vadisindəki daş kitabələrimizin maketləri nə zaman təhsil ocaqlarımızın qarşısını, böyük istirahət guşələri və meydanlarımızda ucaldılacaq. Baxmayaraq ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinə və Bakı Dövlət Universitetinə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli tərəfindən 2019-cu ildə bu təklif verilımişdi. Lakin təklif olaraq qaldı, kimsə bu gözəl təşəbbüsü həyata keçirmək üçün əlini və qələmini tərpətmədi.
Əgər UNESCO Vilhelm Tomsonun oxuduğu türk xaqanlarından qalan daş kitabələrinin oxu tarixini “15 dekabr - Dünya Türk dili ailəsi günü” elan edirsə, deməli bu çox əhəmiyyətli bir işdir.
Əgər biz 2026-cı ildə I Türk Qurultayının 100 illiyini keçiririksə, elə o tarixə qədər Azərbaycanın görməli yerlərində o daş kitabələrimizin, ilk türk əlifbası yazılan kitabımızın maketlərini yerləşdirsək, bu da 100 illiyə böyük bir töhfə olar. Həm də gənc nəsil bu əlifbanı öyrənər, o kitabələrdə yazılan ulu sözləri, ulu tarixi bilər. O daş kitabələrdə yazılan məktubları oxuduqca, babalarımızın necə müdrik, necə böyük, necə mərd olduğunu görürük. Hər bir məktəbli, hər bir gənc Göytürk əlifbasını öyrənməli, V-VI əsrdən bizə miras qalan irsimizə sahib çıxmalıdır.
Əgər Azərbaycan Prezidenti, türk tarixinə Zəfər səlnaməsini yazan İlham Əliyev “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyirsə, o zaman onun bu fikrininin tarix boyu yaşaması üçün, biz türk tarixinin ən görkəmli abidələrini ölkəmizə gətirib, park və meydanlarda ucaltsaq, milli düşüncəmizdə yeni bir səhifə açmış olarıq. Zaman-zaman ərəb-fars əlifbasına görə itirdiklərimizi, yenidən bərpa etmiş olarıq. Biz gənc nəslə Türk dillərinin qədim yazılı abidələri olan - Orxon-Yenisey kitabələrini, “Divani Lüğət-it-Türk” və “Qutadqu Bilik”də yazılanları ötürməliyik. Belə edəriksə, öz milli kimliyimizə, tariximizə sahib çıxacağıq. Ruhu türk dili ailəsinə yaxın olan bütün millətlərə və xalqlara, dostlara deyirəm ki, 15 dekabr- Dünya Türk dili ailəsi günümüz kutlu olsun!

Aida Eyvazlı Göytürk, jurnalist, İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar