Hərbi əməliyyatların yenidən qızışdığı bir ərəfədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki daşınmaz əmlaklarının zərbələr üçün qanuni hədəf olduğunu bəyan edib.
"Bakupost" xəbər verir ki, hədəf siyahısına Trampın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı qolf klubları, göydələnləri, Dubaydakı "Trump International Hotel & Tower", Ciddədəki "Trump Plaza" və Ər-Riyaddakı "Trump Tower" kimi nəhəng layihələr daxildir.
SEPAH doğrudanmı Trampın obyektlərinə zərbələr endirə bilər?
Siyasi şərhçi Əlimusa İbrahimov
"Bakupost"a bildirib ki, artıq tərəflər daha ciddi hədəfləri vurmaqla bağlı ya xəbərdarlıq edir, ya da artıq vururlar:
“ABŞ-nin İranın enerji sektoru və körpülərə zərbələr endirməsi dediyimizə sübutdur. Amerika ordusu İrandakı su təmizləmə sistemini atəşə tutub”.
Ekspert hesab edir ki, İranın bu baxımdan öz hücumlarının arenasını genişləndirməkdən başqa çıxış yolu yoxdur.
Onun sözlərinə görə, Trampın obyektlərinə zərbələrlə hədələməkdə İranın məqsədi ABŞ-ni hücumları dayandırmağa məcbur etməkdir:
“Tehran hesab edir ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi kontingentini atəşə tutmaqdansa, ərazidəki təsərrüfat, sənaye strukturlarını atəşə tutmaq daha asandır. İranın bölgədəki ABŞ hərbi bazaları və İsrailin hərbi obyektlərinə zərbələri yüksək səviyyədə zərərsizləşdirilir. Ona görə də Tehran boşluq hesab etdiyi obyektlərə zərbələr endirməyi düşünür. Trampın Körfəzin ərəb ölkələrindəki obyektlərinə zərbə hədələrilə İran düşünür ki, ABŞ-nin daha geniş miqyaslı hücumlarının qarşısını ala biləcək”.
Müsahibimiz bildirir ki, İran bu hədədən işə keçə bilər:
“Tehranın hədədən Son hadisələr göstərir ki, İran sözügedən hədəfləri vurmaqda israrlıdır. Yəni İran hədədən işə keçə bilər. Təbii ki, Trampa məxsus sözügedən obyektlərə zərbələr həm Trampın özü, həm ABŞ, həm də Körfəz ölkələri üçün ciddi nəticələr verə bilər. ABŞ İranla bu və ya digər formada razılığa gəlməsə, müharibənin arealı daha da genişlənəcək və Trampın bölgədəki obyektləri də zərər görəcək”.
Rüfət Sultan,
BakuPost