Ru
16:33 / 14 Fevral 2022

Sevgililər Günü - İslamda haramdır, yoxsa...? - İlahiyyatçıdan açıqlama

Sevgililər Günü - İslamda haramdır, yoxsa...? - İlahiyyatçıdan açıqlama
Eye

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 14 fevral Sevgililər Günü kimi qeyd edilir.


Bəziləri bu günü xüsusi olaraq qeyd etsələr də, bəziləri isə bu tarixi bayram kimi qəbul etmir.

Daha çox orta və yaşlı nəslin nümayəndələri bu günün xristianlıqdan keçdiyini və dinimizdə məqbul sayılmadığını deyirlər.


Bəs ilahiyyatçılar nə düşünür? Dində bu məsələ necə şərh olunur?


Məsələ ilə bağlı Bakupost.az –a danışan ilahiyyatçı Tural İrfan deyir ki, dinimizdə 14 fevral haram sayılmır:


“İslam dinində ən əlamətdar bayram Qurban və Ramazan bayramıdır. Bunların bayram günü kimi keçirilməsi, insanların bir-birinə yardım etməsi buyurulan əməllərdəndir. 14 fevral Sevgililər Günü İslam dinində yoxdur, heç xristianlıqda da yoxdur. 14 fevral zaman keçdikcə formalaşmış əlamətdar gündür. Lakin bunu haram kimi qələmə verə bilmərik. Əgər həmin gün insanlar yaxşı əməllərlə məşğul olursa, sevənlər bir-birini sevindirirsə, hədiyyələr alırsa, xoş münasibətdə olursa, İslam bu cür əməlləri təqdir edir. Hz. Əli (ə.s) buyurur ki, bayram o gündür ki, insan Allaha qarşı çıxmasın. Hər bir insanın Allaha üsyan etmədiyi gün onun üçün bayramdır”.

İlahiyyatçı bildirib ki, 14 fevral xalqın mentalitetinə uyğundursa, narazılıq yaratmırsa, dinimiz bu cür günlərin olmasını, insanların bir-birinə sevgi bəxş etməsini təqdir edir:

“İnsan həmin gün yaxşı işlər görüb, xeyirli əməllər edirsə, o gün onun bayramıdır. Bu prizmadan yanaşsaq, 14 fevral Sevgililər Günü xalqımızın mentalitetinə uyğundursa, cəmiyyətdə hansısa bir narazılıq, narahatlıq, əxlaqsızlıq nümunəsi ortaya qoymursa, bu müsbət haldır.

Şərt o deyil ki, Qurani-Kərimdə hökmən Sevgililər Gününə aid ayə olsun. Quranın özünün ortaya qoyduğu bir nizam var. O nizamı tərəzi ilə ölçəndə görürük ki, istər xristianlıqdan, istərsə də buddizimdən keçsin fərq etməz, həmin gün xalqımıza bir sevinc bəxş edilirsə, niyə də keçirilməsin...!?".



T. İrfan qeyd edir ki, dinin əsas qayəsi insanların ilin bütün günlərini, zamanlarını məhz bir-birinə qarşı hörmət, sevgi bəxş edərək keçirməsidir:

“İmam Sadiq (ə.s) deyir ki, din yalnız məhəbbət deməkdir. İndi hərə bir cür bunu şərh edə bilər. Məhəbbət insanların bir-birinə rəğbəti, sevgisi, hörməti kimi dəyərləndirilir. Bu baxımdan şübhəsiz ki, onu gətirib bir günə bağlamaq düzgün deyil. Sadəcə əlamətdar bir gün olaraq qeyd edirlər ki, həmin gün insanlar bir-birilərinə yüksək diqqət göstərirlər. Bu da təqdir olunası addımdır”.


Fəridə
Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar