Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda təbrizli gənc şair Əli Çağlanın "Katarina" adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib .
Bakupost.az xəbər verir ki, təqdimatda AYB sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri - cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney və Quzey Azərbaycan arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Qeyd edək ki, Əli Çağlanın sözügedən həmin kitabı Bakıda "Yarasa" nəşriyyatında, daha sonra isə Türkiyənin Ankara şəhərində "Efsun" nəşriyyatında çap olunub.