Ru
11:26 / 11 Fevral 2026

Tramp bölgəyə daha bir aviadaşıyıcı göndərə bilər – İkinci donanma gündəmdədir

Tramp bölgəyə daha bir aviadaşıyıcı göndərə bilər – İkinci donanma gündəmdədir
Eye

ABŞ Prezidenti Donald Tramp İranla hazırda davam edən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə Yaxın Şərq bölgəsinə ikinci bir aviadaşıyıcı zərbə qrupunun göndərilməsinin nəzərdən keçirildiyini açıqlayıb.

Bakupost.az “Axios”a istinadən xəbər verir ki, portala müsahibə verən Tramp İranla aparılan danışıqlarla bağlı dəyərləndirmələrini bölüşüb. O bildirib ki, müzakirələr nəticəsiz qalarsa, mümkün hərbi əməliyyata hazırlıq çərçivəsində bölgədəki hərbi mövcudluq artırıla bilər.

“İranla ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi çox sərt tədbirlər görməli olacağıq”, – deyə Tramp vurğulayıb və danışıqların ikinci raundunun gələn həftə baş tutacağına ümid etdiyini bildirib. Bölgədəki hərbi fəallığa toxunan ABŞ prezidenti, “Ora doğru hərəkət edən bir donanmamız var və daha biri də göndərilə bilər”, – deyərək ikinci aviadaşıyıcı zərbə qrupunun gündəmdə olduğunu qeyd edib.

Tramp bildirib ki, İran əvvəllər ABŞ-ın hərbi hücum həyata keçirəcəyinə inanmayıb. Bununla yanaşı, ABŞ-ın İranın nüvə obyektlərini hədəf aldığını xatırladaraq, “Budəfəki danışıqlar fərqlidir”, – deyə əlavə edib. ABŞ prezidenti mümkün razılaşmanın yalnız nüvə proqramı ilə məhdudlaşmamalı olduğunu, İranın ballistik raket proqramını da əhatə etməli olduğunu vurğulayıb.

Bu gün ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşəcək. Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl verdiyi açıqlamada İranla ABŞ arasında gedən danışıqlarla bağlı olaraq “İsrailin mövqeyini və prinsiplərini çatdıracağını” bildirib.

ABŞ və İran nümayəndələri fevralın 6-da Omanın paytaxtı Maskatda bir araya gəliblər. Görüşlərin konstruktiv keçdiyi açıqlanıb. 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlardan sonra dayandırılan nüvə danışıqları Maskatda yenidən bərpa olunub.

Danışıqlar Tehranla Vaşinqton arasında gərginliyin artdığı və ABŞ-ın bölgədə hərbi yığıncağını gücləndirdiyi bir dövrdə baş tutub. Müzakirələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ tərəfinə isə Prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Maskatdakı təmaslardan sonra bildirib ki, “İran və ABŞ arasında aparılan danışıqlar tərəflərin müzakirələri davam etdirmək barədə razılığa gəlməsi ilə başa çatıb”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar