ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotik trafikinin qarşısının alınması ilə bağlı təzyiqləri artırdıqlarını bəyan edib. Ağ Evdə keçirilən mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp yaxın vaxtlarda “qurudan da zərbələrin” başlana biləcəyini bildirib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, onun hakimiyyəti dövründə Venesueladan ABŞ-a daxil olan narkotik axını 91% azalıb və bu nəticə Ağ Evin həyata keçirdiyi sərt siyasətin nəticəsidir.
“Venesuela bizə narkotik göndərir, həm də göndərməməli olduğu insanları göndərir”
“Maduro sizin təzyiqlərinizə cavab verir?” sualına cavabında Tramp, “Bu, sadəcə təzyiq deyil. Onunla qısa danışıq apardım və müəyyən məsələləri açıq şəkildə bildirdim. Nəticəsini görəcəyik. Venesuela bizə narkotik göndərir, həm də göndərməməli olduğu insanları göndərir”, – deyib.
ABŞ lideri bölgədə narkotik daşıdığı iddia edilən qayıqlara və katerlərə qarşı son hərbi əməliyyatları xatırladaraq, “Tezliklə quru əməliyyatlarına da başlayacağıq” deyib. Onun bu sözləri Venesuelaya qarşı mümkün yeni hərbi təzyiq mərhələsi kimi qiymətləndirilir.
Tramp ABŞ ictimaiyyətində son günlər müzakirə olunan və yaralı iki şəxsin ikinci hücum zamanı öldürülməsi məsələsinə də münasibət bildirib.
“Siz bu addımı dəstəkləyirsinizmi?” sualına o, “Xeyr, bunu dəstəkləmirəm. Amma həmin qayıqların vurulması qərarını dəstəkləyirəm. Çünki o qayıqları idarə edənlər ölkəmizdə insanları öldürməyə çalışan cinayətkarlardır”, – cavabını verib.
Cavid, BakuPost